reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycan Xankəndinə belə girəcək - Putinin "göz yumacağı" planın DETALLARI

reklam

Azərbaycan Xankəndinə belə girəcək - Putinin "göz yumacağı" planın DETALLARI


Son günlər qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında xeyli fəallaşması (Atəşkəsin pozulduğu günlər: 3 mart, 5 mart, 6 mart, 7 mart, 8 mart, 9 mart, 10 mart gecə, 10 mart gündüz, 11 mart gecə və səhər - red) diqqətdən qaça bilməz.

Ermənistan bununla iki məqsəd güdür: birincisi Ukraynada apardığı müharibəyə görə Azərbaycanı da guya Ermənistana hərbi müdaxilə adı altında Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla üz-üzə qoymaq, ikinci isə Rusiyaya izah etmək ki, bu məsələni sən həll edə bilmirsənsə, Qərbin dəstəyi ilə Azərbaycanla aramızdakı problemi yoluna qoyacağıq.

Başqa sözlə desək, İrəvan bir güllə ilə iki hədəf nişan almaq barədə düşünür. Elə bu səbəbdən də Ermənistan baş naziri iki daşın arasında Fransaya özünə yeni ağa axtarışına yollandı. Baxmayaraq ki, Paşinyan Ukraynada "xüsusi əməliyyat" başlamazdan əvvəl Vladimir Putinin dəvətini geri çevirmişdi. Moskvanın misli görünməmiş iqtisadi sanksiyaların tətbiqi altında əzildiyi bir vaxta Ermənistan rəhbərliyinin Parisə itaət etməsi, Nikol üçün nəticəsiz qalacaq kimi də görünmür.

Amma qayıdaq əsas məsələyə: Fransa səfərinin nəticəsiz qaldığını görən Ermənistan rəhbərliyi Qarabağın dağlıq hissəsində müxtəlif təxribatlarla, manipulyativ addımlarla Azərbaycanı total hərbi müdaxilə etmək məcburiyyətində qoyaraq Rusiyanın bu aralar diqqətinin əsasən Ukrayna ilə savaşa yönəldiyi bir vaxtda fürsətdən istifadə edib Qərbin Cənubi Qafqaza da müdaxiləsinə çalışır. Amma bu cəhdlərin nəticəsiz qalacağı Nikol Paşinyanın Paris səfəri zamanı bir daha məlum oldu. Emanuel Makronla görüşdən əliboş dönən Paşinyan dərhal xarici işlər nazirini Ankaraya yollayaraq Lavrova yalvarmasını istədi. Ararat Mirzoyan da elə belə davrandı.

Ermənistan XİN rəhbəri Lavrovun əlin sıxar-sıxmaz Azərbaycanla sərhəddə və Qarabağda gərgin vəziyyətdən giley-güzar edib. Lakin Ruisyanın XİN rəhbəri erməni həmkarının bu acizanə çıxışını ciddiyə almadığı diqqətdən qaçmayıb. Əvəzində Lavrov Mirzoyanla söhbəti zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr (Soçi) 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası prosesinə toxunub.

Tərəflər eyni zamanda Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi prosesini də müzakirə ediblər. Rusiyalı diplomat bu addımı ilə İrəvana yanlış yolda olduğunu, Ermənistana başından böyük işlərə qarışmamağı ilə bağlı xəbərdarlıq mesajı verib. Lavrov beləcə erməni həmkarına Qərbin bugünkü gün müdaxilə imkanlarının olduqca məhdud olduğu Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyətə yalnız Rusiyanın cavabdehlik daşıdığını, bu səbəbdən də oradakı proseslərin Moskvanın istəyinə uyğun olaraq cərəyan edəcəyini xatırlatmış olub. Eyni zamanda Lavrov erməni həmkarına sətraltı "əvvəlki kimi Qarabağda sizə hərbi dəstək nümayiş etdirməyəcəyik" mesajı ötürüb.

Başı onun üçün ölüm-qalım savaşına çevrilən Ukrayna ilə müharibəyə qarışdığından bütün diqqətini, qüvvəsini məhz bu cəbhəyə səfərbər etməyə başlayan Moskva görünür Qarabağdakı prosesləri qeyri-müəyyən zamana kimi diqqətdən kənar qoymaq variantını seçib. Belə olmasaydı Rusiya ordusunun ən elit, ən güclü və çevik üzvlərindən təşkil edilmiş sülhməramlı kontingentin bir hissəsini Qarabağdan çıxarıb dərhal Ukraynaya göndərməzdi.

Amma Bakı da Rusiyanın prosesləri nə vaxt ələ alacağını oturub gözləmək haqda düşünmür. Qanunsuz erməni silahlı dəstələrinin son günlər törətdikləri təxribatlara verilən adekvat cavablar, eyni zamanda Qarabağın dağlıq hissəsində məskunlaşan ermənilərin günlərdir yaranan istilik probleminin hələ də həllini tapmaması oradakı proseslərin artıq Azərbaycan tərəfindən idarə edilməyə başlamasından xəbər verir. Qondarma rejim qalıqları Qarabağın erməni əhalisini sakitləşdirmək, onların panikaya düşməməsi üçün "Magistral qaz kəmərinin zədələnmiş hissəsində təmir işlərinin başlanması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar davam edir" kimi bəyanatlarla çıxış etsələr də, məsələnin həlli gecikirsə, demək ki, hər şey Bakının planlaşdırdığı kimi gedir.

Erməni KİV-də və sosial şəbəkə seqmentində "Azərbaycanlılar Xramort kəndinə qoşunlar, o cümlədən tanklar və zirehli texnikalar gətiriblər. Çox güman ki, ciddi bir şey hazırlanır" kimi xəbərlərin durmadan yayılması da Azərbaycanın 44 günlük müharibə zamanı yarımçıq qalan bəzi məsələləri tamamlamaq məqsədilə "gözəgörünməz" əməliyyatları icra etməyə başladığından xəbər verir.

Belə demək mümkünsə, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin bir hissəsi Azərbaycan respublikasının ərazini Laçın dəhlizi vasitəsilə tərk etdikdən, onlar Ukraynaya dislokasiya edildikdən sonra gözlənildiyi kimi ərazilər öz sahiblərinin ixtiyarına keçir.

Azərbaycan Nazirlər Kabinetinin iki gün əvvəl açıqlaması bu planın tərkib hissəsidir. Edilən açıqlamada da bildirildi ki, Laçın dəhlizindən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan Respublikası adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlanıb. Bu da Azərbaycan həmin ərazilərin sahibi kimi nəzarəti tamamilə öz əlinə keçirmək üçün bir növ hüquqi zəmin hazırlamağa başladığından xəbər verir.

Bu səbəbdən də Rusiya höküməti və sülhməramlı kontingent qondarma rejim qalıqlarının istər Qarabağda yaranan gərginliklə bağlı, istərsə də istilik problemi ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar üçün köməklik etmələri istiqamətindəki müraciətləri qulaqardına vurulur. Bununla Rusiya Ermənistana ikili oyununa, xəyanətinə görə həm qulaqburması verir, həm də "öz dərdim özümə bəsdir" deyərək, bütün fikrini Moskva üçün taleyüklü əhəmiyyət daşıyan, dünya ilə apardığı savaşın onlara indiki məqamda hər şeydən vacib olduğuna işarə etdi. Çünki Moskvada artıq bilirlər ki, yaxşı bilirlər ki, Ukrayna onların şərti ilə razılaşmayacaq, sona qədər savaşmaq yolunu seçib. Belə olan təqdirdə Rusiyanın müharibəni dayandırıb geri addım atması isə Moskvada ciddi çatlar yarada bilər. Bu səbəbdən Kreml indiki vəziyyətdə Qarabağ rıçaqı uğrunda mövqe savaşını davam etdirməyi Rusiya üçün risk hesab edir. Azərbaycan da bunun fərqindədir. //milli.az//




Paylaş:


Müəllif : Tarix:
11-03-2022, 18:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər