reklam
Regionxeberlericom.az » Siyasət » Qarabağ Makronu seçkidə xilas edəcəkmi - Fransa prezidenti Bakıya gəlir?

reklam

Qarabağ Makronu seçkidə xilas edəcəkmi - Fransa prezidenti Bakıya gəlir?

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Tərəflər söhbət zamanı Qarabağdakı vəziyyəti, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyi müzakirə ediblər.

Həmçinin beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Bununla belə, onların Ukraynadakı hərbi əməliyyatı müzakirə edib-etmədikləri açıqlanmayıb. Elə həmin gün Makron Azərbaycan Prezidenti İlham Əliyevə də telefonla zəng edib. Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı, həmçinin, enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ukraynada ciddi böhran yaşandığı bu günlərdə ən fəal diplomatik danışıqlar aparan şübhəsiz ki, Avropa Birliyində dönəm sədri olan Fransanın prezidentidir. Onun Putinlə və Zelenski ilə fəal danışıqlar apardığı məlumdur. Bu arada onun Qarabağ məsələsinə də diqqət ayırması təsadüfi deyil. Hələ ötən il Makronun Ermənistana səfəri planlaşdırılmışdı. Amma Makron İrəvana gəlmədi.

Aprel ayında Fransada növbəti prezident seçkiləri keçirilməlidir. Makronun reytinqi seçkilərdə qələbənin təmin olunması üçün kifayət deyil. Ukrayna böhranındakı fəaliyyəti Makronun reytinqinə nə qədər təsir etdiyini demək olmaz, Ermənistan səfəri isə Makronun siyasi uğursuzluqları fonunda bəlkə də uğurlu səhifə ola bilər. Ona görə də gözləniləndir ki, elektoral simpatiyaları naminə o, istənilən şəkildə, həm özünü, həm də Paşinyanı məmnun etmək üçün “erməni” kartını işə salacaq.

Aydındır ki, Ermənistan yolunda özünü “oda-közə” vuran Fransa rəhbərinin çıxardığı bütün oyunların bir məqsədi var. Seçkidə qalib gəlmək üçün Makron Fransadakı 700 min erməninin dəstəyini qazanmaq istəyir. Üstəlik, Fransa Cənubi Qafqazda Türkiyənin möhkəmlənməsindən də ciddi əndişə edir ki, Azərbaycan-Türkiyə birliyinə qarşı Ermənistan-Fransa ittifaqı qurmaq istəyirlər. Azərbaycana gəldikdə isə Fransa prezidenti xüsusilə 44 günlük müharibədə və ondan sonrakı dönəmdə itirdiyi simasını bərpa etməyə də çalışır. Mümkündür ki, olası Ermənistan səfəri çərçivəsində Makron Tiflisə və Bakıya da səfər etmək niyyətindədir. Çünki Fransa Azərbaycanla Ermənistan arasında vasitəçilərdən biri olmaq üçün xarici siyasətində korrektələr etməlidir. Bu olmazsa, Parisin moderatorluğu bir işə yaramayacaq. Makronun İrəvan səfəri hazırlıqları, Qarabağ məsələsi Fransa prezidentinin reytinqinə təsir edəcəkmi?

Bu və ya digər suallarla ekspertlərə müraciət etdik.

YAP-çı deputat Hikmət Babaoğlu Makronun nüfuzunda yaranan boşluğu aradan qaldırmağa cəhd edəcəyini söylədi: “Azərbaycan heç vaxt öz müttəfiq dövlətləri ilə ikitərəfli danışıqlarda Fransanın Normandiya, Flandriya, Burqon kimi əyalətlərini müzakirə etmir. Fransa da heç bir halda heç bir dövlətlə bizim Qarabağ vilayətimizi müzakirə etməməlidir. Bu, beynəlxalq hüquqa görə bir dövlətin suveren hüquqlarını gözardı edib onun daxili işlərinə qarışmaq hesab edilməlidir. Əgər belə davranış bir ənənəyə çeviriləcəksə, fransızlardan və ermənilərdən fərqli olaraq bizim tamamilə mənəvi haqqımız var ki, tarixi Zəngəzur, Göyçə, İrəvan kimi vilayətlərimizi müzakirə predimetinə çevirək və onların gələcəyi ilə bağlı planlar quraq. Ona görə də Ermənistan da, onu müdafiə edənlər də bu ənənəyə son qoymalıdır. Fransada seçkilər məsələsinə gəldikdə isə çox aydın görünür ki, bu ölkədə də Avropanın digər ölkələrində olduğu kimi lider qıtlığı yaşanır. Fransada prezidentliyə namizədlər içərisində fransızların kütləvi rəğbətini qazanan parlaq lider yoxdur. Son üç günün sosioloji sorğularının nəticələrinə görə Makron seçicilərin cəmisi 28 faizinin rəğbətini qazana bilir. Digər namizədlərin populyarlığı ondan da aşağıdır. Seçki kampaniyasının belə qızğın mərhələsində bu cür vəziyyət namizədlərin seçkiyə maraq yarada bilməmələri ilə əlaqədardır. Ona görə də mümkündür ki, Makron xarici siyasətdə fəal görünməklə bu boşluğu doldurmağa çalışsın. Bu səbəbdən də Makron Fransanın Avropa İttifaqına rəhbərliyini də, erməni əsilli seçicilərin mövqeyini də seçkiqabağı taktikasının tərkib hissəsinə çevirə bilər. Ancaq bunların heç biri həlledici faktor ola bilməz. Bunu Makron da yaxşı bilir. Məhz bu səbəbdəndir ki, özünü lidersizləşməkdə olan Avropanın sonuncu güclü lideri kimi təqdim etməyə çalışır. Nəticənin necə olacağını isə birlikdə görəcəyik. Qaldı ki Fransanın Ermənistanla Türkiyə-Azərbaycan müttəfiqliyinə bənzər bir ittifaq qurmasına, doğrudan da belə bir cəhd var. Ancaq heç bir halda bu, Türkiyə-Azərbaycan müttəfiqliyi səviyyəsində və təsirində ola bilməz. Hər şeydən öncə ona görə ki, Fransanın Cənubi Qafqazla coğrafi sərhədi yoxdur. Üstəlik, heç vaxt bizim regionda Türkiyənin oynadığı rolu oynamayıb və oynaya da bilməz. Tarixən hər bir geostrateji rayonun öz nüfuzlu aktyorları olub, elə bu gün də elədir. Türkiyə və Azərbaycan öz regionlarının lider ölkələridir. Bu regionda təsirli olmaq istəyən hər hansı dövlət mütləq bu reallıqla hesablaşmalı və onu nəzərə almalıdır”.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov burada təəccüblü heç nə görmür: “Son günlər onu görürük ki, qlobal aktyorların mübarizəsi ilə yanaşı dünya liderlərinin intriqaları da ortadadır. Makron siyasi portreti etibarilə maraqlı adamdır. Fransanı Amerikaya alternativ hala gətirmək istəyir. Amma sanki Avropada onun bu yanaşmalarından o qədər də məmnun deyillər. Xarici siyasətində Afrikada ciddi tənqidlərlə üzləşir. Ukrayna məsələsində önləyici cəhdləri boşa çıxdı. Makron və Bayden sanki daxildən bir- biri ilə mübarizə aparan iki qlobalist cinahı təmsil edirlər. Belə bir ortamda Makronun erməni kartına yönəlməsi təbiidir. Yekunda adam prezident olmaq istəyir. Prezident kürsüsündə qalmağa çalışır. Amma nə etsə də, edəcəkləri Amerikanın icazə verəcəyi hüdudlardadır”.

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
4-03-2022, 11:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər