reklam
Regionxeberlericom.az » Siyasət » Delyagini Rusiyadan gətirməyin yolu - Moskva bəyannaməsi, 18-ci bənd...

reklam

Delyagini Rusiyadan gətirməyin yolu - Moskva bəyannaməsi, 18-ci bənd...


Azərbaycan Baş Prokurorluğu Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixail Delyaginin çıxışı faktı üzrə cinayət işi başlayıb. Bu barədə prokurorluğun məlumatında deyilir. Belə ki, 28 mart 2022-ci il tarixində Rossiya-1 kanalında “60 minut” (“60 dəqiqə”) verilişində Delyagin açıq-aşkar Azərbaycana qarşı təcavüzkar müharibəyə çağırıb, ölkənin energetika infrastrukturunun və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə haqqında təxribat xarakterli bəyanatla çıxış edib.

Azərbaycan Baş Prokurorluğu bu ifadələrdə Azərbaycan CM-in 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar); 214.2.3 (terror hərəkətləri törədiləcəyi ilə hədələmə); 283.2.1 və 283.2.2-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrində nəzərdə tutulmuş cinayət əlamətlərini müəyyən edib.

Martın 29-da Delyaginə qarşı qiyabi olaraq Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə İnterpol vasitəsilə onun barəsində beynəlxalq axtarış elan edilib.

“Bir sıra tərəfdaş ölkələrin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin bu ölkələrin ərazisinə daxil olarkən dərhal saxlanılmasının və Azərbaycana ekstradisiyasının təmin edilməsi üçün müraciət göndərilib”, - deyə Baş Prokurorluğun məlumatında bildirilir. Amma məlumatda RF-nin özünə Delyaginin təhvil verilməsi üçün sorğu göndərilib-göndərilmədiyi açıqlanmır.

Delyaginin həbsi üçün hüquqi əsasları olsa da, məlumdur ki, Rusiyada öz vətəndaşının başqa ölkəyə təhvil verilməsi qanunla yasaqdır. Amma Moskva bəyannaməsinin 18-ci bəndi məhz ekstremizmə çağırışla bağlıdır. Həmin bənddə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Azərbaycan indiyədək bir neçə erməni barəsində cinayət işi açıb və axtarışa verib. Rusiyalı deputatlardan isə XİN-in “qara siyahısında” olanlar var. Amma ilk dəfədir ki, Azərbaycan rusiyalı deputata qarşı cinayət işi başlayıb və barəsində axtarış elan edib.

Yada salaq ki, Delyagin Azərbaycanla bağlı fikirlərinin yanlış olduğunu etiraf edib və səhvinə görə üzr istəyib. “Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməməyə dair tövsiyəsində tamamilə haqlıdır və mən bu tövsiyələri tam yerinə yetirəcəyəm. Müdafiə Nazirliyimiz sülhməramlılarla vəziyyəti müzakirə etdikdən sonra Azərbaycan qoşunları geri qayıdıb və Azərbaycan Müdafiə Nazirliyi çox nəzakətlə izah etdi ki, qoşunları heç yerə getməyib. Mənim sözlərimdən sonra qorxmuş, incimiş və çaşqınlıq hissi keçirmiş hər kəsdən üzr istəyirəm”, - deyə deputat sosial şəbəkə hesabında vurğulayıb.

Delyaginin üzrxahlığı onu cinayət məsuliyyətindən azad edirmi? Dia.az-ın məlumatına görə, politoloq Eldar Namazov “Yeni Müsavat”a deyib ki, Mixail Delyagin xırda xuliqandır: “Ona heç cinayət işi başlanmasını da yaraşdırmıram. Ona ən yaxşı cavabı Rasim Musabəyov verdi. Delyaginin üzrxahlığı da qəbul edilmir. Çünki düz-əməlli bir üzrxahlıq da etməyib. Gəlib Azərbaycan məhkəməsi qarşında üzrxahlıq edər”.

Deputat Rasim Musabəyov deyib ki, Delyaginin Rusiya Federasiyasında siyasi və sosial çəkisi o qədər kiçikdir ki, o, Rusiya Federasiyasının enerji infrastrukturunun təhlükəsizliyini demirəm, hətta özünün “beşinci nöqtəsinin” təhlükəsizliyini təmin edə bilmir. Odur ki, o, dövlət telekanalının televiziya ekranından indiyə qədər dost olan Azərbaycanın neft infrastrukturunun məhv edilməsi ilə bağlı təhdidləri məsuliyyətsiz şəkildə səsləndirməməli idi.

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, rusiyalı deputat Mixail Delyagin qısa bir zamanda tutularaq Azərbaycan məhkəməsi önünə çıxarılmalıdır: “Delyagin Rusiyada oturub Azərbaycanı təhdid edəcək və bundan sonra da üzrxahlığa oxşar bir açıqlama verib canını qurtaracağını düşünürsə, səhv edir. Onun barəsində Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başlayıblar və barəsində həbsli axtarış veriblər. Delyaginin üzrxahlığı Azərbaycan məhkəməsində onun cinayət işi üzrə proses keçirildiyi zaman yüngülləşdirici hal kimi nəzərdən keçirilə bilər”.

Hüquqşünas deyir ki, Delyagin Azərbaycan qanunlarına uyğun olaraq mühakimə ediləcək: “Rusiya vətəndaşı olduğuna görə Delyaginin ekstradisiyasını Rusiyadan tələb etmək üçün hüquqi baza yoxdur. İmzalanmış Moskva bəyannaməsinin 18-ci bəndinə istinad etsək ki, Delyagini təhvil verin, buna əməl etməyəcəklər. Bəyannamənin 18-ci bəndi hər iki dövlətin beynəlxalq terrorizmə qarşı birgə mübarizəsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin bənddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Lakin Rusiya öz vətəndaşlarını digər dövlətlərə təhvil vermir. Azərbaycan Delyaginin Rusiyada mühakimə edilməsini istəyirsə, barəsindəki cinayət işinin materiallarını Rusiya istintaq orqanlarına təhvil verməlidir. Aydındır ki, bu halda Delyaginə cəza verilməsi müşkül məsələdir. Ona görə də beynəlxalq axtarışın nəticələrini gözləmək lazımdır. Delyagin digər ölkənin ərazisində həbs olunub Azərbaycana təhvil veriləcəyi halda, onu Azərbaycan məhkəməsinin qarşısına çıxarıb mühakimə etmək lazımdır. Məhkəmə humanistlik göstərəcəksə, onun üzrxahlığını qəbul edəcəksə, bu halda belə onu çağırışlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 - təcavüzkar müharibəni başlamağa açıq çağırışlar; 214.2.3 - terror hərəkətləri törədiləcəyi ilə hədələmə; 283.2.1 və 283.2.2-ci - milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri üzrə 10 ildən artıq cəza gözləyir”.




Paylaş:


Müəllif : Tarix:
1-04-2022, 10:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər