reklam
Regionxeberlericom.az » Siyasət » Moskva və Bakı arasında informasiya təhlükəsizliyi haqqında sazişin “pərdəarxası” - NƏ BAŞ VERİR?

reklam

Moskva və Bakı arasında informasiya təhlükəsizliyi haqqında sazişin “pərdəarxası” - NƏ BAŞ VERİR?













Rusiyanın xarici işlər naziri Serqey Lavrovun iyunun 24-də Bakıya səfəri çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişə əsasən, tərəflər təhlükəsizlik və sabitliyin qorunub saxlanılması, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət və s. sahələrdə əməkdaşlıq edəcəklər.

Bir sıra ekspertlər sazişin işlək olacağı halda, Rusiya mətbuatında Ermənistanla münasibətlər kontekstində Azərbaycana qarşı təbliğatın səngiyəcəyini, Qarabağ bölgəsində olan separatçılara Rusiya KİV-lərində yer verilməyəcəyini qeyd ediblər.

Bununla belə, ekspertlər Azərbaycan mətbuatında da Rusiya ilə bağlı bir sıra məhdudiyyətlərin tətbiq olunacağını istisna etmirlər.

Təxmin edilir ki, Rusiyanın təcavüzü nəticəsində Ukraynada baş verən müharibə ilə bağlı xəbərlərdə Azərbaycan mediasına hakimiyyət ciddi özünüsenzura təklif edə bilər.

“Hökumətyönlü media orqanlarına qadağalar qoyulacaq”

“Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev də hökumətyönlü media orqanlarına Rusiya mövzusu ilə əlaqədar qadağalar qoyulacağını istisna etmir:

“Əlbəttə, hökumətyönlü media orqanlarına qadağalar qoyulacaq. Azad və müxalif mətbuata bu qadağaları tətbiq etmək mümkün deyil. Söhbət ondan gedir ki, Bakı Moskvadan, xüsusən Qarabağla bağlı materiallarda Azərbaycanın maraqlarının gözlənilməsini istəyir. Öz növbəsində Rusiya da Azərbaycan mediasında Moskvanın tənqidinin mümkün qədər azaldılmasını istəyir”.

Bununla yanaşı, Şahin Hacıyev düşünür ki, bu saziş Rusiya mətbuatında Ermənistanla münasibətlər kontekstində Azərbaycanın əleyhinə olan yazıları tam olmasa da, kifayət qədər məhdudlaşdıra bilər.

“Tam son qoyulmasına inanmıram, amma kifayət qədər məhdudlaşdıracaq. Əgər hansısa bir informasiya, yaxud şərh yayılacaqsa, bu, artıq Kremldən gələn göstəriş hesab olunacaq. Tutaq ki, əvvəllər mətbuat bildiyini dərc edirdisə, bu dəfə qarşısı alınacaq. Çünki Rusiyada hazırda ciddi senzura var və onu pozanı cəzalandıracaqlar”, – deyə Şahin Hacıyev qeyd edib.

Onun fikrincə, sazişin işlək olub-olmaması siyasi iradə və beynəlxalq vəziyyətdən asılı olacaq.

Redaktor hesab edir ki, Rusiyanın nəsə xoşluna gəlməsə, yaxud lazım bilməsə, onu pozacaq.

“Saziş müvəqqəti olacaq”

Siyasi şərhçi Azər Qasımlı isə indiki həssas məqamda Azərbaycanda qadağaların tətbiqini inandırıcı saymır:

“Ancaq Rusiya ilə razılaşdırılmış şəkildə dövlətə yaxın mediada Kremlin istəmədiyi, maraqlarına uyğun olmayan materialların getməsinə qadağa qoyulacaq”.

Azər Qasımlı deyir ki, saziş çərçivəsində Azərbaycanın Qarabağ məsələsində marağına uyğun olmayan materialların getməsinin qarşısı müvəqqəti alınacaq:

“Təbii ki, rəsmi Bakı da Rusiyadan eyni addımın atılmasını istəyib”.

Politoloq hesab edir ki, bu saziş müvəqqətidir və sənəd Ukraynada gedən müharibədən asılı olacaq:

“Əgər Rusiya müharibədə məğlub olmağa başlayacaqsa, yaxud təcrid olunmuş vəziyyətə gələcəksə, Azərbaycan da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcək”.

Azər Qasımlının sözlərinə görə, başqa variant odur ki, sabah Rusiya güclənəcəyi təqdirdə, özü bu sazişdən çıxacaq və Azərbaycana tələblər irəli sürəcək:

“Yəni ermənipərəst siyasətindən əl çəkib, əvvəlki qaydada addımlarını atar”.




Paylaş:


Müəllif : Tarix:
29-06-2022, 08:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər