reklam
Regionxeberlericom.az » Siyasət » “Yeni müharibə qaçılmazdır...“

reklam

“Yeni müharibə qaçılmazdır...“


Siyasi elmlər üzrə fəlsəfə doktoru, Erciyes Universitetinin (Türkiyə, Kayseri şəhəri) Erməni Araşdırmalar Bölümünün rəhbəri Qafar Çaxmaqlı Musavat.com-a geniş müsahibə verib. Qardaş ölkədə çalışsa da, Azərbaycan mətbuatı ilə sıx əlaqələrini mütəmadi olaraq davam etdirən araşdırmaçı alim müxtəlif mövzularla bağlı suallarımızı cavablandırıb.

- Qafar bəy, sizi Bakıda xoş gördük! Çalışdığınız universitetdən ayrılıb yay tətilində Azərbaycana gəlişiniz artıq ənənə halını alıb. Bu yerdə qeyd edim ki, bir çoxları tətili Türkiyədə keçirmək haqda düşünüb, planlar qurduğu halda, siz Bakını seçirsiniz...

- Xoş gördük Elşad bəy. Adətən, yay aylarını Bakıda keçirirəm. Zatən, ilboyu Türkiyədəyik və demək olar ki, Türkiyənin hər yerində olmuşam. Bizim tətil vaxtımız da bu zamana düşdüyündən məcburən Azərbaycana gəlirəm. Sizin kimi dostları, həmkarları görmək və oturub söhbət etmək mənim üçün əsil istirahətdir. Mənim istirahətlə, tətillə bağlı bir prinsipim var. Dincəlmək, istirahətə getmək o adam üçün lazımdır ki, o, gərgin işləyir, yorulur və enerjisini bərpa etmək üçün istirahətə, dincəlməyə ehtiyacı olur. Elə adam var ki, ilboyu heç bir iş görmür, amma istirahət etmək istəyir. Belələrinə zarafatla deyirəm: sən nə iş görmüsən ki, indi dincəlmək istəyirsən?

- Maraqlıdır, yay tətilini Azərbaycanda keçirmək necə hissdir? Qiymətlər, turizm imkanları və sair baxımından soruşuram. Axı, Türkiyə turizm ölkəsidir…Heç müqayisə aparırsınızmı?

- Əlbəttə, hələ turizm standartlarına uyğun deyilik. İnsanları cəlb eləmək üçün ucuzluq lazımdır, xidmət mədəniyyəti yüksək olmalıdır. Turizmdən gəlir götürən ölkələr bunları vaxtında edə biliblər. Gərək biz daha yeni üsullara əl ataq ki, bu bazardan pay ala bilək. Amma onu da deyim ki, xaricdən gələn adam üçün heyrətləndirici məqamlarımız başqa ölkələrdən daha çoxdur və bu da bəzi hallarda cəlbedici olur. İndi dünyada turizm anlayışı da dəyişib. Turistik cəlbedicilik bəzən bahalı yerlərdə gecələməkdən, yaxşı yeyib-içməkdən, tarixi yerləri ziyarət etməkdən çox da asılı olmur. Bu işin peşəkarları var. Bunları onlar düşünsünlər. Bakıda dinclik tapırammı? Demək çətindir. Sanki burada vaxt sürətlə gedir, adam heç nəyi çatdıra bilmir. Bəzən mən burdakı ab-havaya başqa bir ölkədən gəlmiş turistin gözü ilə baxıram. 44 günlük savaşda qələbə! Həll edə bilmədiyimiz, çətinliklərlə üzləşdiyimiz regional siyasi-iqtisadi bir çox problemlər. Siyasi və ictimai kataklizmlər... Qalib gəlmiş ölkə necə olmalıdır? Məncə, bunlar yalnız məni düşündürən məsələlər deyil.

- Nə gözəl ki, artıq bir neçə aydır ilklərdən danışırıq. Elə sizin də Qarabağ zəfərindən sonra Azərbaycana keçirdiyiniz ilk tətildir. Təəssüratlarınız kifayət qədərdir, heç şübhəsiz...

- Azərbaycan xalqı keçən ilin yayından bu ilin yayına çox mürəkkəb dövr yaşadı. Məncə Tovuz döyüşləri məsələni kökündən həll etmək stimulu yaratdı və artıq başqa yolun qalmadığının işarətini verdi və münasib məqam da yetişdi. Keçən ilin bu vaxtları biz nəyi tələb edirdik? Azərbaycan ordusu ilə birgə təlimlərə qatılan Türkiyə ordusunun qalmasını, getməməsini arzulayırdıq. Bilirdik ki, verəcəyimiz savaşda Türkiyənin dəstəyi və rolu necə böyük olacaq. Ona qədər cəmiyyətimizi əslində Türkiyəsiz qələbənin olmayacağı fikrinə alışdırmışdıq... Azərbaycandakı milli qüvvələrin, vətənpərvər insanların fəaliyyəti bu istiqamətdə oldu. Məsələnin kökünü bilən və bu işlə uzun zaman məşğul olanlar bilirdilər ki, müharibə qaçılmazdır və problemi yalnız bu yolla həll edə bilərik. Mən özüm müharibəyə qədər bütün yazılarımda, açıqlamalarımda bu xətti təlqin etməyə çalışmışdım. Müharibədən sonra Bakıya gəlib-getmişəm. Həmişə də bu böyük qələbədən sonra belə hisslər keçirmişəm ki, həmin qələbənin gətirdiyi sevinci millətimiz doyunca yaşamalıdır. Qələbəni təmin edən və bu sınaqdan görünməmiş dərəcədə alnıaçıq çıxan xalqımız həmin xoşbəxtliyin dadını çıxarmalıdır. İndi də o fikirdəyəm ki, hər bir Azərbaycan vətəndaşı qürurla addımlamalıdır. Başıuca gəzməlidir. Şəhid ailələri hər cür qayğı ilə əhatə olunmalıdır. Qazilərimiz şərəfli tariximizin əbədi daşıyıcıları kimi millətin kimliyi hesab olunmalıdır. Mən bu savaşdan sonra millətimizə dəyər verilməsini gözləyirəm.

- Maraqlıdır, qardaş ölkədə, şəxsinizə çalışdığınız Erciyes Univetsitetindəki ötən illərdə münasibət, yanaşma ilə indiki arasında nə kimi fərqlər var?

- Türkiyədə Azərbaycanın bu qələbəsinin sevincini hər addımda görməkdəyik. Daha əvvəllər konfranslarda, tədbirlərdə 10 milyonluq Azərbaycanın 3 milyonluq Ermənistana məğlub olmasının səbəblərini soruşurdular və bu sualların özündə bir qınamalar da olurdu. Verdiyimiz cavablar qanedeci olmurdu. İndi isə durum fərqlidir. Türkiyə xalqı bizdən belə bir qələbəni gözləyirdi. İndi Azərbaycana qarşı həssas münasibətdaha da artıb. “Bir xalq-bir dövlət” anlayışı daha ciddi şəkil alıb. İkinci Qarabağ müharibəsi Türk insanında da çox böyük ümidlər doğurub. Məsələn, Böyük Turana xəyal kimi baxanlar indi onun reallaşdırılması üçün işlər görürlər. Azərbaycana qalib ölkə kimi, istənilən məsələni bundan sonra da həll edə biləcək qüdrətli xalqı olan ölkə kimi baxılır.

- Qafar bəy, Şuşa Bəyannaməsi imzalanandan sonra əksəriyyət belə düşünürdü ki, Ermənistan davranışlarında daha korrekt olacaq, ən azı ağaları onu bu cür davranmağa sövq edəcəklər, Türkiyə ilə üz-üzə qalmamaq üçün. Amma əksini müşahidə edirik. Naxçıvan istiqamətində növbəti atəşkəs pozulması zabitimizin yaralanması ilə nəticələndi. Nə baş verir? Sizcə, kimlərdir aranı qızışdıran? Hər halda tam şəkildə “kazaklar” söhbətinə oxşamır…

- Ermənistanda, ölkə rəhbərindən tutmuş, küçədəki dilənçisinə qədər bu məğlubiyyəti qəbul etmirlər və nə vaxtsa bizdən hayif alacaqlarını düşünürlər. Zəfərdən sonra diplomatik olaraq ermənilərin əl-qolunu bağlayan addımlarımız belə onları bu fikirdən vaz keçirmir. Ermənistan bütünlüklə yeni müharibə əhvali-ruhiyyəsi ilə yaşayır. Daha bunu hesablayan yoxdur ki, yeni müharibə nələri gətirə bilər. Elə qüvvələr var ki, müharibənin dərhal başlamasının tərəfdarıdır, bir qrup isə buna hazırlaşıb bölgəyə girməyin... Bütün siyasəti də bunun üzərində qururlar. Məğlubiyyətlə barışmaq söhbəti ümumiyyətlə, bu cəmiyyətə xarakterik deyil. Həddən çox şovinistləşmiş erməni toplumunda Şuşa Bəyannaməsi və buna bənzər aktlara müvəqqəti situasiya kimi baxılır. Vaxt söhbəti var. Yeni bir müharibənin qaçılmaz olduğunu anlamalıyıq. Son zamanlar atəşkəsin pozulmasının hansısa siyasi məqsədlərdən qaynaqlandığı da düşünülə bilər. Müxtəlif səmtə yoza bilərik. Putinlə Paşinyanın görüşü, İrəvanda Makronla bir araya gəlinməsi, Avropa İttifaqının böyük yardımı və verilən vədlər onları bir qədər ürəkləndirir. Həmişə kiminsə onlara dəstək çıxacağı ümidi ilə yaşayırlar. Amma məsələnin, belə ağılsız müqavimətin kökündə dediyim həmin barışmazlıq əhvali-ruhiyyəsi durur. Bütün bunları bilməli və istənilən ssenarilərə hazır olmalıyıq.

- Qafar bəy, Ermənistanın müdafiə nazirinin istefası sadəcə, hökumətdəki böhranla əlaqədardır, yoxsa Azərbaycanla bağlı hansısa məkrli planlara daxildir? XİN rəhbəri olmayan ölkənin artıq müdafiə naziri də yoxdur. Bu ölkədə nə baş verir, Rusiya və Qərb arasında nüfuz savaşımı gedir?

- Paşinyan özü çox maraqlı fiqurdur. Bəzi hallarda Kremldən aldığı təlimatları hökümətin üzvləri ilə paylaşmır və bu mənada onun tapşırıqlarının da yerinə yetirilməsində problemlər yaranır. Hələ də onun oyunlarını tam dərk etməyib, Paşinyana qarşı gedənlər var. Bu, hakimiyyət başında olan adamın ciddiliyini şübhə altına alır və hansısa sahədə böhrana səbəb olur. İndi Ermənistanın iki istiqamətdə hər kəsin qəbul edəcəyi siyasəti olmalıdır: onun biri Azərbaycan tərəfindən darmadağın edilmiş ordunun yenidən qurulmasıdır ki, bundan çox danışılır, digəri isə xarici siyasətdir. Ermənistanın bu iki sahədə anlaşılmaz siysəti var. Əlbəttə, Qərb ilə Rusiya arasında qalmış və görüntüdə Qərbyönlü, əslində Rusiya ilə əməkdaşlıq etmyə məcbur olan ölkədə qeyri-müəyyənlik var. Bütün bunlar Paşinyandan qaynaqlanır. Aydın siyasi iradənin olmamasındandır ki, XİN rəhbərsiz qalıb, ordu isə faktiki olaraq nə edəcəyini bilimir. Bunun adı hökümət böhranıdır.

- Deputat Qüdrət Həsəquliyev bizə müsahibəsundə maraqlı fikirlər səsləndirib, hətta Ermənistanın Zəngəzur dəhlizini açmayacağı halda, Azərbaycan ordusunun Zəngəzur dəhlizini açmasını təklif edib. Sizcə, proseslər bu həddə qədər inkişaf edə bilərmi? Siz proseslərin gedişini necə təsəvvür edirsiniz?

- Məncə, məsələ o həddə gəlib çatmayacaq. Ermənistanı dəhlizin açılmasına məcbur etmək üçün bizim də, buna maraqlı ölkələrin də əlində kifayət qədər rıçaqlar var. Əgər NATO güclərindən söhbət gedəcəksə, zatən NATO üzvü olan Türkiyə bölgədədir, bu iş isə Türkiyəsiz olmaz. Məqsəd Rusiyanın rolunu azaltmaqdan gedir. 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması öhdəliyi var və Ermənistan bundan imtina etmək gücündə deyil. Paşinyan son çıxışlarının birində bu dəhlizin açılması ilə bağlı gedən işlərdən danışıb və bu işin gecikdirilməsini Azərbaycanın üzərinə yıxıb ki, Azərbaycan bu yolun və digər kommunikasiya xətlərini ona görə açmır ki, Ermənistanı blokadada saxlasın. Amma bu məsələ ilə manipulyasiya edən Ermənistandır. Əgər Ermənistan dəhlizin açılmasına etiraz etsə, daha doğrusu, buna mane olmağa çalışsa, o zaman Qüdrət bəyə haqq verirəm, biz güc tətbiq edə bilərik. Yəni qəbul olunan maddə yerinə yetirilmir, onu güc yolu ilə edirik, Qarabağdakı müharibədə olduğu kimi. Ermənistan BMT-nin qərarlarını yerinə yetirməkdən imtina edirdi, biz haqqımızı güc yolu ilə aldıq. Əlbəttə, bu əməliyyatları etmək üçün diplomatik və digər cəhətlər nəzərə alınmalıdır. Bəyannaməyə imza atmış Rusiyanı da bu işə qoşmaq lazımdır. Məncə, hələ bunlardan danışmaq tezdir.

-Qafar bəy, sizcə, Azərbaycan və Rusiya prezidentlərinin Moskva görüşündən sonra nələr olacaq: sülh anlaşması imzalanacaq, yoxsa Rusiya yenə də susacaq, Azərbaycanın bölgədəki prosesləri tamamlaması, Zəngəzur dəhlizini açması, Qarabağ terrorçularını zərərsizləşdirməsi üçün?

- Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması və imzalanması hələ ciddiyyət qazanmayıb. Ermənistan hələ buna hazır deyil. Bu sazişin əldə edilməsi hələlik Rusiyanı da təmin etmir. Rusiyaya münaqişənin bitməsi sərf etməz. Kreml ona tələsmir və indiki halda hansısa razılaşma olarsa da, o gələcəyə hesablanacaq. Dövlət başçılarının Moskva görüşlərində 10 noyabr 2020 və 11 yanvar 2021-də razılığa gəlinmiş öhdəliklərin yerinə yetirilməsini müzakirəsi ola bilər. Həmin razılaşmaların bir çox maddələri yerinə yetirilmir. Məsələn, erməni hərbi birləşmələri hələ də işğaldan azad olunmamış ərazidədir, çıxarılmayıb və atəşkəsin qaynaqlarından biri budur. Zəngəzur dəhlizinin açılmasında da əngəllər aşılmayıb. Rus sülhməramlıları ilə bağlı həm Ermənistanın, həm də Azərbaycanın deyəcəyi fikirlər var. Azərbaycanın konkret tələbləri də ola bilər. Hesab edirəm ki, Rusiya rəhbəri ilə bu müzakirələri aparmaqda fayda var.


Paylaş:


Müəllif : Tarix:
21-07-2021, 13:21
Sikayət   


loading...
Загрузка...