reklam
Regionxeberlericom.az » Siyasət » Nə qədər ki Qarabağda Azərbaycan ordusundan başqa daha bir silahlı qüvvə VARSA... - BİZƏ DİNCLİK YOXDUR...

reklam

Nə qədər ki Qarabağda Azərbaycan ordusundan başqa daha bir silahlı qüvvə VARSA... - BİZƏ DİNCLİK YOXDUR...


Azərbaycan xalqına qarşı törədilən cinayətlərə görə hesab gününün yaxınlaşdığını duyan Ermənistanda isterika güclənir. Rəsmi Bakının Qarabağdakı qədim alban dini-mədəni irsinin erməniləşdirilməsi ilə bağlı beynəlxalq komissiya yaratmaq qərarına qonşu ölkədə verilən aqressiv reaksiya, o sırada BMT-nin İrəvan ofisi qarşısında keçirilən aksiya bunu bir daha təsdiqləyir.

Ümumiyyətlə, gələn məlumatlar erməni cəmiyyətinin və onun siyasi elitasının çox mühüm bir kəsiminin hələ də xəyallar dünyasından qopa bilmədiyini göstərir. Bu yaxınlarda ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) məğlub ölkədə keçirdiyi sorğu isə müəyyən eləmişdi ki, ermənilərin 70-80%-i Türkiyə və Azərbaycanı düşmən saymağa davam edir və sərhədlərin açılmasına pis baxır. Belə bir xalqla normal qonşuluq münasibətləri qurmaq əlbəttə ki, asan olmayacaq.

Hərgah, qismən ayıq, realist düşünən erməni ziyalıları, sıravi ermənilər da var ki, onlar da az qala ölümlə hədələnir. Kanadada yaşayan erməni siyasi mühacir, “Literaturnaya Kanada” qəzetinin baş redaktoru Vaaqn Karapetyan kimi.

Caliber.az-ın açıqlamasında Ermənistana girişinin qeyri-mümkün olduğuna diqqət çəkən Karapetyan bildirib: “Özünəqəsd siyasətini davam etdirməklə Ermənistan artıq öz dövlətçiliyini itirmək üzrədir. Bu gün biz bu haqda düşünməliyik”.

Azərbaycan ərazilərində ermənilərin törətdiyi vandallığa toxunan erməni mühacir belə əməllərə görə öz xalqının yerinə utanc hissi keçirdiyini söyləyib. “Mən çox təəssüf edirəm ki, mənim xalqımın nümayəndələri talançılıq səviyyəsinə eniblər. Buna heç bir izahat və ya bəraət ola bilməz”, - deyə o qeyd edib.

*****

Təbii ki, bu cür obyektiv və realist düşünən erməniləri Ermənistanda “xain”, “Türkə satılmış” adlandırır, hətta erməni saymırlar. Hesab edirlər ki, əsl erməni Türklə barışıq içində ola bilməz. Belə bir faşist düşüncəsi, xəstə düşüncə əfsus ki, hələ də erməni toplumunun böyük bir hissəsinə hakim kəsilib. Sözsüz ki, bu səviyyədə düşmənçiliyin və mağara millətçiliyinin qalmasında xaricdəki radikal erməni lobbisi və erməni katolikosluğu da mühüm rol oynayır.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da hesab edir ki, erməni tərəfi yeni reallığı psixoloji baxımdan dərk etməyə hazır deyil: “Erməni cəmiyyətinin bir hissəsi isə siyasi cəhətdən bunu qəbul etmək istəmir. Ona görə də bu çox mürəkkəb bir prosesdir” (Teleqraf.com).

Politoloq 2-ci Dünya müharibəsində məğlub olmuş Almaniyaya qarşı xüsusi bir proqramın həyata keçirildiyuni yada salıb: “Bu, nasizimdən azad olma proqramı idi. Həmin proqram çərçivəsində cəmiyyətin bir çox təbəqələrinə aid işlər görüldü. Proses bir neçə il çəkdi. Ermənistanla sülh məsələsinə də bir qədər geniş baxmaq lazımdır. Görünür, erməni cəmiyyəti hələ sağalmayıb. Xəstə təfəkkür onların zehniyyətində hələ də hakimdir. 30 il ərzində də bu xəstəliklə yaşayıblar. Onları sağaltmaq üçün də zaman lazımdır. Bu bir günə, bir çağırışa, bir bəyanata həll olunan məsələ deyil. Burada üçüncü maraqlı tərəflər də var. Onlar istəmirlər ki, erməni cəmiyyəti bu xəstəlikdən qurtulsun”.

*****

Ermənistanla sülh müqaviləsı isə əlbəttə ki, qarşı tərəfin ərazi bütövlüyümüzü rəsmən, qeyd-şərtsiz tanıması ilə mümkün olacaq. Bundan kənarda heç bir barışıqdan söhbət gedə bilməz. Başqa sözlə, erməni qanunsuz silahlı dəstələri sonuncu qulduruna kimi Qarabağdan çıxarılmalı və ya tərk-silah edilməlidir.

Təəssüf ki, 10 noyabr üçtərəfli kapitulyasiya aktında bu haqda aydın göstərilsə də (4-cü bənd), qanunsuz birləşmələr ərazimizdə indiyədək qalmaqdadır. Hətta özünü “artsaxın təhlükəsizlik katibi” sayan, Azərbaycanın beynəlxalq axtarışa verdiyi Vitali Balasanyanın təşəbbüsü ilə fevral-mart aylarında sıravi ermənilərin də cəlb olunacağı növbəti “hərbi təlimlər”ə hazırlaşırlar.

Bu qəbildən demarşlar əlbəttə ki, Bakının səbir kasasını doldurmağa hesablanıb. Hərçənd kapitulyasiya sənədində separatçıların tərk-silah edilməsi vəzifəsi bilavasitə Rusiya tərəfinin, onun sülhməramlı kontingentinin üzərinə qoyulub...

*****

“Erməni tərəfi üçtərəfli bəyanatın əsas bəndini - bütün qanunsuz silahlı erməni birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasını haqda tələbi hələ də yerinə yetirməyib. Separatçıların ”təlimlərinin" tamamilə təxribat xarakterli olduğu da aydındır. Bəyanatın əsas məqamlarına əməl edilməməsi erməni separatçılarının başlaya biləcəyi yeni insidentlər, təxribatlar, terror aktları riskini doğurur".

“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a müsahibəsində tanınmış rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko söyləyib.

Onun sözlərinə görə, cinayətlərdə, təxribatlarda, terror aktlarında iştirak etməklə ləkələnməmiş Qarabağ ermənilərini Bakı Azərbaycan vətəndaşı sayılı və onların Azərbaycan cəmiyyətinə dinc şəkildə inteqrasiyası, vətəndaşlıq almaları üçün hər cür şərait yaradılacaq. Ona görə də ekspert əmindir ki, Balasanyanın planlaşdırdığı bütün bu təxribatçı hərəkətlər regionda sülh yolu ilə nizamlanmanın bütün məntiqinə ziddir və son dərəcə təhlükəlidir. Yəni hədəf həm də yerdə qalan erməni əhalini də bu yolla cinayətə bulaşdırıb iki xalq arasında ədavəti əbədi eləməkdir.

“Hüquq nöqteyi-nəzərindən, Azərbaycanın ərazi bütövlüyü nöqteyi-nəzərindən elan edilmiş ”təlimlər" beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və erməni separatçılarının mümkün terror aktlarına hazırlaşması kimi qiymətləndirilməlidir. Üstəlik, erməni separatçılarının bu qəbildən dəfələrlə təxribatlarını, Azərbaycan qüvvələrini atəşə tutmasını görmüşük. Şuşanın girişindəki nəzarət-buraxılış məntəqəsində qumbaraatanla törədilən terror aktı buna misaldır", - ekspert bildirib.

Korotçenko çıxış yolu da göstərir: “Bu məsələləri ən yüksək səviyyədə qaldırmaq lazımdır. Digər tərəfdən, silahlı erməni birləşmələrinin çıxarılması və separatçı administrasiyanın qeyri-qanuni qurumlarının fəaliyyətinə son qoyulması planını təfərrüatlı şəkildə əks etdirən aydın ”yol xəritəsi" hazırlamağa ehtiyac var. Bu “yol xəritəsi” ekspertlər səviyyəsində hazırlanmalı və ya əvvəlki mandatını başa vurmuş ATƏT-in Minsk Qrupu bura cəlb edilməlidir. Əgər onlar həqiqətın işləmək istəyirlərsə, buyursunlar, heç olmasa, bu yöndə fəaliyyət göstərsinlər".

Analitikə görə, hər şey ona hədəflənməlidir ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərin də Azərbaycanın yurisdiksiyasına verilməsi təmin edilsin. “Bundan ötrü mümkün qədər tez ”yol xəritəsi" hazırlamaq lazımdır. Çünki Rusiya sülhməramlı missiyasının başa çatmasına getdikcə daha az vaxt qalır, bunu nəzərə almaq lazımdır. Rusiya isə bütün imkan və təsirindən istifadə etməlidir ki, prinsipial olaraq heç bir “təlim”dən söhbət getməsin, çünki bunlar üçtərəfli bəyanatla bağlı Rusiyanın mövqeyinə ziddir", - ekspert əlavə edib.

“Yol xəritəsi” öz yerində, belə görünür, artıq rəsmi Bakının separatçı-quldurlara sonuncu ultimatumu verməsinin də zamanı çatıb...

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
18-02-2022, 09:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər