reklam
Regionxeberlericom.az » Siyasət » Rusların nəzarəti altında baş qaldıran ermənilər... - NƏ ETMƏLİ?

reklam

Rusların nəzarəti altında baş qaldıran ermənilər... - NƏ ETMƏLİ?

Ötən həftə Tərtərin Suqovuşan yaşayış məntəqəsindən çıxıb Ağdərə-Kəlbəcər yolundan istifadə edərək Kəlbəcərə gedən Azərbaycana məxsus avtomobil kolonunun Ağdərədən keçərkən ermənilər tərəfindən dayandırılması ölkə ictimaiyyətində hiddət doğurub. Artıq ermənilərə bütün qırmızı xətti keçdikləri üçün ən sərt formada cavab verilməli olduğu barədə çağırışlar edilməkdədir.

Ermənilərin maşın karvanımızı saxlamasına, geri qaytarmasına nə formada cavab verildi, ya da veriləcək? Ermənilər karvanımızı geri qaytaracaq qədər dirçəlib və qudurublarsa, “Dəmir yumruq” niyə işə düşmür?

Hazırda bu suallar ətrafında geniş müzakirələr açılıb. "Yeni Müsavat"-ın məlumatına görə, YAP-çı deputat Ceyhun Məmmədov bildirdi ki, belə davam edərsə, Azərbaycanın cavabı çox sərt olacaq: “Azərbaycan bu gün çalışır ki, Ermənistanla münasibətləri sülh müstəvisində danışıqlar apararaq bölgəyə sülhün gəlməsinə nail olsun. Azərbaycanın Vətən müharibəsində imkanı var idi ki, bütün torpaqlarını müharibə yolu ilə azad etsin. Hətta biz Xankəndinə belə çatdıq və qısa müddətdə oranı azad etmək imkanına malik idik. Ermənistan Rusiyaya yalvardı və Kremlin vasitəçiliyi ilə yekun sülh müqaviləsinin imzalanmasından öncə 10 noyabr razılaşması imzalandı. Orada Ermənistan müəyyən öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də qeyri-qanuni silahlı qüvvələrin tərk-silah olunması, kommunikasiyaların açılması və münasibətlərin normallaşdırılmasıdır. Amma təəssüflər olsun ki, son günlər biz ermənilərin təxribatlar törətdiyinin şahidi oluruq. Bir neçə dəfə Kəlbəcərdə, Goranboyda atəşkəs pozulub. Növbəti dəfə biz Ağdərədə maşın karvanımızın saxlanıldığının şahidi olduq. Bu onu göstərir ki, Ermənistan heç bir razılaşmaya hörmət etmir, təxribatlar törədir və sülhün bölgəyə gəlməsi üçün çalışmır.


Əlbəttə, bunlar qəbuledilməz hallardır. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir. Erməni tərəf də bu öhdəlikləri yerinə yetirməlidir. Ermənistanın baş nazirinin həmin 10 noyabr razılaşmasında imzası var. Hərçənd ki, biz Paşinyanın o razılaşmanı harada imzaladığını belə bilmirik. Ancaq bu imza ortadadır və onların üzərində bir məsuliyyət var. Ermənistan anlamalıdır ki, Azərbaycan uzun müddət onun bu təxribatlarına dözməyəcək. Rəsmi Bakının da səbrinin bir həddi-hüdudu var. Azərbaycan istəyir ki, tezliklə bölgəyə sülh gəlsin. Bu təxribatlar davam etsə, bunun cavabını çox sərt bir şəkildə verəcəyik. Əlbəttə, burada vasitəçilər var. Onların üzərinə müəyyən missiya, vəzifə düşür. Biz gözləyirik ki, Ermənistanın bu təxribatlarına reaksiya verilsin. Azərbaycanın öz torpaqlarında sərbəst şəkildə hərəkət etmək hüququ var. Bir daha o məsələyə gəlirik ki, Ermənistan bu cür təxribatlarına son qoymalı, 44 günlük müharibədə baş verənlərdən nəticə çıxarmalıdır. Əgər nəticə çıxarmasa, növbəti dəfə Azərbaycan buna çox sərt reaksiya verəcək və Ermənistanın itkiləri 44 günlük müharibədən daha çox olacaq. Ermənistan bunu unutmasın, ağlını başına yığsın. Əks halda, “Dəmir yumruq” yenidən işə düşəcək və bunun çox sərt reaksiyası olacaq”.

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli vaxt itirmədən Qarabağda antiterror əməliyyatının keçirilməsinin vacibliyini vurğuladı: “Ağdərədən bizim kolonun qaytarılması çox üzücü bir hadisədir. İlk dəfədir ki, ermənilər ruslarla birlikdə bunu edir. Ruslar ermənilər üçün bütün imkanları yaradıblar. O qədər hədlərini aşıblar ki, artıq bizim kolonu qaytarırlar. Yeni bir taktikaya əl atıblar. Kolonda hərbi əşyalar var idi və onlar geri qaytarıldı. Artıq saxta terrorist rejimin bu qədər qudurması Azərbaycan üçün ciddi siqnal olmalıdır. Heç şübhəsiz ki, bu qudurğanlığın arxasında da ruslar dayanır. Hər zaman demişəm ki, qısa müddətdə bu problemləri həll etməsək, ruslar orada uzunmüddətli qalacaqlar və saxta rejim üçün yeni bir status-kvo yaradıb, yeni konfiqurasiya quracaqlar. Bu konfiqrusiyanı da Azərbaycana qəbul etdirməyə çalışacaqlar. İl başlayandan bir neçə dəfə demişəm ki, Qarabağda antiterror əməliyyatını hökmən bu il keçirməliyik. Xankəndi ətrafında antiterror əməliyyatının aparılması artıq bir zərurətə çevrilib. Bu il gec olmadan onu etməsək, ruslar keçmiş Dağlıq Qarabağ ərazisində məskunlaşacaqlar. Nəticədə biz də Xankəndi və ətrafının itirilməsi təhlükəsi ilə üz-üzə gələcəyik”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı rus sülhməramlılarının Qarabağda qalmalarının heç bir əhəmiyyətinin olmadığını söylədi: “Ermənilərin bu hərəkətləri, maşın karvanının qarşısını kəsmələri ciddi nəticələr çıxarmağımıza əsas verir. Belə görünür ki, orada ermənilər və onların qanunsuz silahlı dəstələri istədiklərini edirlər. Bu dəstələr atəşkəsi də pozurlar. Azərbaycan tərəfə atəş də açırlar. Bununla bağlı vaxt itirmədən artıq ciddi addımlar atmalıyıq. Ola bilər ki, müəyyən addımlar atırlar. Amma biz bunu görmürük. Bu, birbaşa rus sülhməramlılarının məsuliyyəti ilə bağlıdır. Əgər ruslar bu məsələləri yoluna qoymurlarsa, o zaman onların orada qalmalarına heç bir ehtiyac yoxdur. Bu hadisə həm də ermənilərin hansısa məkrli planlar qurmalarından xəbər verir. Eyni zamanda Azərbaycan qanunlarına ermənilərin tabe olmadıqlarını göstərir. Azərbaycan rus sülhməramlıları qarşısında konkret məsələ qoymalıdır ki, belə halların qarşısı alınsın. Əgər ala bilmirlərsə, onda Azərbaycan ikinci “Dəmir yumruq” əməliyyatı həyata keçirməli, antiterror əməliyyatına start verməlidir. Orada qanunsuz silahlı dəstələr zərərsizləşdirilməlidir. Eyni zamanda bu cür təxribatlara birdəfəlik son qoyulmalıdr”.




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 09:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər