reklam
Regionxeberlericom.az » Siyasət » Sülh siqnallarını tərsinə anlayan İrəvan... - NƏ BAŞ VERİR?

reklam

Sülh siqnallarını tərsinə anlayan İrəvan... - NƏ BAŞ VERİR?


Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında uzun on illər sonra srağagün baş tutan birbaşa telefon danışığı tərəflər arasında sülh anlaşması yönündə ehtiyatlı nikbinliyi qismən artırıb. Ona görə “qismən” ki, İrəvan rəsmilərinin “ipinə odun yığmaq” hələ çox tez, eyni zamanda risklidir. Çünki ermənilərin sülh, barışıq anlayışı klassik sülh anlayışından, sözləri isə əməllərindən həmişə fərqlənib, indi də böyük ölçüdə fərqlənir. Bu da növbəti isti fakt.

“Ermənistan heç vaxt Azərbaycana ərazi iddiası irəli sürməyib”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Ardınca da əlavə edib: “Biz həmişə demişik ki, ”artsax xalqı"nın (dırnaqlar bizimdir - red.) öz müqəddəratını təyin etmək hüququ “artsax xalqı”nın işidir. Biz Azərbaycana qarşı ərazi iddiaları irəli sürməmişik".

Erməni siyasi riyakarlığının növbəti təzahürü. Məntiqli sual yaranır: əgər həqiqətən də ölkəmizə qarşı ərazi iddianız yoxdursa, Bakının irəli sürdüyü 5 baza prinsipini məqbul sayırsınızsa, o zaman nədən bunu rəsmiləşdirmir, sülh müqaviləsindən qaçır və bunu hər addımda “artsax xalqı”nın haqq eləmədiyi “öz müqəddəratı təyinetmə” hüququna aparıb bağlayırsınız? Bu, ərazi iddiası deyilsə, nədir? Qarabağdakı bir ovuc erməniyə hansısa imtiyazlar vermək Azərbaycanın daxili işidir, onun konstitusiyasına aid “məsələdir”. Bunun sülh müqaviləsinə, yaxud sərhədlərin dəqiqləşdirilməsinə, görəsən, nə dəxli?

İkinci yandan, Azərbaycan da eyni şərti qoysa, yəni ötən əsrin 80-ci illərində Ermənistandan qovulmuş və vaxtilə kompakt ərazidə yaşamış 250 minlik soydaşımız üçün simmetrik şəkildə öz müqəddəratını təyinetmə haqqı tələb eləsə, onda necə?

Yeri gəlmişkən, Ararat Mirzoyan Azərbaycan XİN başçısı ilə danışdığı eyni gündə İrəvanda ATƏT-in faktiki mövcud olmayan Minsk Qrupunun fransalı həmsədri ilə görüşüb. Tərəflər yenə köhnə ritorikanı səsləndirib. Bu, əlbəttə ki, Bakıya qarşı ərazi iddiasının daha bir nümayişi olmaqla yanaşı, bir daha rəsmi İrəvanın gerçək sülh prosesinə barmaqarası baxdığını, onun qeyri-ciddi və qeyri-səmimiliyini, yeni status-kvonu israrla rədd elədiyini və MQ vasitəsilə Bakıya təzyiq eləmək istədiyini təsdiqləyir.

*****

Hərçənd kapitulyant ölkədə yavaş-yavaş da olsa sərt gerçəyi dərk edənlərin, “status” və “miatsum” qatarının getdiyini anlayanların sayı artır.

“Dağlıq Qarabağ məsələsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlik formatı faktiki olaraq mövcud deyil”.

Bunu Ermənistan Respublikaçılar Partiyasının (sədri eks-prezident, Xocalı hərbi canisi Serj Sərkisyan) nümayəndəsi Eduard Şarmazanov deyib.

Müxalifətçinin fikrincə, Rusiya ilə Qərbin qarşıdurması şəraitində və verilən müəyyən optimist bəyanatlara rəğmən, bu format effektiv şəkildə daha mövcud ola bilməz. “Mövcuddursa belə, sırf görüntü xətrinədir. Bizim regionda liderlik uğrunda mübarizə gedir. Təbii ki, MQ formatının qorunub saxlanması bizim maraqlarımızdan irəli gəlirdi. Rusiya ilə Qərb arasında ziddiyyətlərin güclənməsi heç bir halda Ermənistanın maraqlarına cavab vermir. Hər şey göz qabağındadır. Bu, yeni təlatümlər və Türkiyə üçün yeni imkanlar yaradacaq. Azərbaycanla birlikdə o, Ermənistanın maraqları bahasına bir sıra mühüm məsələləri həll edə bilər. Ona görə də biz realist olmalıyıq”, - deyə o, təlaş içində vurğulayıb.

Şarmazanova görə, Qarabağın gələcəyini Rusiya və Türkiyənin timsalında NATO həll edəcək. “Əslində bölgədə cəmi iki böyük ordu var - Rusiya və Türkiyə”, - deyə müxalifətçi etiraf edib.

Öz növbəsində Ermənistandakı “Hayrenik” (“Vətən”) Partiyasının mətbuat katibi Sos Akopyan Facebook statusunda yazıb: “Qərblə Rusiya arasında enerji ilə bağlı qarşıdurmadan dolayı Azərbaycan Avropa İttifaqı və ABŞ üçün çox vacib və arzuolunan müttəfiqə çevrilib. Bu şəraitdə ”artsax" və “artsax” ermənilərinin maraqları Qərb üçün əhəmiyyətsizləşir və lüzumsuz başağrısına çevrilir".

Erməni Milli Konqresinin sədr müavini (rəhbəri sabiq prezident Levon Ter-Petrosyandır) Levon Zurabyan da əmindir ki, Ermənistan acı reallıqları nəzərə almalıdır: “Bu gün Minsk Qrupunun həmsədrlərinin vahid söhbəti mümkün deyil. Biz milli səviyyədə həm Minsk Qrupu məsələsində, həm də digər məsələlərdə niyə bu vəziyyətdə olduğumuzu başa düşməliyik”, - deyə o qeyd edib.

Sözünə davam edən Zurabyan bildirib: “Bu gün biz sülh nizamlanmasında aparıcı rol oynayan Rusiya ilə danışa bilərik. ABŞ və Fransa ilə də danışmalıyıq. Bu, bizim seçimimiz deyil. Qəribə vəziyyət yaranıb: vasitəçi olmalı olan insanların danışıqlar apara bilməsi üçün indi onların özlərinə vasitəçi lazımdır. Biz müxtəlif formatlı danışıqlara gedə bilərik, lakin Minsk Qrupundan vahid siyasət, vahid yanaşma gözləmək real deyil. Məsələn, Nikol Paşinyanın sülh sazişi imzalamaq üçün Minsk Qrupu həmsədrlərini Ermənistan-Azərbaycan danışıqlarına dəvət etməsi əslində qeyri-real təklifdir...”

*****

Kapitulyant ölkədə hökm sürən bədbinliyə dair daha bir ibrətamiz fakt: dünən radikal müxalifət təmsilçisi, eks-müdafiə naziri, Xocalı canisi Seyran Ohanyanın Ermənistan parlamentinə gətirib tribunaya sancdığı “artsax bayrağı” orada heç yarım saat qalmayıb. Əski parçasını tribunadan digər bir deputat - hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Vaaqn Aleksanyan çıxarıb.

Bir sözlə, “artsax”ın kitabı həmişəlik bağlanıb...




Paylaş:


Müəllif : Tarix:
13-04-2022, 09:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər