reklam
Regionxeberlericom.az » Siyasət » Danışıq bitdi, Paşinyan yeni müharibə istəyir - Ermənistanın məğlubiyyəti qaçılmazdır, bəs sonra?

reklam

Danışıq bitdi, Paşinyan yeni müharibə istəyir - Ermənistanın məğlubiyyəti qaçılmazdır, bəs sonra?


Ermənistan Qərbin vasitəçiliyi ilə davam edən sülh prosesini açıq-aşkar pozur və Azərbaycanı yeni hərbi əməliyyatlara sövq edir. Bu nəticəyə gəlmək üçün Baş nazir Nikol Paşinyanın ötən ayın əvvəlində (6-7 oktyabr) Praqada keçirilmiş dördtərəfli görüşdən sonrakı siyasi trayektoriyasına, eyni zamanda, bölgədə cərəyan edən proseslərə diqqət etmək kifayətdir. Ay yarımlıq zaman kəsiyində sülh ritorikası əhəmiyyətli şəkildə deformasiyaya uğrayıb, onu yerini N.Paşinyanın təhrikedici bəyanatları tutub

Beləliklə, sözügedən müddətdə nə baş verib:

Avropa İttifaqı Azərbaycanla razılaşdırmadan Ermənistanın dövlət sərhədinə 40 nəfərlik müşahidəçilər göndərib və onlara geniş səlahiyyətlər verib;

ATƏT-in müşahidə missiyası eyni qaydada sərhəddə gələrək monitorinqlər keçirib;

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana gəlib və Ermənistana siyasi dəstəyini ifadə edib;

Rusiya Prezidenti Vladimir Putin Valday” diskussiya klubunda sülh sazişinin ertələnməsi, Qarabağdakı separatçı qurumun möhkəmləndiirlməsini ehtiva edən bəyanatlar verib. Nikol Paşinyan Putinin bütün təkliflərinə dəstəyini bəyan edib;

Fransa, Hindistan Ermənistana silah satışı həyata keçirməyə başlayıb, İran bu məsələdə ötürücü funksiya həyata keçirib;

İranın Azərbaycana qarşı hərbi təcavüz hədələri fonunda Nikol Paşinyan Tehrana səfər edib və Azərbaycan əleyhinə çağırışlar edib;

Xankəndidə Ermənistanın və Rusiya sülhməramlılarının fəal dəstəyi ilə Azərbaycana qarşı çoxminlik etiraz mitinqi keçirilib;

Rusiyanın emissarı, milyarder Ruben Vardanyan Xankəndiyə gəlib və Qarabağ ermənilərinin Azərbaycanın tərkibində olmasının mümkünsüz olduğunu bəyan edib;

Soçidə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti Rusiya rəhbərinin bütün təkliflərinə “yox” deyib və görüş nəticəsi başa çatıb;

Nikol Paşinyan Azərbaycanı hərbi təcavüzdə, Qarabağ ermənilərinə qarşı soyqırımı hazırlamaqda ittiham edib;

Fransa Senatı Azərbaycan əleyhinə – Bakının neft-qaz satışına sanksiya tətbiq edilməsini, Qarabağın müstəqilliyinin tanınmasını, və s. qondarma tələbləri nəzərdə tutan qətnamə qəbul edib;

Azərbaycan Qarabağdakı erməni silahlı birləşmələrinin qalmasının, Laçın dəhlizindən silah-sursat daşınmasının yolverilməz olduğunu bəyan edib;

Nikol Paşinyan KTMT-nin İrəvan sammitində Azərbaycanın tələblərini icra etmək niyyətində olmadığını, bu tələblərin əsassız olduğunu bəyan edib;

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Qarabağa silah göndərmək üçün Laçın dəhlizindən istifadə etdiyini, bu addımın əvvəllər əldə edilmiş razılaşmalara zidd olduğunu və Azərbaycanın bundan ötrü lazımi addımları atacağını bəyan edib;

Ay yarımdır Azərbaycan-Ermənistan sərhədində, habelə Qarabağdakı təmas xəttində silahlar susmur;

Və kulminasiya!

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən konfransda bildirib:

“Brüssel görüşü dekabrın 7-də olmalı idi. Amma axşam Hikmət Hacıyev mənə bildirdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə saxlayıblar. Deyiblər ki, Paşinyan Fransa Prezidenti Makronun iştrak edəcəyi təqdirdə görüşə razıdır. Bu o deməkdir ki, görüş olmayacaq”.

Beləliklə, Paşinyan Brüssel prosesini pozdu. Hadisələrin xronologiyası bölgədə irimiqyaslı hərbi toqquşmaların baş verməsi üçün zəmin yarandığını göstərir. Əsas sual ondan ibarətdir ki, 13-14 sentyabr döyüşlərində 500-ə yaxın hərbçi itirən (210 ölü, 287 yaralı), strateji hərbi yüksəklikləri əldən vermiş Ermənistana yeni hərbi avantüra nəyə görə lazımdır? Azərbaycan bölgəyə havadan və yerdən ciddi nəzarət edir, böyük hərbi qüvvəyə və müasir silahlara malikdir. 44 günlük müharibənin ağır yaralarından özünə gələ bilməyən erməni ordusunun ona müqavimət imkanı demək olar ki, yoxdur. Şübhəsiz ki, Paşinyan Azərbaycanı təhrik etdiyi toqquşmada üstünlük qazanacağına dair illüziyaya qapıla bilməz. O zaman başqa məqsədlər, başqa hesablar var.

Məsələn, Ermənistan rəhbərliyində əminlik var ki, Azərbaycan Avropa İttifaqının və ATƏT-in müşahidəçilərinin varlığını nəzərə alıb, Ermənistanla şərti dövlət sərhədindən zərbə endirməyəcək. Bu dəfə Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdəki hərbi qruplaşmalar havadan və artilleriya qurğularından atəşə məruz qala bilər. Daha sonra Laçın dəhlizinə hərbi qüvvələr yeridib, nəzarəti təmin edəcək.

Məlumdur ki, Azərbaycan rəhbərliyinin ritorikasında da hədəf bu istiqamət göstərilir. Ermənistanın təmas xəttində 2021-ci il istehsalı olan minalar döşəməsi, Laçın dəhlizindən hərbi texnika daşıması, Qarabağdan qanunsuz silahlı birləşmələrin çıxarılmaması, nazir Ceyhun Bayramovun təbirincə desək, zəruri tədbirləri qaçılmaz edər. İrəvanda ümid edirlər ki, bu toqquşmada Azərbaycan hərbi üstünlük, yeni mövqelər qazansa belə, Rusiya və Qərblə açıq qarşıdurmaya sürüklənə bilər.

Birincisi, Rusiya-Azərbaycan münasibətləri gərgindir, rəsmi Bakı separatçıların hərbi fəaliyyətlərinə görə həm də Moskvanı ittiham edir. Kreml bu əməliyyatlara səssiz qalmayacaq, bu da Şimaldan Azərbaycana qarşı təzyiqləri artıracaq.

İkincisi, Fransa dərhal hərəkətə keçəcək, Makron hökuməti noyabrın 16-da Senatın qəbul etdiyi anti-Azərbaycan qətnaməni dəstəkləyəcək və Bakıya qarşı siyasi, iqtisadi sanksiyaların yolu açılacaq. Nəticə etibarı ilə Ermənistana və Xankəndidəki separatçı quruma Qərbdən və Rusiyadan dəstək artacaq.

Azərbaycan da bu perspektivi proqnozlaşdırır, son həftədə Prezident İlham Əliyevin Avropa ölkələrin səfərləri həm də gözlənilən hücumları neytrallaşdırmaq üçün müttəfiqlərlə məsləhətləşmələrin aparılması ilə bağlı ola bilər.

Əlbəttə, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi elə də asan deyil. Əvvəla, bu ilin iyunun 18-də Azərbaycanla qaz sazişinə dair memorandum imzalamış Avropa Komissiyasının bunun əleyhinə çıxacağı şübhəsizdir.

İkincisi, İtaliya, Bolqarıstan, Rumıniya, Monteneqro kimi ölkələr də anti-Azərbaycan qərarlarına dəstək verməsi ağlabatan deyil.

Üçüncüsü, ABŞ-ın mövqeyi fərqlidir, Soçi görüşündən sonra keçirilən Blinken-Paşinyan danışıqlarında Dövlət katibi onun Putininin mövqeyi ilə səsləşən ritorikasından ciddi narazılıq edib.

Bakının preventiv hazırlığı Qarabağda cəzalandırma tədbirlərini həyata keçirməkdə qərarlı olmasından xəbər verir. Cəmiyyətdə də belə bir əməliyyatların həyata keçirilməsi, xüsusən Laçın dəhlizinə nəzarətin təmin edilməsinə dair çağırışlar var. Müxalifət liderləri, ekspertlər, deputatlar mütəmadı olaraq mediada belə çıxışlar edib.

Erməni cəmiyyəti nə istəyir, Paşinyana sülh üçün verilmiş mandatın etibarlılıq müddəti nə qədərdir, bunlar hələ aydın deyil. Amma Paşinyanın avantürası hərbi qarşıdurmaya gətirib çıxaracaqsa, tezliklə Ermənistanda da ab-hava kəskin dəyişəcək. //pressklub.az//




Paylaş:


Müəllif : Tarix:
26-11-2022, 09:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər