reklam
Regionxeberlericom.az » Siyasət » “Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılsın” - Başqa yolu YOXDUR!

reklam

“Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılsın” - Başqa yolu YOXDUR!


Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində diplomatik aktivlik artıb. Aparıcı xarici ölkələr - ABŞ, Fransa, Rusiya rəsmilərindən Bakı və İrəvana edilən telefon zəngləri, diplomatların Azərbaycan və Ermənistana səfərləri və verilən bəyanatlar onu deməyə əsas verir ki, sülhə doğru prosesin sürətlənəcəyi istisna deyil. Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya müsahibəsində deyib ki, hazırda yeni vəziyyət yaranıb:

- Artıq rəsmi olaraq ATƏT-in Minsk Qrupu yoxdur. Eyni zamanda, təkcə Minsk Qrupu yox, ümumiyyətlə, ATƏT-in vasitəçiliyi də mövcud deyil. Minsk Qrupu işçi qrup idi, üzərinə vəzifələr qoyulmuşdu. Vasitəçiliyi isə ATƏT həyata keçirirdi ki, bu vasitəçiliyi ATƏT-ə BMT həvalə etmişdi. Hazırda Rusiya ilə Qərb dövlətləri arasında böhran yaşanır. Minsk Qrupunun ləğvinin ən başlıca səbəbi məhz bu böhrandır. Deməli, köhnə format rəsmi olaraq ləğv edildi. Danışıqlar üçün yeni format hazırda yoxdur. İndi əsas sual budur: danışıqlar necə baş verəcək - birbaşa tərəflər arasında, yoxsa hansısa ölkələr vasitəçilik edəcək?

- Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirdi ki, Azərbaycan "Bakı-İrəvan" formatında danışıqlara hazırdır. Yəni ki, rəsmi Bakı ikitərəfli danışıqları daha məqbul görür...

- Azərbaycan o mövqedədir ki, “gəlirsinizsə, hansı təklifləriniz var?”. Hələlik vəziyyəti öyrənmək mərhələsindəyik. Hiss olunur ki, müxtəlif oyunçular - həm Qərbdən olanlar, həm Rusiya istəyir ki, gələcəkdə baş tutacaq danışıqların hansısa formatı olsun və orada öz rollarını qoruyub-saxlasınlar. Onların səfərləri, telefon danışıqları, diplomatik trafikdə məqsəd budur. Real danışıqlara gəlincə, bəzi addımlar artıq atılmaqdadır. Delimitasiya və demarkasiyaya aid Birgə Sərhəd Komissiyasının yaradılması, tərkibi barədə tərəflərin razılığı var. Bu Komissiya praktik işlərə başlaya bilər.

Amma nəzərə almaq lazımdır ki, delimitasiya və demarkasiya prosesi texnikidir, siyasi proses deyil. Siyasi problemlərin həlli digər trekdə həll olunacaq məsələlərdir. Həm Ermənistan, həm Azərbaycan sülh sazişinə aid öz nümayəndə heyətini formalaşdırmalıdır. İstisna etmirəm ki, hansısa mərhələdə bununla bağlı görüşlər baş tuta bilər. Amma bir məsələni hər zaman diqqətdə saxlamalıyıq: danışıqların başlaması heç də bütün mövzuların həlli deyil. Hesab edirəm ki, hələlik danışıqlar birbaşa tərəflər arasında ola bilər. Konsultativ köməyi həm Rusiya, həm də Avropa İttifaqı təklif edib. Konsultativ kömək isə heç də vasitəçilik anlamına gəlmir.

- Azərbaycan və Ermənistan XİN başçıları arasında iki dəfə telefon danışığı baş tutub. Demək olarmı ki, delimitasiya və demarkasiya, eyni zamanda, sülh sazişi ilə bağlı hazırlığı tərəflər özləri müəyyənləşdirmək niyyətindədir?

- Azərbaycan XİN başçısının ermənistanlı həmkarı ilə sonuncu telefon danışığında Birgə Sərhəd Komissiyasının tərkibi ilə bağlı fikir mübadiləsi aparıb. Yəni Komissiyanın tərkibi hansı qurumların nümayəndələrindən ibarət olacaq. Mən rəsmi məlumatdan belə başa düşdüm ki, fikir mübadiləsi bununla bağlı olub. Sülh sazişi məsələsinə gəldikdə isə, burada problemlər çoxdur. Çünki Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü beş prinsipi qəbul etdi, amma bu prinsipləri əsas olaraq qəbul etdi. Yəni rəsmi İrəvan deyir ki, "mən bu prinsipləri müzakirə mövzusu olaraq qəbul edirəm, amma həll hansı şəkildə olacaq, gələcəkdə baxarıq".

Biz gördük ki, Brüssel görüşündən sonra Paşinyan bir neçə zidiyyətli bəyanat verir. Məsələn, bildirir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sonra da Qarabağdakı ermənilərin "statusu" haqqında fikirlər səsləndirir. İrəvan demək istəyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, Qarabağ mövzusundan əl çəkməyəcəklər. Bunu hətta açıq şəkildə nümayiş etdirirlər. Bilirsiniz, məsələnin sadəcə formasını dəyişirlər, deyirlər ki, guya bu, ərazi yox, "insan hüquqları problemi"dir. Gələcəkdə də deyəcəklər ki, "xalqların öz müqəddəratını həll etmək prinsipi" əsas götürülməlidir.

Ermənistanda Qarabağdakı erməniləri əhali, potensial Azərbaycan vətəndaşları kimi yox, icma kimi, hətta "respublika" kimi görürlər və deyirlər ki, Azərbaycan qondarma qurumla danışıqlar aparsın. İstisna etmirəm ki, sabah "gedin Araiklə danışın" desinlər. Bu, təbii ki, qəbuledilməzdir. Azərbaycan "status" barədə mövqeyini açıq şəkildə açıqlayıb. Rəsmi Bakı Qarabağdakı ermənilərə ən yüksək status - Azərbaycan vətəndaşı statusu verməyə hazırdır. Onlar istəyirlər ki, vətəndaşlıq hüquqlarından əlavə, erməni olduqlarına görə, hansısa mədəni, siyasi, maliyyə və digər hüquqlar əldə etsinlər. Danışıqlar bir az da uzansa, xarici siyasət aparmaq da istəyəcəklər. Ermənistanın mövqe deformasiyasını 30 ildir görürük. Bu, İrəvandan sərgilənən yeni mövqe deyil. Hesab edirəm ki, Ermənistan köhnə siyasətini yeni üslubda davam etdirmək niyyətindədir.

- Belə olan halda Azərbaycan hansı addımları atmalıdır?

- Əlbəttə, Azərbaycan cavab verəcək, mövqeyini bir daha xatırladacaq. Onlar Azərbaycan qanunlarını qəbul etməli, vətəndaşlıq statusunu almalıdırlar, vəssalam! Bu, birmənalı mövqedir. Amma hesab edirəm ki, bəlkə, Milli Məclis Ermənistan Parlamentinə müraciət etsin ki, tarixi ədaləti bərpa etmək üçün Zəngəzur və Göyçə mahalı Azərbaycana qaytarılsın. Belə əks-gediş lazımdır. Onlar Qarabağ münaqişəsi başlayan zaman Azərbaycan Parlamentinə müraciət etmədilər ki, "miatsum" istəyirlər? İndi biz də Milli Məclis səviyyəsində təşəbbüs irəli sürək ki, istəyirik, siyasi yolla tarixi ədalət bərpa edilsin, tarixi ərazilərimiz olan, SSRİ vasitəsilə Ermənistana birləşdirilən Zəngəzur və Göyçə bizə qaytarılsın. Görək, cavabları nə olacaq? Bu da danışıqların bir predmeti olsun. Əgər Ermənistan istədikləri mövzunu danışıqlar predmetinə çevirmək istəyirsə, biz də Zəngəzur və Göyçə məsələsini danışıqlar masasına qoyaq.




Paylaş:


Müəllif : Tarix:
28-04-2022, 13:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər