reklam
Regionxeberlericom.az » Siyasət » Maddi kompensasiya əvəzinə Qərbi Zəngəzurda ərazi... - MÜMKÜNDÜRMÜ?

reklam

Maddi kompensasiya əvəzinə Qərbi Zəngəzurda ərazi... - MÜMKÜNDÜRMÜ?


“Ermənistan Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə istismar etmişdir. Oranı da ekoloji fəlakət zonasına çevirmişdir və qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb satılmışdır”.

Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Ölkə başçısı bildirib ki, rəsmi Bakı Ermənistanın Qarabağdakı qanunsuz istismarı ilə bağlı bütün hüquqi prosedurlara start verib: “Mən bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər”.

Azərbaycanın beynəlxalq ekspertlərin iştirakı ilə artıq dəymiş ziyanın qiymətləndirilməsinin başa çatması mərhələsində olduğu deyilir. Bu mərhələdən sonra Azərbaycan tərəfi dəymiş ziyanın ödənilməsi ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, Ermənistanın keçmiş baş prokuroru, Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan hələ bir müddət əvvəl bildirib ki, ermənilər Azərbaycana vurduqları ziyana görə 50 milyard dollar ödəməli olacaqlar. Prezidentin açıqlaması da bir daha göstərir ki, Azərbaycan Ermənistanı təzminat ödəməyə məcbur edəcək. Dia.az-ın məlumatına görə, deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bu istiqamətdə çox ciddi işlərin aparıldığını söylədi: “Təbii ki, Ermənistan tərəfindən Azərbaycanın istər abidələrinin, istərsə də ərazilərinin dağıdılması nəticəsində dəyən ziyanın hesablanması ilə əlaqədar çox ciddi işlər gedir. Beynəlxalq ekspertlərin iştirakı ilə dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlərin görüldüyünü bütün dünyaya bəyan etmişik. Düşünürəm ki, istər ermənilərin apardığı ekoloji soyqırım olsun, istər işğal müddətində infrastrukturun dağıdılması olsun, bütün bunları cənab Prezidentin göstərişləri ilə beynəlxalq ekspertlər araşdırır və artıq müvafiq mərhələləri keçib. Ermənilərin özləri də etiraf edirlər ki, guya bu 50 milyarddan çoxdur. Düşünürəm ki, bu rəqəm o qədər də ciddi rəqəm deyil. Dəfələrlə bundan çox milyard dəyərində ziyan vurulub. Bunun qarşılığını mütləq şəkildə Ermənistan təzminat kimi ödəməlidir. Hesab edirəm ki, Bakı beynəlxalq hüquq çərçivəsində Ermənistanı bu təzminatı ödəməyə məcbur edəcək. Tək Azərbaycan deyil, bütün dünya birliyi bunu ödəməsi üçün Ermənistana təzyiqlər etməlidir. Məhz buna görə də ermənilər çalışır ki, status-kvonu saxlasınlar. Bunun üçün də qondarma mitinq şouları edirlər. Ərazi bütövlüyü tanınandan, delimitasiya və demakrasiya prosesləri başlayandan sonra düşünürəm ki, ən öndə olan məsələlərdən biri də məhz təzminat məsələsi olacaq”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu istiqamətdə çox vacib məqamlara toxundu: “Ermənistan işğalı nəticəsində Azərbaycana dəymiş zərər və ziyanların əvəzinə indi Ermənistanın təzminat ödəməsi tamamilə legitim tələbdir və bütün beynəlxalq instansiyalarda qaldırılaraq gündəmdə saxlanılması vacibdir. Bu tələbin irəli sürülməsi Ermənistan üzərində əlavə təzyiq vasitəsi olaraq da mühüm rol oynayır. Ümumiyyətlə, xarici ekspertlərə görə 50-100 milyard dollar arası bir məbləği əhatə edən təzminatdan söhbət gedir. Yerli ekspertlərimiz isə bu zərəri 1,3 trilyon dollar olaraq qiymətləndirirlər. Rəsmi rəqəm hələ ki hesablanıb açıqlanmayıb, lakin bu istiqamətdə iş gedir. Erməni lobbiçiləri təbii ki, hər vəchlə müxtəlif dövlətlərin hökumətlərində təzminat məsələsinin əleyhinə kampaniya aparır və aparacaqlar. Erməni lobbisinin gücü isə məlumdur. Məsələn, elə ən son həftə ərzində Türkiyə XİN-in rəhbəri Çavuşoğlu Uruqvayda ”bozqurd" işarəsi göstərdiyinə görə erməni lobbiçilərinin təsiri ilə Uruqvay Ankaraya səfir təyinatını təxirə saldı. Azərbaycanın erməni lobbisinin gücünü nəzərə alaraq, təzminata dair məsələni legitimləşdirmək və irəli sürmək üçün həm XİN, həm diaspora, həm də lobbi qrupları vasitəsilə xarici xidmət orqanları ilə birbaşa təmaslara keçməsi lazımdır. Lakin bunun uzun zaman tələb edən proses olacağı da aydındır. Məsələn, elə bugünlərdə təkrar gündəmə gələn, İtaliyanın Almaniyaya qarşı hələ 2008-ci ildə qaldırdığı iddia, Nazi dövründə yaşanan cinayətlərə görə kompensasiya tələbinə dair beynəlxalq məhkəmə qərarı hələ də əldə olunmamışdır. Lakin beynəlxalq hüquq dəymiş zərərə və ziyana görə məhkəməyə müraciət haqqını heç kimin əlindən almır. İraqın Küveyti işğalına görə 52,4 milyard kompensasiya ödəməsinə dair beynəlxalq məhkəmə qərarı presedent olaraq göstərilə bilər. Həmçinin Ermənistanın maddi kompensasiya əvəzinə Qərbi Zəngəzurda ərazi güzəştlərinə getməsi məsələsinin səsləndirilməsi ermənilər üçün “qorxulu yuxu” təəssüratı yaratmaqdadır. Paşinyanın hakimiyyətini qoruyaraq gələcəkdə “Zəngəzur koridoru” adı ilə belə bir güzəştə getməsi Azərbaycanın kompensasiya tələblərini arxa plana atmasına gətirib çıxara bilər. Belə ki, tarixdə kompensasiya tələbindən imtina edildiyi hallar da olub".




Paylaş:


Müəllif : Tarix:
6-05-2022, 09:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər