reklam
Regionxeberlericom.az » Siyasət » Sərhəddə nə baş verir? - GƏLİŞMƏ

reklam

Sərhəddə nə baş verir? - GƏLİŞMƏ



Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 10-11-də Azərbaycana səfərindən və Şuşada keçirilən “Xarı bülbül” musiqi festivalından sonra Ermənistanla sərhəddə gərginliyin baş verməsi təəccüblü olmadı. Çünki Rusiyanın baş diplomatı Bakıdan istədiyi cavabı almamışdı, hətta prezident İlham Əliyev səfərdən bir gün əvvəl dövlət televiziyasına müsahibə verərək Lavrovun müzakirə etmək istədiyi bir sıra məsələlərə bəri başdan rədd cavabı vermişdi. Söhbət Moskva ilə Paris arasında razılaşdırılan və Rusiya XİN tərəfindən elan olunan birgə təşəbbüslərdən gedir. Fransa və Rusiya Minsk Qrupunun fəaliyyətinin bərpa olunmasını, Dağlıq Qarabağın yekun statusunun bu çərçivədə müəyyənləşdirilməsini və hərbi əsirlərin (diversantların) geri qaytarılmasnı istəyir. Prezident Əliyev tənqidi bəyanatını Fransa üzərində qursa da, məlumdur ki, mesajın ikinci ünvanı Rusiya idi.

Bundan bir gün sonra Azərbaycan dövlət başçısı Rusiya xarici işlər nazirini qəbul edərkən diversantlar məsələsində mövqeyini onun üzünə dedi:

“Hərbi əməliyyatlar başa çatdıqdan sonra müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Bu altı ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik. Müqayisə üçün deyim ki, Birinci Qarabağ Müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub”.

Lavrov bəlkə də ilk dəfə idi ki, Bakıda belə münasibətlə üzləşmişdi. Həmkarı Ceyhun Bayramovla görüşdən sonra azərbaycanlı jurnalistlər onu sual yağışına tutmuşdular. Media nümayəndələri Lavrovdan Rusiyanın Qarabağdakı özbaşınalıqlarına dair izahat istəyirdilər. Qonaq bu isrardan narahatlığını gizlətmədi.

Bu səfərdən iki gün sonra Azərbaycan prezidenti və ölkənin siyasi, mədəni elitasının iştirakı ilə Şuşada “Xarı bülbül” musiqi festivalı keçirildi. Əlbəttə, bu, təkcə mədəniyyət tədbiri deyildi, işğaldan azad edilən mədəniyyət paytaxtında Azərbaycanın qələbəsinin və burada əbədi varlığının nümayişi idi. Festival şübhəsiz ki, Azərbaycanla yanaşı, Ermənistanda da izlənilirdi və seçkiqabağı çətin vəziyyətlə üzləşmiş Paşinyan hakimiyyəti üçün böyük zərbə idi. Çünki Ermənistan hökumət başçısının Şuşada yallı getməsindən cəmi bir il sonra Azərbaycan həmin məkanda təntənəli musiqi bayramı keçirirdi. Bu hadisənin seçki kampaniyasına vurduğu zərəri kompensasiya etmək üçün Paşinyan “Azərbaycan Ermənistanı işğal edir” kimi təxribatçı açıqlamaya ehtiyac duya bilərdi.

Beləliklə, dünən Azərbaycan-Ermənistan sərhədində baş verənlərə və onun ətrafında qaldırılan hay-küyə qayıtsaq, hər şey gecə saatlarında Ermənistan baş nazirinin Təhlükəsizlik Şurasının təcili keçirilən iclasında verdiyi bəyanatdan başladı. Baş nazir Azərbaycan hərbçilərinin Ermənistan ərazisinə daxil olaraq 3,5 km irəlilədiyini bildirib, buna görə də xarici işlər naziri, müdafiə naziri və Təhlükəsizlik Şurası katibinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə bağlı tapşırıq verdi. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal açıqlama yayaraq sərhəddə baş verənlərə aydınlıq gətirdi və Ermənistanı təxribatçı əməllərindən çəkinməyə çağırdı. Bəyanatda deyilir ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistanla həmsərhəd bölgələrində çətin dağ relyefi və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir:

“Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir. Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir. Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik”.

Amma görünür, rəsmi Bakının bu izahı qanedici olmadı, ilk növbədə Frnsa prezidenti Emmanuel Makron ölkəsinin bərpa etməyə çalışdığı bitərəf vasitəçi missiyasını unudaraq Azərbaycanı işğalçılıqda ittiham etdi. Fransanın reaksiyası bununla yekunlaşmadı, Makron Paşinyana telefon açıb, sərhəddəki durumu müzakirə etdi. Bunun ardınca;

– Rusiyanın xarici işlər naziri Lavrov Ermənistan XİN rəhbəri Ayvazyanla telefonla danışıb, ardınca Ceyhun Bayramova zəng edərək vəziyyəti müzakirə etdi;

– ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan və Azərbaycan XİN rəhbərlərinə zəng etdi;

– ABŞ Dövlət Departamenti sözçüsü Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırdı;

– ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Menendez və bir neçə ermənipərəst Konqres üzvü Azərbaycanın əleyhinə çağırışlar etdilər;

– Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə bağlı sənəd imzaladı;

– KTMT açıqlama yayaraq hadisələrin gedişatından asılı olaraq, zərurət yaranarsa, müvafiq addımlar atılacağını bildirdi;

– Paşinyan Ruisya prezidenti Putinə telefon etdi…

Beləliklə, Paşinyanın qaldırdığı hay-küyün, maraqlı tərəflərin ona reaksiyasının səbəbləri aydın olur:

– Paşinyan seçkiqabağı aldığı zərbəni kompensasiya etmək istəyir;

– Fransa rəhbərliyi bu məsələdə Paşinyana açıq dəstək verir və eyni zamanda Azərbaycanı təzyiq altında saxlamaq siyətini daha da gücləndirir;

– Azərbaycandan istədiyini ala bilməyən Rusiyanın maraqları aydındır, bu barədə yuxarıda ətraflı bəhs olunub. Qısaca onu qeyd edək ki, Moskva məsələni böyüdüb, rəsmi Bakını daha da sıxışdıraraq, onu qoyduğu tələblərlə razılaşdırmağa çalışır.

– ABŞ və ATƏT-in mövqeyi isə ənənəvi xətdən kənara çıxmayıb, onlar gərginliyin yenidən hərbi müstəviyə çıxmasını istəmirlər.

Azərbaycanın bu situasiyada əsas hədəfi soyuqqanlı, təmkinli siyasət yürütmək, strateji müttəfqi Türkiyə ilə məsləhətləşmələrə başlayıb, ehtiyac olarsa, birgə addımlar atmaq olmalıdır. //pressklub.az//


Paylaş:


Müəllif : Tarix:
15-05-2021, 09:13
Sikayət   


loading...
Загрузка...