reklam
Regionxeberlericom.az » Siyasət » NİYƏ “MÜHARİBƏ” YOX, “XÜSUSİ ƏMƏLİYYAT”? – Kremlin işğal planı və bunu əsaslandırma modeli fiaskoya uğrayıb!

reklam

NİYƏ “MÜHARİBƏ” YOX, “XÜSUSİ ƏMƏLİYYAT”? – Kremlin işğal planı və bunu əsaslandırma modeli fiaskoya uğrayıb!












Kreml Ukraynaya qarşı genişmiqyaslı təcavüzü inkar etmək üçün müxtəlif bəhanələrə əl atır və bununla yanaşı, Ukraynada müharibə getdiyini belə açıq söyləyə bilmir. Putin dəfələrlə bildirib ki, onlar Ukraynaya hücum etməyiblər və orada sadəcə, “xüsusi əməliyyat” həyata keçirirlər.

Bugünlərdə Rusiyanın baş diplomatı Sergey Lavrov da deyib ki, Ukraynaya hücum yox, “xəbərdarlıq” ediblər. Bəs, görəsən, Rusiya “müharibə” sözünü dilə gətirməkdən niyə qorxur?

Rusiya imperiyası bütün tarixi boyu özünü heç zaman işğalçı hesab etməyib və bu qədər geniş ərazilər tutanda da “əcəb edirəm!” deməyib. Həmişə bu əməllərinə bəraət qazandırmağa çalışıb və həmin siyasət indi də davam etdirilir.

Kreml uzun müddətdir ki, Ukraynanı zəbt etmək istəyir. Ukraynaya hücum layihəsinin gerçəkləşməsinə 2007-ci ildən - Vladimir Putinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışından sonra start verilib. Unutmayaq ki, həmin çıxışından xeyli öncə Putin SSRİ-nin dağılmasını “geosiyasi fəlakət” adlandırmışdı.

Rusiya Ukraynaya təcavüz etməmişdən öncə bunu əsaslandırmalıydı, buna bir ad qoymalydı. Müharibənin başladılması üçün zəmin, daha doğrusu, silsilə izahlar kompleksi yaratmalı, özünəməxsus tamaşa qurmalıydı.

Rusiya təbliğat sistemi necə işləyir?

Rusiya əhalisinin çox cüzi bir hissəsi indiki müharibənin əleyhinə çıxıb. Əksəriyyət isə hələ ki, Putini dəstəkləyir və hesab edir ki, Rusiya haqlıdır. Yoxsa, NATO gəlib Ukraynadan onlara raket atacaqdı. Bu düşüncə aparılan təbliğatın beyinlərə ziyanlı təsirinin nəticəsidir.

Məlum olduğu kimi, Rusiya təbliğat sistemi vahid mərkəzdən idarə olunur. Təbliğat təkcə TV kanalları vasitəsi ilə aparılmayıb. TV-lərlə yanaşı, ictimai-siyasi xarakterli mövzularda proqramlar hazırlayan internet TV kanalları, yazılı mətbuat, blogerlər, siyasi icmalçılar, iqtisadçı ekspertlər xüsusi təlimat əsasında işləyiblər. Hətta üzdə Kremlə qarşı çıxan, əslində isə süni müxalifət kimi yetişdirilənlər də var ki, onlar lazımi anda “mərkəz”in təlimatları əsasında hərəkətə gətiriliblər. Bu illər ərzində Kreml bəsit trollar ordusu yox, ”peşəkar” təbliğatçılar komandası yetişdirib. Düzdür, şit, düşük və cəfəngiyyat olmasına baxmayaraq, hələ ki, Rusiya ictimaiyyəti bu “təbliğat sıyığı”nı həzm edir. Ancaq bu, müvəqqətidir və yalnız qısa müddət üçün keçərlidir, sonra hər şey “bumeranq effekti” verərək, tərsinə dönəcək. Baxmayaraq ki, Ukraynadakı müharibə həqiqətləri tədricən üzə çıxdığına görə “Dojd” telekanalını, ”Exo Moskva”-nı, sosial şəbəkələri qapatdılar, müharibə əleyhdarlarına qarşı tez-tələsik mürtəce qanunlar qəbul etdilər...

Rusiyanın işğala bəraət üçün istifadə etdiyi “arqumentlər”

Neçə illərdir ki, dünya ictimaiyyətini və xüsusilə də rusiyalıları inandırmağa çalışırlar ki, Kreml haqlıdır və o, öz təhlükəsizliyini təminata almalıdır. Bu təbliğat kampaniyası əslində lap çoxdan gedir, hətta Krımın ilhaqından da qabaq. Amma Krım və Donbasın ələ keçirilməsindən sonra bu daha geniş vüsət aldı. Ümumi təbliğat platforması aşağıdakı tezislər üzərində qurulub.

Rusiyanın birinci arqumenti: NATO şərqə doğru genişlənir və tezliklə Ukraynanı da bu hərbi bloka qəbul edəcəklər. Beləliklə, Ukraynadan Rusiyanın raket zərbələri ilə vurulması daha da asanlaşacaq, yəni, istənilən hədəfin məhv edilməsinə az vaxt sərf olunacaq. Moskva raket zərbələri deyəndə, əsasən nüvə silahını nəzrdə tutur. İlk baxışdan elə görünə bilər ki, Rusiya təhlükəsizliyindən narahatlıq duyduğu üçün NATO-nu öz sərhədlərinə yaxın buraxmaq istəmir.

Əks arqument: Məgər Rusiya ilə həmsərhəd olan Estoniya və Latviya NATO-nun üzvü deyil? Onlar hələ 2004-cü ildən alyansın üzvüdürlər və indiyədək NATO bu ölkələrin ərazisində hücum silahı yerləşdirməyib. Az sayda hərbi kontingentlər isə yalnız Krımın ilhaqından sonra NATO tərəfindən həmin bölgəyə gətirilib.

Bildiyimiz kimi, Rusiyanın NATO-ya göndərdiyi ultimatumda deyilir ki, Alyans 1997-ci ilədək olan sərhədlərinə çəkilməlidir. NATO SSRİ-nin dağılmasını əlverişli fürsət kimi görərək, öz geostrateji maraqlarına uyğun davranıb. Təbii ki, ABŞ və digər Qərb dövlətləri Rusiyanın maraqlarına görə hərəkət etməyəcək. Ukrayna müstəqil dövlət kimi haraya gedəcəyini özü müəyyənləşdirə bilər. Siyasətdə həmişə güclü tərəf öz iradəsini daha zəif tərəfə diktə edib. Rusiyanın özü güclü tərəf kimi MDB ölkələrinə qarşı necə davranır? Hamını öz vassalı hesab etmirmi?

İstər hərbi, istərsə də iqtisadi tərəfdən qüvvələr nisbətinə baxsaq, NATO ölkələrinin iqtisadi və hərbi potensialı ilə Rusiyanın müvafiq imkanları arasında böyük uçurum var. Bundan belə nəticə çıxara bilərik: Rusiya xalis avantürist siyasət yürüdür.

Rusiyanın ikinci arqumenti: Ukraynada faşistlər hakimiyyətdədir və onlar Ukraynadakı rus xalqının hüquqlarını pozurlar. Bunun qarşısını almaq üçün Kiyevi xuntadan və faşistlərdən təmizləməliyik, Ukrayna xalqı onlardan təngə gəlib, biz oraya daxil olan kimi hamı sevinəcək və s.

Əks arqument: Maraqlıdır ki, hətta ukraynalıların böyük bir hissəsi məişətdə rus dilində danışırlar. Orada yaşayan rusların həm həyat şəraitləri və həm də hüquqlarının qorunma səviyyəsi Rusiyadakı ruslardan daha yaxşıdır. Zelenskini Ukrayna xalqı seçib və o, milliyətcə yəhudidir. Yaxın tarixdən də bəllidir ki, faşizm yəhudi genosidi həyata keçirib. Belədə, yəhudi Zelenski necə faşist ola bilər? 

“Xunta” hakimiyyətin hərbi yolla ələ keçirilməsinə deyilir. Zelenski isə silahla hakimiyyətə gəlməyib, xalq tərəfindən şəffaf seçkilərdə Prezident seçilib. Ukraynalılar təbii sərvətlərlə zəngin olan geniş əraziyə malik Rusiyada əhalinin güzəranından yaxşı xəbərdardırlar. Məgər ukraynalılar korrupsiya girdabında batmış Rusiyanı görmürlər və yaxud, yaxın zamanlara kimi “xruşovkada” yaşayan Putinin ətrafındakıların necə sürətlə multimilyarderə çevrildiklərindən bixəbərdirlər? Rusiya ukraynalılara yaxşı nə verə, öz ölkəsi ilə bağlı Ukrayna xalqına hansı yaxşı nümunə göstərə bilər?

Rusiyanın üçüncü arqumenti: Ukrayna xalqı yoxdur, onlar rusdurlar və biz eyni millətik. Ukrayna süni dövlətdir, onu bolşeviklər, Lenin qurub, ona görə də tarixi ədaləti bərpa etməliyik.

Vladimir Putin bu fikirləri keçən il yazdığı geniş məqaləsində səsləndirmişdi.

Əks arqument: Ukraynalılar ruslar kimi etnik slayvandırlar. Ancaq onlar ruslardan fərqlidirlər, dilləri də ayrıdır və rus deyillər. Polyaklar, çexlər, slovaklar, bolqarlar, serblər, xorvatlar necə slavyandırsa, ukraynalılar da eləcə slavyandır.

Ukrayna xalqı Kremlin marionetkası olan Viktor Yanukoviçi qovdu. Ukrayna müstəqil dövlətdir və bütün beynəlxalq hüquq normalarına görə onun ərazi bütövlüyü qorunmalıdır. Həm də Rusiyanın beynəlxalq normalara riayət etmək öhdəliyi var. Əgər hansısa mifik tarixi ədalət bərpa olunmalıdırsa, onda gərək Uzaq Şərq Çinə, Saxalin və Kuril adaları Yaponiyaya, Kalininqrad vilayəti Almaniyaya, Kareliya Finlandiyaya, Krım Türkiyəyə verilsin. Hələ üstəlik, Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Udmurtıya, Mordoviya və Şimamli Qafqaz xalqları müstəqil olmalı və Rusiyanın sərhədləri Ural dağlarının qərb yamaclarında bitməlidir.

Rusiyanın dördüncü arqumenti: SSRİ dövründə Ukrayna inkişaf etmiş respublika idi. İndi yeni birlik yaradılacaq və Ukraynanın Rusiya ilə birlikdə orada təmsil olunması onu xoş gələcəyə aparacaq.

Əks arqument: Rusiya Sovet İttifaqı və ya ona bənzər hansısa birlik yaratmaq iqtidarında deyil. Əvvəla, SSRİ-nin Qərblə rəqabət apara biləcək elmi, sənayesi, texnoloji və hərbi potensialı vardı. Rusiya isə tənəzzülə doğru diyirlənir. Digər yandan, bunun baş tuta bilməyəcəyinin obyektiv səbəblərindən biri də ideologiyanın yoxluğudur. Sovet İttifaqının kommunist ideologiyası çoxmillətli cəmiyyəti hansısa bəşəri məqsədlər naminə bir araya gətirən özünəməxsus yapışqan rolu oynayırdı. SSRİ kommunist ideologiyasını özünün başlıca prinsipi götürmüşdü və onu bütün dünyaya yayacağını bəyan edirdi. Moskva deyirdi ki, bütün sovet xalqları ictimai ədalət sistemi ətrafında birləşib. Ancaq indi Kremlin bu mövzuda deməyə sözü yoxdur. Kreml heç Rusiya Federasiyası üçün ideoloji platforma hazırlaya bilməyib.

Rusiya Prezidentinin köməkçisi olmuş Vladislav Surkov geniş konsepsiya üzərində işləyirdi. Axı, gələcəyin necə olacağı barədə xalqa nəsə demək lazım idi. Yəni ”biz nə üçün hakimiyyətdəyik və məqsədimiz, amalımız nədir” sualına cavab verilməliydi. Ancaq ən nəhayətdə Surkov ortaya ağlabatan bir şey qoya bilmədi. Deməli, mayası büdcənin talan edilməsi və yalanla yoğrulan Rusiya elitası ilə pozitiv birlik qurmaq nonsensdir. Bir də qətiyyən unudulmasın ki, ukraynalılar üçün SSRİ “Qolodomor”u assosiasiya etdirir...

Rusiya rəhbərliyinin işğal planı və bunu əsaslandırma modeli fiaskoya uğrayıb

Vladimir Putin inanırdı ki, hadisələr 2014-cü ildə Krımın ilhaqındakı kimi cərəyan edəcək. Kremldə hesab edirdilər ki, Ukrayna əsgərləri çoxsaylı rus ordusunu görüb dəhşətə gələcək və çarəsiz qalıb silahı dərhal yerə qoyaraq, Rusiyanın tərəfinə keçəcək. Xalq isə dinməzcə Kremlin ssenarisinə uyğun davranacaq. Ukraynanın şərq hissəsində əhali rus əsgərlərini xilaskar kimi qarşılayacaq, Ukraynaya təcavüz ən uzağı üç-dörd gün ərzində yekunlaşacaq, Zelenski hansısa rusmeylii müqəvva ilə əvəzlənəcək və s. Elə ona görə də Putin hücumun ikinci günü Ukrayna hərbçilərini silahı yerə qoyub, Rusiya ordusuna qoşulmağa çağırırdı. Çünki hazırladıqları planın onların istəyinə uyğun formada həyata keçəcəyinə əmin idilər. Əgər hər şey bu cür cərəyan etsəydi və yalnız ayrı-ayrı yerlərdə epizodik müqavimət olsaydı, o zaman həqiqətən də bu hücumu müharibə yox, ”xüsusi hərbi əməliyyat” adlandırmaq mümkün idi.

Deməli, indi Rusiya gözlənilməz vəziyyətlə üzləşib. Hazırda Kremlin haray-həşir ustalarından ibarət təbliğat ordusu rəhbərin nə demək istədiyini yaxşı qavrayırlar. Hələlik, nəyin bahasına olursa olsun, “müharibə” kəliməsi qəti surətdə istifadə edilməməlidir. Çünki Kreml rəhbəri daim vurğulayıb ki, biz, Ukrayna xalqını neofaşist rejimdən xilas etməyə, onu azadlığa qovuşdurmağa gedirik və bizim Ukarynanı işğal etmək niyyətimiz yoxdur.

Ona görə də “müharibə” sözünün işlədilməsi o anlama gəlir ki, Ukrayna xalqı Rusiya ordusuna qarşı döyüşür və onlar rusları işğalçı hesab edirlər.

Beləliklə, Rusiya rəhbərliyinin işğal planı və bunun əsaslandırılması modeli fiaskoya uğrayıb. Bunu Kremldə və Baş Qərargahda yaxşı bilirlər. Ona görə də yeni plan üzərində baş sındırırlar...




Paylaş:


Müəllif : Tarix:
15-03-2022, 08:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər