reklam
Regionxeberlericom.az » Siyasət » Əlindəki “od” Ermənistanı daha bir dəfə yandıra bilər! - Paşinyan axırıncı şansını “xərcləyir”

reklam

Əlindəki “od” Ermənistanı daha bir dəfə yandıra bilər! - Paşinyan axırıncı şansını “xərcləyir”


Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı devirmək üçün “sonuncu patronlarını” da atdı. Lakin nəticə əldə edə bilmədi. Bu, gözlənilmirdi də. Paşinyanın bəxti də elə onda gətirib ki, rəqibləri köhnə qüvvələr - keçmiş xunta rejiminin qalıqları və Qarabağ klanının idarə elədiyi müxalifətdir. Ona görə ki, bu müxalifətin seçki yolu ilə, xalqın əksəriyyətinin dəstəyi ilə iqtidara gəlməsi mümkün görünmür. Yalnız terror yolu var ki, bunu da radikal müxalifəti yaxşı tanıyan narazı olan elektorat çətin ki, həzm edə.

“Ermənistanda insanlar anlayırlar ki, revanşist qüvvələr hakimiyyətə gəlsə, ölkə yeni məğlubiyyətə düçar olacaq. Bundan başqa, əhali təxminən 20 il hakimiyyətdə olmuş Qarabağ klanı, Robert Köçəryan, Serj Sərkisyandan yorulub. Bu, Ermənistanın hazırkı baş nazirinin siyasi dominantlığını rəsmiləşdirməsinə imkan verən əsas səbəblərdir”.

Bu sözləri rusiyalı tanınmış politoloq Sergey Markov deyib.

Doğrudan da, Nikol Paşinyanın əlində olduqca unikal, hətta tarixi bir şans var ki, radikalların və xaricdəki diasporu təmsil edən qırğıların çığır-bağırına rəğmən, Azərbaycan və Türkiyə ilə barışıq prosesini, daha dəqiqi, özünün elan elədiyi “sülh erası”nı uğurla başa çatdırsın. Bununla da iki xalq arasında düşmənçilik səhifəsini həmişəlik qapatsın. Əgər əlbəttə ki, rəsmi İrəvan qonşularla barışıqda səmimi şəkildə maraqlıdırsa.

Barışıq platforması, sənəd və müvafiq anlaşmalar isə çoxdan ortada. Ən əsası, bu prosesə Rusiya da, Avropa İttifaqı və ABŞ da öz dəstəyini ifadə edib. Rəsmi Brüssel üstəlik, konkret gündəlik təklif edib, yeni format yaradıb. Eləcə də Rusiya prosesə əngəl olmayan başqa bir “üçlü format”ın iştirakçısıdır.

Bakı bunlara etiraz eləmir. Ona görə ki, Azərbaycan üçün əsas hədəf Ermənistanla maksimum qısa zamanda sülh müqaviləsinin imzalanması, sərhədlərin və nəqliyyat yollarının tezliklə açılması, yekun etibarilə müharibə riskinin aradan qalxmasıdır. Kim bu missiyaya hansısa məkrli məqsəd güdmədən töhfə verəcəksə, onu, əlbəttə, təqdir edəcəyik.

*****

Bu xüsusda Zəngəzur dəhlizindən danışan S.Markov bildirib ki, Azərbaycan bu dəhlizdən imtina etmək niyyətində deyil, üstəlik, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşması öz qüvvəsindədir.

“Lakin Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yola gəldikdə, əgər bu yol tikilsə, Zəngəzur dəhlizinə real alternativ olacaq. Əslində Bakı Zəngəzur dəhlizi ilə Ermənistana əməkdaşlıq təklif edir. Bakının Tehranla alternativ yolun tikintisi ilə bağlı razılaşmasında da bir siqnal var - əgər Ermənistan bundan sonra da ikili oyunu davam edəcəksə və Zəngəzur dəhlizinin inşasına tam dəstək olmayacaqsa, onu, sadəcə, İran ərazisindən tikəcəklər. Mənim fikrimcə, bu yol tam dəyərli alternativ ola bilər. Əgər Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına yenə də maneə olacaqsa, bundan ən çox zərəri elə özü görəcək. İrəvan yenə oyundankənar vəziyyətdə qalaraq uduzacaq”, - Markov vurğulayıb.

Yeri gəlmişkən, Bakı və Tehran artıq alternativ Zəngəzur dəhlizi layihəsinə start verib. Bu barədə bir neçə gün öncə İranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə keçirdiyi brifinqdə söyləyib. Azərbaycanın XİN rəhbəri deyib ki, yaxın günlərdə layihənin ilk elementinin - Araz çayı üzərində körpünün tikintisinə başlanacaq.

Lakin 10 noyabr kapitulyasiya sənədinin 9-cu bəndində nəzərdə tutulan birinci layihə də öz qüvvəsini saxlayır. Çünki Naxçıvana bir-birinə alternativ iki marşrutun olması Bakının əlini gücləndirməklə yanaşı, İrəvan və Tehrandan mümkün asılılığı və şantajı azaldacaq, Naxçıvanla strateji əlaqəmizi daha etibarlı və daha rahat hala gətirəcək.

Bunu da qeyd edək ki, həmin marşrut Ukrayna böhranı və Rusiyaya qarşı sanksiyalar səbəbindən artıq şərq-qərb, şimal-cənub marşrutlarının vazkeçilməz həlqəsi sayılır. O cümlədən Ermənistanın şəriksiz yiyəsi Rusiyadan ötrü. Odur ki, ikili oyunlar oynamağa davam edən Ermənistan rəhbərliyinin, nəhayət, bu yöndə praktik addımlar atmasının vaxtıdır.

*****

Paşinyan bunu həm də radikal-revanşist müxalifətin hakimiyyətə yolunu birdəfəlik bağlamaq üçün eləməlidir. Hər halda, xarici siyasətdə, Azərbaycan və Tükiyəyə münasibətdə davam edən qeyri-müəyyənlik onun xeyrinə işləmir. Baş naziri müdafiə edən çoxluq günün birində onun siyasi iradəcə zəifliyinə əmin olub alternativ barədə də düşünə bilər.

Sülh prosesində irəliləyiş isə Ermənistanın köhnə “gündəm”dən birmənalı imtinasını tələb edir. Yəni rəsmi İrəvan prosesə yalnız balta vuran, beləliklə də radikal-revanşist qüvvələrin mövqeyini gücləndirən təhlükəli ritorikadan imtina eləməlidir. Radikalların da gen-bol istifadə elədiyi tezislərdən - “status”, “Minsk Qrupu”, “öz müqəddəratı təyinetmə” tələblərindən uzaqlaşmalı, ümumiyyətlə, cürbəcür ikibaşlı terminlərlə ölkəmizin daxili işlərinə qarışmağa son verməli, odla oynamağı təcili dayandırmalıdır. Əks halda, bu “od” Ermənistanı daha bir dəfə yandıracaq. Eyni zamanda bir sual öz ciddiliyini saxlayacaq: Paşinyan iqtidari ilə “müharibə partiyası” arasında, “barıt qoxulu” müxalifət arasında nə fərq var?

Nikol Vovayeviç və komandası bu fərqi, yəni sülh üçün daha layiqli hakimiyyət olduğunu sübut eləməlidir. İlk növbədə də Avropa İttifaqına, ABŞ-a, Azərbaycana. Həm də tez. Zaman çox qalmayıb...

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 09:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər