reklam
Regionxeberlericom.az » Siyasət » Sülhü kim düyünləyir: ABŞ, yoxsa Rusiya?.. - Ekspert danışır

reklam

Sülhü kim düyünləyir: ABŞ, yoxsa Rusiya?.. - Ekspert danışır


Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qabil bəy, Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında növbəti görüşün keçirilməsi gözlənilir. Sizcə, Rusiyanın vasitəçiliyi nəyə xidmət edir və nəticəsi olacaqmı?

- Zənnimcə, böyük dövlətlər sülhyaratma prosesinə qatıldıqca bu iş daha da mürəkkəbləşir və dolaşığa düşür. Çünki onlar sülh haqqında düşünəndə ilk növbədə özlərinin geostrateji maraqlarını önə çəkirlər. Məhz bu maraqlar kontekstindən bölgənin siyasi gələcəyinə bir yanaşma sərgilənir. Bu mənada da obyektiv ola bilmirlər. İstər Qərb, istərsə də Rusiya tərəfi sanki nəyinsə, diktəsi, hökmü ilə özlərindən asılı deyilmiş kimi dərhal ermənipərəst mövqe sərgiləyir. Bu obrazlı olsa da, əslində nəyə görə onların bu cür mövqedən çıxış etdiklərini özləri daha yaxşı bilir.

- Vasitəçilərin sayının çox olması ümumi işə necə təsir edə bilər?

- Əslində proses bir əldən, mərkəzdən idarə olunsa idi, daha yaxşı olardı. Çünki hərə prosesi öz bildiyi tərəfə çəkir. Burada həmçinin strateji maraqlar toqquşması baş verir. Cənubi Qafqaz uğrunda rəqabət meylləri güclənir. Biri digərini bu bölgədən çıxarmaq istəyir. Sözün əsl mənasında bölgədəki məsələnin həlli bəzən də unudulur. Onlar isə özlərinin geostrateji maraqları uğrunda mübarizə aparırlar.

- Putinin iki ölkənin liderlərilə mütəmadi görüşməsində əsas məqsədi nədir?

- Rusiya nümayiş etdirmək istəyir ki, Azərbaycan-Ermənistan arasında atəşkəsə və üçtərəfli bəyanatın imzalanmasına nail olub. Eyni zamanda Rusiyanın vasitəçiliyi və iştirakı ilə sülhyaratma prosesində müəyyən üçtərəfli sənədlərin imzalanması mümkün olub. Ona görə də, prosesi Rusiyanın sona kimi aparmaq kimi bir iddiasının olduğu da, göz önündədir.

- İki gün öncə Rusiya dövlət televiziyasında Azərbaycan əleyhinə fikirlər səsləndirildi. Buna cavab olaraq rəsmi Bakı Rusiyaya etiraz notası təqdim etdi. Rusiya bir tərəfdən sülhyaratma xidmətlərini təklif edir, digər tərəfdən isə dövlət televiziyasında Azərbaycana qarşı kampaniya aparılır. Bu uyğunsuzluğu necə qiymətləndirmək olar?

- Belə görünür ki, şimal qonşumuz özünün moderatorluğu ilə olan prosesdə daha hikkəli davranır. Çünki müşahidələr göstərir ki, Rusiya burada ən xırda məsələlərə belə müdaxilə etmək istəyir. Bununla da barışığa getmək istəyən tərəflərin mövqeləri ilə bəzən də hesablaşmaq istəyi az olur. Biz bu gün görürük ki, Rusiya prosesdə yenidən moderatorluğu ələ almağa çalışır. Amma iki gün öncə Rusiya dövlət televiziyasında böyük bir şou təşkil edilməklə mənasız erməni siyasi təhlilçiləri də ora dəvət etmişdilər. Yenə də Qarabağ haqqında köhnə havaları çalır, avanturist ideyalar səsləndirirdilər. Bu da təbii ki, Azərbaycanın haqlı olaraq Rusiyaya etiraz notası ilə nəticələndi.

- ABŞ və Rusiyanın sülh prosesinə ümumi təsir imkanları haqqında nə demək olar?

- Görünür bu insanlar nə beynəlxalq hüququ tanıyır, nə də dövlətlərin özünə məxsus yol seçiminə hörmətlə yanaşmırlar. Ümumiyyətlə bunları nəzərə almırlar. Məsələni də kifayət qədər dolaşdırıblar. Burada da Rusiyanın da rolu az deyil. Məsələni həll etmək əvəzinə ona gərginlik, mürəkkəblik qatmaq üçün ABŞ və Rusiya xeyli “səy” göstəriblər. Amma Rusiyanın bu məsələlərdə oynadığı “rol” xüsusi qeyd edilməlidir. Çünki bu ölkənin kütləvi informasiya vasitələrinin, hakimiyyətin ayrı-ayrı qanadlarının xüsusi ilə Rusiyanın müdafiə nazirliyi öz saytında Qarabağın xəritəsini yaymaqdan hələ də əl çəkmir.

- Sizcə, prosesin bu səviyyəyə qədər inkişaf etməsinə nə səbəb oldu?

- Əslində məsələnin bu səviyyəyə qədər mürəkkəbləşməsində Ermənistanın özü də az rol oynamayıb. Ermənilərə xas olan hiyləgərlik, və bədniyyətliliklə, hər tərəfdən bir şey qoparmaq cəhdi böyük dövlətlərin bölgədə manevri üçün şərait yaradıb. Məhz onların qeyri-konstruktiv, sülhlə bağlı qeyri-ardıcıl mövqeləri məsələləri dolaşdırıb. Nəticədə bu bölgənin böyük dövlətlərin bir növ mübarizə meydanına çevrilməsinə yol açıb. Ona görə də, Rusiyanın moderatorluğu ilə indiki şəraitdə prosesin irəliyə doğru aparılacağına ümid çox azdır. Əksinə ola bilsin ki, yeni “təşəbbüslərlə” indiyə kimi əldə edilmiş nailiyyətlərin pozulması və ya başqa “şərtlər” irəli sürülsün. Bu da işi irəliyə aparmaq əvəzinə prosesi düyünə sala bilər. Ona görə də, ortada qat-qarış edilmiş müəyyən bir konsepsiyaya əsaslanmayan yanaşma tərzləri mövcuddur.




Paylaş:


Müəllif : Tarix:
26-10-2022, 11:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər