reklam
Regionxeberlericom.az » Siyasət » Şuşa Bəyannaməsi var idisə, TÜRKİYƏ ORDUSU NİYƏ İCAZƏ ALDI? - GƏLİŞMƏ

reklam

Şuşa Bəyannaməsi var idisə, TÜRKİYƏ ORDUSU NİYƏ İCAZƏ ALDI? - GƏLİŞMƏ












Məlum olduğu kimi, Türkiyə hərbçilərinin Azərbaycanda qalması müddətinin uzadılması haqqında qanun layihəsi səs çoxluğu ilə qəbul olunub. Türkiyə hərbiçiləri daha bir il Azərbaycanda fəaliyyət göstərə biləcəklər. “Yeni Müsavat” yada salır ki, qanun layihəsi prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilmişdi. Türkiyəli hərbçilərin Azərbaycana göndərilməsi barədə qərar ilk dəfə 17 noyabr 2020-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya edilib.

Parlament atəşkəs rejiminin bərqərar edilməsi, pozuntuların qarşısının alınması, regionda sülh və sabitliyin təmin edilməsi və Ağdamda yerləşən atəşkəsə nəzarət üzrə birgə mərkəzin missiyasının icrası məqsədilə Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün hökumətə hərbi qulluqçuları bir il müddətinə Azərbaycana göndərməyə icazə verib. Bir sözlə, türk parlamenti bu dəfə də “hə” dedi. Səsvermədə Xalqların Demokratik Partiyası (HDP) istisna olmaqla, dörd siyasi partiya layihənin lehinə səs verib.

Amma Türkiyə hərbçilərinin sayı Rusiya sülhməramlıları qədər olmasa da, nəticə etibarilə Ankaranın Qarabağda hərbi varlığını sürdürməsi mühüm amildir. Lakin bir sual da aktualdır: niyə Azərbaycan və Türkiyə bölgədə türk hərbçilərin say tərkibini daha da artırmaq üçün aralarında bağlanmış Şuşa Bəyannaməsindən istifadə etmirlər? Məsələn, Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda olan hərbi hissələrdə Türkiyə Silahlı Qüvvələrinin yerləşdirilməsinə nə mane olur? Axı Türkiyə ordusu istədiyi sayda kontingenti Azərbaycanda yerləşdirmək üçün hüquqi bazaya sahibdir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Türkiyə hərbçilərinin bölgədə sayının artırılması niyə də olmasın. Onun sözlərinə görə, hələlik yalnız Monitorinq Qrupunda fəaliyyət göstərən türk hərbçilərin müddəti uzadılıb: “Lakin Türkiyə ilə Azərbaycan arasında 2010-cu ildə bağlanmış müqaviləyə, o cümlədən Şuşa Bəyannaməsinə əsasən, onların sayının artırılmasını təmin edə bilərik. Üstəlik, bu, zərurətə çevrilib. Çünki sülhməramlılar ortaya kifayət qədər bitərəfli mövqe qoyur”.

F.Quliyev qeyd etdi ki, Ermənistanın müdafiə nazirinin əl-qolunu sallayıb Xankəndinə keçməsi, erməni hərbçilərin şəraitini monitorinq etməsi sülhməramlıların şərait yaratdığını göstərir: “Razılaşmada qeyd olunub ki, erməni silahlı dəstələrini çıxmaqla sülhməramlılar daxil olmalı idi. Amma anlaşmanı yerinə yetirmirlər, ya da icra etmək istəmirlər. Belə olan halda Türkiyə hərbçilərinin Qarabağda sayını artırmaq olar. Üstəgəl, rəsmi rəqəmlə sülhməramlılar 1960 nəfər göstərilsə də, onların sayı çoxdur. O baxımdan Azərbaycanın haqqıdır ki, ən müxtəlif ərazilərdə türk hərbçilərini yerləşdirsin”.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, türk hərbçilərinin bölgədə sayının artması tədricən baş verəcək. Onun fikrincə, hələlik Rusiya faktorunu nəzərə almaq lazımdır. Politoloqun fikrincə, Ağdamda olan türk hərbçiləri gələcək türk hərbi bazasının bünövrəsini qoyanlardır: “Rusiya buna ciddi etiraz edir. Türkiyə və Azərbaycan isə Rusiyanın sülhyaratma prosesinə əngəllər yaratmasına görə hərbi baza yaradılmasını ləngidir. Amma sülh müqaviləsi bağlansa, türk hərbi bazalarının yaradılması mümkün ola bilər”. Q.Hüseynli deyir ki, Türkiyə hərbçilərinin Qarabağda olması çox vacibdir və Rusiyanın regionda neytrallaşdırılması baxımdan mühüm əhəmiyyət kəsb edir: “Türkiyə bölgədədir və bunu Ermənistan da bilir, Rusiya da hesablaşır. Şuşa Bəyannaməsində ərazilərimizə hərbi təhdid olacağı halda Türkiyənin müdaxiləsi nəzərdə tutulur”.

Siyasi təhlilçi Ramiyə Məmmədova Türkiyə hərbçilərinin sayının artırılmasını indiki halda real görmür. Onun fikrincə, üçtərəfli bəyanatda Türkiyənin imzası yoxdur və Ankara masada yalnız Ağdamdakı Monitorinq Mərkəzi ilə təmsil oluna bilir: “Bu da bizi qane edir. Türkiyə bölgədədir və Azərbaycanı tək qoymayıb. Bundan başqa, Türkiyə rəsmilərindən tez-tez dəstək bəyanatları eşidirik, Ərdoğanla Putin Zəngəzur dəhlizini müzakirə etməklə demək istəyir ki, regionun problemləri iki ölkə arasında razılaşdırılır, yəni Moskva Ankaranın mövqeyini öyrənməmiş addım atmır, ona görə türk hərbçilərin sayının artırılmaması bizi dərindən narahat edən məsələ deyil. Onlar azad edilən ərazilərdə sülhməramlı missiya yerinə yetirə bilmirlər. Odur ki, hələlik Ağdamdakı mərkəzlə fəaliyyət məhdudlaşır. Digər tərəfdən, Azərbaycan əsgəri azad edilən ərazilərə kifayət qədər yüksək səviyyədə nəzarət edir”.

Qeyd edək ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri arasında imzalanan atəşkəsə nəzarət üzrə Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalanıb. İşğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu ilin yanvar ayının 30-da açılıb. Birgə Monitorinq Mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.




Paylaş:


Müəllif : Tarix:
12-11-2021, 09:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər