reklam
Regionxeberlericom.az » Siyasət » Sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirilsə… - GƏLİŞMƏ

reklam

Sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirilsə… - GƏLİŞMƏ



Azərbaycan-Ermənistan sərhədində beynəlxalq müşahidəçilər yerləşdirilsə proseslərə bir faydası olarmı?

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhədin mübahisəli sektorunda beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çağırıb.

O Ermənistan Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasında deyib ki, təxribatlar aradan qaldırılmasa, bu, genişmiqyaslı toqquşmaya səbəb ola bilər:

“Müşahidəçilərin olması hər iki tərəfin razılaşmanın şərtlərinə əməl etməsini təmin edər. Müşahidəçilər sərhəd məntəqələrinin müəyyənləşdirilməsindən sonra yerləşdirilməlidir. Azərbaycan həqiqətən də sərhəd məntəqələrini müəyyənləşdirmək istəyirsə, o belə bir plandan imtina etməməlidir. Bu bəyanatımı rəsmi mövqe kimi Rusiyaya, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə və Azərbaycana ünvanlayıram. Ümid edirəm ki, bu təklif qəbul olunacaq. Əgər biz bu yolla getməsək vəziyyət nəzərətdən çıxacaq”.

Nikol Paşinyan bildirib ki, sərhədin mübahisəli hissələrində Rusiya və ya ATƏT-in Minsk qrupuna həmsədr olan daha iki ölkənin - ABŞ və ya Fransanın müşahidəçiləri yerləşdirilə bilər. Paşinyan Zod-Xəznəvar sektorunu nəzərdə tutduğunu bildirib.

Hələlik Azərbaycan hökuməti Paşinyanın bu çağırışına rəsmi münasibət bildirməyib.

ATƏT-in Minsk qrupunun və ABŞ Dövlət Departamentinin mayın 27 və 28-də verdikləri bəyanatda bu qurumlar tərəflərə sərhədin demarkasiyasında dəstəyə hazır olduqlarını deyiblər.

Lakin bu bəyanatlarda müşahidəçilərin yerlərşidirlməsi məsələsinə toxunulmayıb.

Amma ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde öz Twitter hesabında Azərbaycan - Ermənistan sərhədində baş verənlərlə bağlı yazıdığı statusda narahtlığını bildirib.

O qeyd edib ki, ATƏT dialoq mühitinin yaradılmasından ötrü köməyə, inam yaranması üçün tədbirlər görməyə hazırdır.

“Ən yaxşısı ATƏT-dir”

Prezidentin sərəncamı ilə yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi idarə heyətinin sədri Fərid Şəfiyev AzadlıqRadiosuna qısa şərhində bildirib ki, sərhəd məsələsinə ABŞ-ın cəlb olunmasının tərəfdarı deyil:

“Bizim statusumuz fərqlidir. Şəxsən düşünürəm ki, ABŞ son zamanlar qərəzli mövqe nümayiş etdirir. Ona görə sərhəd məsələsinə cəlb edilməsinin tərəfdarı deyiləm. Bu mənim şəxsi fikrimdir”.

ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç isə düşünür ki, sərhədə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi yaxşı ideyadır. Amma onun fikrincə, burada tərəflərin masa arxasına gəlməsi və danışıqlar aparması daha önəmlidir:

“Bu asan olmayacaq. Rusiya bunu istəməyə bilər, Türkiyə nəsə istəməyə bilər. Son vaxtlar isə daha bir oyunçu ortaya çıxıb, İran. İran nələrisə istəməyə bilər. İran Azərbaycan və Ermənistanla sərhədinin dəyişəcəyindən narahatdır, öz təsir gücünün azalmasını istəmir. Region çətin regiondur, bu proses asan olmayacaq. Amma düşünürəm ki, tərəflər sülh danışıqlarına hazır olsalar, danışıqlar masasına gəlsələr, nəticə əldə edə bilərlər. Mən düşünürəm ki, beynəlxalq mexanizm kimi ATƏT-in Minsk qrupu regionda təcrübəli təmsilçi kimi ən yaxşısıdır”.

Onlar Dağlıq Qarabağın statusunu yada sala bilərlər

Azərbycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, son günlər sərhəddə baş verənlər Ermənistan daxilində qərbpərəstlərlə, rusiyapərəstlərin mübarizənin təzahürüdür. Onun fikrincə, özəlliklə Qarabağdakı 44 günlük müharibədən sonra Nikol Paşinyanın və Ermənistan cəmiyyətinin Rusiyaya inamı itib. Tofiq Zülfüqarovun fikrincə, Paşinyan fərqindədir ki, qərbyönümlü siyasətinə görə Rusiya onu cəzalandıra bilər:

“Bu məsələlər də ilk növbədə Zəngəzur dəhlizinə aiddir. 10 noyabr razılaşmasına əsasən, məhz həmin ərazidə kommunikasiya xətləri açılmalı idi. Bu təhlükənin qarşısını almaq üçün Ermənistan durumu gərginləşdirir. Qərbin diqqətini cəlb eləmək üçün orada münaqişə ocağı yaratmağa çalışır. Məqsəd də Qərb qüvvələrinin, vasitəçilər, müşahidəçilər, ola da bilər ki, sülhməramlıların iştirakı ilə Ermənistan sərhədini qorumaqdır”.

Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan indiki mərhələdə Qərb müşahidəçilərinin hadisələrə müdaxiləsini istəmir. Çünki onlar sonradan başqa məsələləri də, məsələn Dağlıq Qarabağın statusu məsələsini də gündəmə gətirə bilər.

Mayın 12-dən Azərbaycan və Ermənistan sərhədində başlayan gərginlik səngimir. Yerevan iddia edir ki, Azərbaycan ordusu dövlət sərhədini pozub Ermənistan ərazisində postlar qurur. Bakı isə bunun yalan olduğunu, hələ sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini bildirir.


Paylaş:


Müəllif : Tarix:
29-05-2021, 09:35
Sikayət   


loading...
Загрузка...