Ötən gün "Bloomberg" agentliyi yazdı ki, fevralın 15-də Rusiya Ukraynaya hücum təşkil edəcək. Hətta vurğulandı ki, əməliyyat Donbasda "saxta bayraq" altında və ya Kiyevə hücumla başlayacaq. Eyni zamanda müxtəlif ölkələr də vətəndaşlarına çağırış edir ki, Ukraynanı tərk etsinlər.
Bəs Rusiyanın hücum planı baş tutacaqmı? Rusiya-Ukrayna müharibəsinin fevralın 15-də başlama ehtimalı nə dərəcədə realdır?
Mövzu ilə bağlı siyasi şərhçi Elçin Mirzəbəyli Bakupost.az -a bildirib ki, bu barədə məlumat yayan "Bloomberg" kifayət qədər ciddi mənbə sayılsa da, agentliyin mərkəzi qərargahının ABŞ-da yerləşdiyini və Birləşmiş Ştatların dövlət maraqları ilə bağlı məsələlərdə, hətta qlobal nüfuz və etimad sahibi olan təsisatların da informasiya savaşının elementlərindən birinə çevrilə biləcəyini nəzərə almaq lazımdır:
"Birləşmiş Ştatların təcrübəsində Vyetnam, Əfqanıstan, İraq, Misir, Tunis, Əlcəzair, Liviya, Suriya və digər ölkələrdəki münaqişələrlə bağlı çoxsaylı faktların olması da bu ehtimalın mümkünlüyünü ortaya qoyur. "Bloomberg" də, CNN də və digər transmilli informasiya vasitələri öz dövlətlərinin marağı tələb etdiyi halda, çox rahatlıqla yalan məlumat yaya, informasiyaları saxtalaşdıra bilərlər. Hazırda Rusiya ilə Ukrayna, həmçinin Rusiya ilə NATO arasında yaranmış vəziyyətin müharibə dövrünün reallıqlarına uyğun gəldiyi reallığını qəbul etsək, o zaman yayılan məlumatların əhəmiyyətli hissəsinə informasiya savaşının elementi kimi yanaşmağın daha doğru olduğunu düşünürəm.
Rusiyanın Ukraynaya hücumu ilə bağlı ABŞ rəsmilərinin, o cümlədən Baydeninin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın açıqlamasına da, məhz bu kontekstdən yanaşmağın vacib olduğunu düşünürəm.
Sallivan deyir ki, “Rusiya hər an Ukraynaya hücum edə bilər və çox güman ki, hava hücumu ilə başlayacaq”. Az qala 100 ildir ki, bütün müharibələr hava hücumu və artilleriya atəşi ilə başlayır. Rəqibin hava hücumundan müdafiə sistemləri, müdafiə və hücum qurğuları sıradan çıxarılır ki, quru qoşunları maneəsiz hərəkət edə bilsinlər. Yəni bunu bilmək üçün, nəinki milli təhlükəsizlik məsələləri üzrə müşavir, heç hərbi ekspert də olmaq lazım deyil.
Qənaətimə görə, müharibənin baş verəcəyindən, yaxud verməyəcəyindən asılı olmayaraq, Rusiya ilə Ukrayna və bu xüsusda Rusiya ilə NATO arasında yaranmış gərginliyə bir qədər fərqli kontekstdən yanaşmaq istəyirəm. ABŞ və NATO üzvü olan bir sıra dövlətlərin rəsmilərinin açıqlamaları, eyni zamanda Rusiyanın qlobal güc mərkəzlərindən biri kimi təqdim və qəbul edilməsinə imkan yaradır. Məsələn, ABŞ prezidenti bəyan edir ki, Rusiya və Amerika əsgərlərinin bir-birinə güllə atmaları üçüncü dünya müharibəsinə səbəb ola bilər. Bu isə dünyada hazırda iki güc mərkəzinin – ABŞ və Rusiyanın qlobal güc olduğunun elan edilməsi deməkdir. Baxmayaraq ki, hazırda Çin ÜDM-in həcminə görə dünyada birinci iqtisadiyyata sahibdir. Rusiya isə bu siyahıda 20 milyard ABŞ dolarından çox bir fərqlə 6-cı sırada dayanır. Mahiyyət etibarilə, hazırda real güc mərkəzlərindən biri “yumşaq güc” siyasəti yürütməklə, birbaşa konflikltlərdən yayınmaqla daha da güclənməyə çalışan Çindir. Amma tərəf kimi Rusiya elan olunur".
E. Mirzəbəyli əlavə edib ki, Rusiya Qərbə təhlükə yaradacaq iqtisadi gücdə deyil:
"Bu ölkə ilə anlaşmaq, qlobal iddialarını məxməri mexanizmlərlə həyata keçirən Çindən daha asandır.
Digər tərəfdən, Rusiya təhlükəsinin qabardılması, bir müddət öncə mərkəzdənqaçma meyllərinin qabarıq nəzərə çarpdığı Qərb blokunun qorunması üçün də vacib şərtlərdən biridir. Çünki son 20 ildə ABŞ-la Türkiyə istisna olmaqla, NATO üzrə müttəfiqləri arasında yaranan əsas ziddiyyətlər, üzv ölkələrin Avroatlantik Alyansa vəsait ödəməkdən yayınması ilə bağlıdır. Bütün bunları vurğulamaqla, ABŞ-la Rusiya arasında hansısa razılaşmanın olduğunu birmənalı şəkildə iddia edə bilmərəm. Bəlkə də var. Hər halda Rusiya və Fransa prezidentlərinin görüşü zamanı nəzərə çarpan mənzərə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun görüşdən sonra “söz sahibinin ABŞ olduğunu” qeyd etməsi belə düşünməyə əsas verir. Bu baxımdan, Rusiya-Ukrayna gərginliyinin lokal toqquşmalardan bir qədər uzağa gedəcəyini düşünürəm".
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, müharibə ehtimalı qaçılmazdır:
“Amerika Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın dövlət strukturlarındakı xəttə yiyələnib, Kremlin planları haqqında məlumatları Vaşinqtona ötürübsə, demək burada tək niyyət var. Həmçinin orada dəqiq tarix göstərilib. Amma yenə də müharibə fevralın 16-da başlayacaq, yoxsa hansı gün demək çətindir”.
Politoloq qeyd edib ki, Rusiya ordusunun ən azı Dombasa müdaxilə etmək planı var:
"Dombasa müdaxilə edib, onu Rusiyaya birləşdirmək planı gündəmdədir. Hətta dövlət dumasında Dombas separatçılarının tanınması ilə bağlı müraciətlər edilir. Bu baxımdan fevralın 16-sı olmasa da, hər halda yaxın müddətdə Rusiyanın Ukraynaya müdaxiləsi gözləniləndir".
Politoloq Ukraynanın Rusiyaya 48 saat vaxt verməsi barədə də danışıb:
"Bu vaxtı Ukraynanın Rusiya ordusunun sərhəddən çəkilməsi ilə bağlı olduğunu qeyd edib. 90-cı illərdə “Cinah sazişi” bağlanmışdı ki, hər hansı bir dövlət sərhədə qoşun yığırsa, bunun izahını verməlidir. Təlimdirsə, təlim aylarla çəkə bilməz. Ona görə Ukrayna haqlı olaraq ATƏT çərçivəsində Rusiyadan izah istəyir ki, bu qoşun hansı səbəbə görə aylarla sərhəddə toplaşıb? Görünür, artıq Ukraynaya da məlumat verilib ki, Rusiyanın müdaxilə planı qaçılmazdır. Ona görə də Ukrayna özünü sığortalayır ki, mən də öz üzərimə düşəni etdim. Gələcəkdə Rusiya hücum etsə, Beynəlxalq Hüquq Ukraynanın tərəfində olsun”.
Politoloq vurğulayıb ki, Kremlin Ukrayna ilə bağlı 2 planı var:
“Birinci minimum plandır. Dombası Rusiyaya birləşdirmək istəyir. Amma Kremlın maksimum planı da var. Bu plan Ukraynanın şərqini tamamilə Rusiyaya birləşdirməkdir. Təkcə Dombas deyil, bütün strateji şəhərləri tərkibinə qatmaq planıdır. Əlbəttə, bu planı həyata keçirsə, hər iki tərəfdən itkilər olacaq. Demək olmaz ki, yalnız ordular itki verəcək. Ölkə və əhali arasında da itkilər olacaq. Raket həmişə hərbi obyektlərə vurmur ki? Təsadüfən gedib mülki obyektlərə də düşə bilər. Nəticə olaraq, təəssüf ki, çoxlu mülki insanlar da həlak ola bilər".
Paylaş: