reklam
Regionxeberlericom.az » Siyasət » Prezidentdən Rusiya ilə “qaz rəqabəti” iddialarına nöqtə - niyə indi, niyə Brüsseldə?

reklam

Prezidentdən Rusiya ilə “qaz rəqabəti” iddialarına nöqtə - niyə indi, niyə Brüsseldə?












Avropaya qaz nəqlində Bakı ilə Moskva arasında rəqabət mövzusu əsassız olaraq siyasiləşdirilib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.

“Rəqabət problemi çox şişirdilib və əsassız olaraq siyasiləşdirilib. Bizim Avropaya qaz tədarükümüz heç bir şəkildə Rusiya ilə rəqabət apara bilməz”, - “İnterfaks” dövlət başçısının müsahibəsindən sitat gətirir.

İlham Əliyev vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə bu məsələ heç vaxt müzakirə olunmayıb. “Sizə deyə bilərəm ki, biz bu məsələni heç vaxt müzakirə etməmişik. Biz ildə bir neçə dəfə mütəmadi olaraq görüşür və daim telefonla danışırıq, lakin o, bu mövzunu heç vaxt qaldırmayıb”, - deyə Əliyev bildirib.

Dövlət başçısı xatırladıb ki, 2020-ci il dekabrın 31-dən Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropaya qaz nəqlinə başlayıb. “Bizim qazımız Avropa bazarları üçün yenidir. Biz bilirik ki, Avropada təbii qaza tələbat ayrı-ayrı ölkələrin enerji strategiyasının bir hissəsi kimi qəbul etdikləri bəzi qərarlar səbəbindən artacaq. Burada isə Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır”, - deyə o əlavə edib ki, Bakı Azərbaycan qazını da almaq istəyən Aİ ölkələri ilə danışıqlara hazırdır.

Qeyd edək ki, bu ilin ilk 8 ayında Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 38%, həcmi isə 47,2% çoxdur. Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko ilə görüşündə Bakının Avropaya qaz tədarükünün coğrafiyasını genişləndirməyi planlaşdırdığını, İspaniyanın EFE agentliyinə müsahibəsində isə Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatlarının 2.6 trilyon kubmetr olduğunu və belə həcmin Azərbaycanın öz istehlakı və ixrac üçün ən azı 100 ilə kifayət etdiyini bildirmişdi. Rusiya kimi qaz ixracı nəhənginin Avropa bazarından sıxışdırılması, rus qazından asılılığın azaldılması istiqamətində cəhdlərdən biri də Avropa Birliyinin və ABŞ-ın dəstək verdiyi Cənub Qaz Dəhlizidir. Amma məlumdur ki, bu kəmər Avropa bazarlarının çox cüzi hissəsini qazla təmin etmək gücündədir. Buna baxmayaraq, zaman-zaman Bakını qaz məsələsinə görə Rusiya ilə üz-üzə qoymaq cəhdləri olub. Əlbəttə ki, həmin dairələrin də bu məsələdə öz maraqları var. Prezident Əliyev səviyyəsində isə son illər ilk dəfədir ki, bu mövzuya qəti münasibət ortaya qoyulur. Bu həm də o dairələrə mesajdır ki, bu cür cəhdlər əbəsdir, Rusiya bu məsələdə Azərbaycanla anlaşma içərisindədir. Bunun Rusiya ilə hər mənada artıq az qala müharibə həddində olan Avropanın siyasi paytaxtında dilə gətirilməsinin də xüsusi mənası var.

"Yeni Müsavat" xəbər verir ki, YAP-çı deputat Azər Badamov Azərbaycan-Rusiya münasibətlərinin isti olmasını istəməyən dairələrin olduğunu söylədi: “Avropa İttifaqının enerji bazarında Azərbaycanın iştirak etməyə başlaması heç kimi narahat etməməlidir. Bu gün Avropa bazarının qazla təchizatının 40%-ni Rusiya həyata keçirir. Azərbaycan isə bu il Avropaya cəmi 7 milyard kubmetr qaz ixrac etmişdir. Rusiyanın bu bazara ixrac etdiyi 100 milyard kubdan çox həcmlə müqayisədə Azərbaycanın ixracı çox cüzidir. Amma onu da qeyd etməliyik ki, Avropa bazarında daha böyük həcmlərdə qazın idxalına ehtiyac var. Çünki Avropa İttifaqına daxil bir çox ölkələrdə hələ də qazlaşdırılmamış bölgələr çoxdur. Azərbaycan Avropa bazarına qaz ixrac etməklə Rusiya ilə rəqabətə girmək fikrində deyil və ixrac etdiyimiz həcmlər arasındakı fərq də heç bir rəqabətdən söhbət getmədiyi haqqında deməyimizə imkan verir. Rusiya tərəfi də bunu yaxşı başa düşür və ona görə də dövlət başçılarımız arasındakı görüşləri zamanı heç vaxt bu məsələ müzakirə olunmayıb. Rusiya çox yaxşı bilir ki, Avropaya qaz ixracında Azərbaycan onun rəqibi deyil. Amma çox təəssüf ki, Rusiya ilə olan isti münasibətlərimizi gözü götürməyən bəzi dairələr bu məsələni qloballaşdırır və siyasiləşdirməyə cəhd edirlər. Cənab Prezidentin müsahibəsində bu məsələyə geniş yer verməsi və məhz Avropada bu məsələyə münasibət bildirməsi məsələni siyasiləşdirərək Azərbaycanla Rusiya arasındakı yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək istəyənlərə bir mesajdır. Azərbaycan enerjidaşıyıcılarının ixracını heç vaxt siyasiləşdirmir və ancaq biznes layihələri olaraq icra edir. Cənab Prezidentin müsahibədə toxunduğu bu məqamlar və məsələyə açıq şəkildə münasibət bildirməsini Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərin arzularının ürəyində saxlanması kimi dəyərləndirərdim”.

BAXCP sədrinin müavini, siyasi şərhçi, əməkdar jurnalist Elçin Mirzəbəyli müqayisəni qüsurlu sayır: “Rusiya təbii qaz ehtiyatlarına görə OPEC-in sıralamasında birinci yerdədir. Və dünya təbii qaz ehtiyatlarının təxminən 25%-i Rusiyanın payına düşür. Azərbaycan isə bu sıralamada 0,83%-lə 21-ci yerdədir. Bu baxımdan, Azərbaycanı təbii qaz ehtiyatlarına görə nəinki Rusiya ilə, hətta dünya sıralamasında 5-ci olan qardaş Türkmənistanla müqayisə etmək də mümkün deyil. Amma Azərbaycanın uğurlu enerji siyasəti və enerji dəhlizlərinin diversifikasiyası istiqamətində həyata keçirdiyi layihələr sayəsində, özünün bir o qədər də böyük olmayan təbii qaz ehtiyatlarını geoiqtisadi faktora çevirməyi bacarıb. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biri kimi, həm də çox önəmli tranzit imkanlarına malikdir ki, bu da ölkəmizin qlobal enerji məkanındakı rolunun daha da artmasına zəmin yaradır. Digər tərəfdən, Azərbaycan öz enerji resurslarından ilk növbədə özünün iqtisadi maraqları üçün istifadə edir. Ölkəmiz təkcə Rusiya ilə deyil, digər təbii qaz ixracatçıları ilə də anlaşma içərisindədir. Azərbaycanın İran və Türkmənistanla imzaladığı son anlaşmadan da görünür ki, ölkəmiz öz tranzit potensialını qarşılıqlı faydalılıq prinsipi əsasında genişləndirmək niyyətindədir. Bu baxımdan, Azərbaycan Prezidentinə Brüsseldə ünvanlanan sualın cavabı Azərbaycanın bu günə qədər yürütdüyü enerji siyasətinin mahiyyətinə uyğun bir şəkildə cavablandırılıb və bununla bağlı bəzi maraqlı dairələrin uzun illərdən bəri manipulyasiya etmək cəhdlərinə son qoyulub”.




Paylaş:


Müəllif : Tarix:
17-12-2021, 11:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər