reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycanda dini zəmində gərginlik - ermənilərin və yasirçilərin SON ÜMİDİ

reklam

Azərbaycanda dini zəmində gərginlik - ermənilərin və yasirçilərin SON ÜMİDİ


Avqustun 4-də Londonda Azərbaycan səfirliyi, əslində isə Azərbaycana qarşı terror-təxribat aktı hələ də müzakirə olunur. Aksiyanın təşkilatçıları və iştirakçılar bəllidir, amma bəs bu təxribatın sifarişçiləri kimdir, məqsədləri nə idi?

Bu barədə əvvəlki yazıda da qeyd etmişdim, Yasir əl-Həbib və tərəfdarlarının birdən-birə Azərbaycandakı dini vəziyyətdən narahat olması, Bakıda məscidlərin birində yazıların sökülməsini əsas gətirib bu cür səs-küylü aksiya keçirməsi inandırıcı deyil. Əvvəla, əl-Həbib və onun təşkilatının mövcud olduğu bu illər ərzində Azərbaycan haqqında hər hansı bir fəaliyyəti, buradakı dini əziyyətlə bağlı hər hansı aksiyası və ya bəyanatı olmayıb. Ümumiyyətlə, Azərbaycan mövzusu, buradakı dini vəziyyətlə bağlı əl-Həbibin bu günə qədər ictimaiyyətə açıq hər hansı açıqlaması və ya çıxışı yoxdur. Yəni Londonda fəaliyyət göstərən bu qalmaqallı reputasiyaya malik təşkilatın birdən-birə Azərbaycana maraq göstərməsi sual doğurur.

İkinci tərəfdən, bu aksiya Azərbaycanda, ümumilikdə Cənubi Qafqazda hərbi-siyasi gərginliyin yüksək olduğu bir zamanda baş verib. Londondakı səfirliyimiz “Qisas” əməliyyatından bir gün sonra ələ keçirilib. Bilindiyi kimi, “Qisas” əməliyyatı ilə Azərbaycan faktiki olaraq Ermənistanı 10 noyabr sazişinə əməl etməyə məcbur etmək iradəsini ortaya qoydu.

Ancaq belə görünür ki, Azərbaycanın qətiyyətli addım ataraq Ermənistanı üçtərəfli bəyanatı icraya məcbur etməsi qlobal oyunçuları - hansılar ki, Vətən müharibəsindən sonra faktiki olaraq Cənubi Qafqaza təsir rıçaqlarını itiriblər – narahat edir. Son aylarda Ermənistan hakimiyyətinin davranışları göstərir ki, İrəvan hazırda məhz bu qüvvələrin diktəsi ilə hərəkət edərək öhdəliklərin yerinə yetirilməsini ləngidir.

Ancaq bu dövlətlərin Azərbaycana faktiki olaraq təsir rıçaqları yoxdur. Nə hərbi, nə də iqtisadi-siyasi.

Ortada qalan yeganə vasitə daxili sabitliyin pozulması variantı qalır. O da təsadüfi deyil ki, son dövrlərdə qlobal erməni lobbisinin təsirində olan dairələr iki mövzunu xüsusi qabardır: Azərbaycanda islam və müsəlmanların hüquqlarının pozulması və milli azlıqların sıxışdırılması.

Çox incə və ustalıqla düşünülmüş bu aksiyanın məqsədi ölkədəki ən böyük dindar kontingentinə - ənənəvi şiələrə qarşı cəmiyyətin haqlı qəzəbini oyatmaqdır. Əlbəttə, ölkə daxilində də bu prosesə xidmət edən addımlar atılır. Ayrı-ayrı qurum və məmurların dini zəmində gərginliyi artıran çıxışları, Dini Komitənin məscidlərdə hətta totalitar sovet dövründə istifadə edilən dini rəmzləri qadağan etməsi qərarı kimi addımlar bir tərəfdən Azərbaycanın tolerant, dini azadlıqların mövcud olduğu ölkə imicini zədələyir, digər tərəfdən daxildə dindarlar arasında narazılıq doğurur.

Aksiyanın təşkilatçıları bu dalğada dövlətin məhz müqəddəs Aşura günü ərəfəsində şiə dindarlarına qarşı repressiyalar həyata keçirəcəyini planlayıblar.

Son məqsəd 2012-13-cü illərin hərəkətləri kimi Azərbaycanda dövlətlə dindarlar arasında qarşıdurmanı dərinləşdirmək və son nəticədə ölkədə xaotik vəziyyət yaratmaqdır.

Bu məsələdə Yasir əl-Həbib və onun sifarişçiləri ilə İrəvanın hesabları üst-üstə düşür. Məhz, Azərbaycanda vətəndaş qarşıdurması erməni revanşizminin indi son ümididir.

Təsadüfi deyil ki, son vaxtlar 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalının səbəblərini izah edən erməni ekspertlər əsas uğur amili kimi, həmin vaxt Azərbaycanda siyasi qeyri-sabitlik və vətəndaş müharibəsi vəziyyətini göstərirlər. Qərbdəki erməni dəstəkçiləri olan qüvvələr də daxildə yaranacaq xaotik vəziyyətin Azərbaycanı zəiflədəcəyinə və onun Qarabağda separatizm məsələsini bağlayacağına ümid edirlər. Çünki onlar daha əvvəl bir çox ölkələrdə dindar kütləyə qarşı repressiyaların hansı nəticə verdiyini bilirlər.

Nəticə etibarı ilə kiçik bir qrupun kənardan özfəaliyyət kimi görünən aksiyası, əslində, Azərbaycanı hədəfə almış, ölkəyə ağır zərbə vurmağa hesablanmış hiyləgər bir kombinasiyadır. Bu səbəbdən də Azərbaycan cəmiyyəti, xüsusən də müvafiq dövlət qurumları baş verənlərlə bağlı statistik yanaşma göstərməməli, ciddi və təsirli addımlat atmalıdırlar.

- İlk növbədə, diplomatik kanallarla London terrorçularının ən sərt şəkildə cəzalandırılmasına nail olmaq, paralel olaraq yeni təxribatlardan sığortalanmaq üçün diplomatik missiyaları gücləndirmək, xüsusən də Yasir əl-Həbib tərəfdarlarının fəal olduğu ölkələrdə - İraqda, Livanda və bəzi Avropa ölkələrində.

- Ölkədə “yasirçi” ideologiya tərəfdarları varsa, onları nəzarət altına almaq və eyni zamanda ölkənin dindar kontingentinin əksəriyyəti ilə işdə maksimum nəzakət və dialoq nümayiş etdirilməlidir. Bu mövzunun ölkə əhalisinin çoxluğunu təşkil edən inanc sahiblərinə qarşı təzyiq və təqibə çevrilməsi əslində, London aksiyasının uğuru sayıla bilər. Bu mənada müvafiq qurumların dini həssaslıqları nəzərə alması və bundan əvvəlki yazıda qeyd etdiyim kimi, dini mövzularda dindarları dövlət orqanlarından küsdürən addımlardan çəkinməsi, başqa sözlə provokasiyalar üçün “əl yeri” qoymaması lazımdır.

Nəzərə almaq lazımdır ki, hazırda yerləşdiyimiz region dünyanın ən həssas və mürəkkəb regionlarından biridir. Azərbaycan isə artıq bu regionda “boy göstərən” ölkəyə çevrilir. Bu isə həm də daha ayıq və həssas olmaq üçün ciddi səbəbdir.

Kənan Rövşənoğlu //musavat.com//





Paylaş:


Müəllif : Tarix:
6-08-2022, 13:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər