reklam
Regionxeberlericom.az » Siyasət » Paşinyanın “güzəşt” hiyləsi: - “Azərbaycan Ermənistanı sülhə məcbur etməlidir"

reklam

Paşinyanın “güzəşt” hiyləsi: - “Azərbaycan Ermənistanı sülhə məcbur etməlidir"


"Biz yaxın zamanda sülh müqaviləsi imzalamağa və güzəştə getməyə hazırıq".

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Ermənistanın bəzi ərazilərdən geri çəkilə biləcəyini də vurğulayıb:

"Azərbaycana təklif etmişik ki, Arazdəyən sektorunda onlar bizim bir neçə ərazimizdən mövqelərini geri çəksinlər. Əvəzində biz də onların ərazisindən bir neçə mövqedən geri çəkilərik. Dünyada və regionda gərginliyin azaldılmasında və fundamental həll yollarının tapılmasında özümüzü məsuliyyətli hiss edirik. Buna görə hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları mümkün qədər tez başlamalıdır".

Həqiqətən də Paşinyana inanmaq olarmı? Ermənistan vaxt qazanmaq, yoxsa beynəlxalq gücləri prosesə qoşmaq istəyir? Dia.az-ın məlumatına görə, AMEA Qafqazşünaslıq İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Cebhe.info-ya bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar yaratdı:

"Eyni zamanda, dünyada baş verən geosiyasi proseslər bir tərəfdən Azərbaycanın mövqeyini gücləndirməkdə, digər tərəfdən Ermənistanın uzun illər ərzində arxalandığı güclərin mövqeyini xeyli dərəcədə zəiflətməkdədir.

Bu baxımdan, rəsmi İrəvanın dəyişən geosiyasi reallıqlara uyğun olaraq zaman-zaman müxtəlif açıqlamaları olur. Təbii ki, ermənilər əvvəl-axır ərazi bütövlüyümüzü və Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanımalı olduqlarının fərqindədirlər. Bununla yanaşı, Ermənistan tərəfi Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı razılığa gəlməli və Bakının diqtə etdiyi şərtlərə əməl etməli olduqlarını da başa düşürlər.

Ermənilər sadəcə olaraq, bu prosesdə daha çox zaman qazanmaq istəyirlər, eləcə də situasiyanın yenidən onların xeyrinə dəyişə biləcəyini gözləyirlər. Ona görə də Ermənistan rəhbərliyi bəzən Azərbaycanın siyasi mövqeyi ilə razılaşan, bəzən isə üçtərəfli Bəyanata uyğun olmayan açıqlamalar verir".

Tarixçi deyib ki, son zamanlarda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə dair müəyyən dəyişikliklər hiss olunur:

"Qismən də olsa, bunları müsbət dəyişikliklər olaraq qiymətləndirmək mümkündür. Lakin erməni siyasəti ənənəvi xarakterini hələ də tərk etməyib.

Düşünürəm ki, Azərbaycan indiki şəraitdə yaranmış üstünlükləri dəqiqliklə dəyərləndirməlidir. Rəsmi Bakı Azərbaycan diqtə etdiyi şərtlərlə Ermənistanın sülh müqaviləsi imzalamağını təmin etməlidir. Beləliklə də, İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm zəfəri, diplomatik qələbələrlə də möhkəmləndirməliyik. Əlbəttə ki, Azərbaycanın bu qələbəsi regionun inkişafı deməkdir. Hətta Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq Ermənistanın özünün də inkişafına səbəb olacaq. Ümumiyyətlə, Ermənistanın xilas olmaq üçün rəsmi Bakının diqtə etdiyi şərtlərdən başqa çıxış yolu qalmayıb".

Elnur Kəlbizadənin sözlərinə görə, Nikol Paşinyanın və Ermənistandakı digər rəsmi şəxslərin açıqlamalarına geosiyasi amillər təsir edir:

"Bununla yanaşı, Paşinyan iqtidarı öz mövqeyini möhkəmləndirmək və bugünkü terrorçu müxalifət tərəfindən təzyiqlərə məruz qalmamaq üçün fərqli açıqlamalar da verir.

Hətta Ermənistanın rəhbərliyi bəzi hallarda müxalifət tərəfindən iqtidar haqqında yaradılan satqın obrazından qaçmaq üçün sərt bəyanatlar səsləndirir. Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistanı sülhə və iki ölkə arasında münasibətlərin normallaşması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə məcbur etməlidir".




Paylaş:


Müəllif : Tarix:
26-03-2022, 15:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər