reklam
Regionxeberlericom.az » Siyasət » Qarabağın hər qarışında rus dahilərə heykəl qoyan Kremlin ƏSAS NİYYƏTİ - ZİBİLƏ DÜŞMÜŞÜK...

reklam

Qarabağın hər qarışında rus dahilərə heykəl qoyan Kremlin ƏSAS NİYYƏTİ - ZİBİLƏ DÜŞMÜŞÜK...

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə hafta.az üçün budəfəki söhbətimiz, əsasən, Qarabağın dağlıq hissəsində və Azərbaycan-Ermənistan sərhədində son vaxtlar baş verənlər, martın 1-də Qarabağdakı erməni nümayəndələri ilə Xocalıda Rusiya “sülhməramlı” komandanının bilavasitə təşkilatçılığı və iştirakıyla keçirilən görüş və bundan cəmi 4 gün sonra Turşsu-Xəlfəli-Xankəndi yolunda baş vermiş qanlı təxribatdan sonra Qarabağ ətrafındakı hərbi-siyasi durum və bütün bunların fonunda Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gələcəyi və s. barədə danışdıq. DİA.AZ həmin söhbəti təqdim edir:

- Martın 1-də Rusiya “sülhməramlı” komandanının bilavasitə təşkilatçılığı və iştirakıyla deputat Ramin Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndələrinin Xocalıda separatçı rejim məmurlarının başçılıq etdiyi Qarabağ ermənilərin nümayəndələri ilə görüşündən və ondan cəmi 4 gün keçmiş Turşsu-Xəlfəli-Xankəndi yolunda baş vermiş qanlı təxribatdan sonra Qarabağ ətrafındakı hərbi-siyasi durumu necə xarakterizə edərdiniz?

- Qeyd etdiyiniz görüşdən sonra baş verən təxribat təsadüfi kimi qiymətləndirilməməlidir. Rusiya var gücü ilə çalışır ki, Ermənistan-Azərbaycan, yaxud erməni-azərbaycanlı münaqişəsini, qarşıdurmasını daha da gücləndirsin. Öncə buna iki ölkənin sərhədi boyu gərginləşdirmə yaratmaqla nail olmağa çalışırdısa, Avropa Birliyinin həmin sərhədə Ermənistan tərəfdən müşahidəçilər yerləşdirməsindən sonra Kreml üçün vəziyyət xeyli dərəcədə mürəkkəbləşdi. Həmin müşahidəçilər baş verəcək və yaxud baş verə biləcək hansısa təxribatın kimin tərəfindən, haradan, necə qaynaqlandığını müəyyən edəcəklər və təbii ki, müvafiq də tədbir görəcəklər. Bunu nəzərə alan Moskva bütün fəaliyyətini Qarabağın dağlıq hissəsində himayə etdiyi separatçı rejimin nəzarətində olan əraziyə yönəltdi. Həmin 1 mart görüşü və onun ardınca törədilən təxribatın baş verməsi məhz ona hesablanmışdı ki, azərbaycanlılarla ermənilər arasında hansısa danışığın effektiv olmadığı nümayiş etdirilsin. Rusiya bunu göstərməyə çalışırdı və buna da müvəffəq oldu. Bu da təsadüfi deyildi ki, hadisə məhz ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin regiona səfəri ərəfəsində baş verdi, yaxud daha dəqiq desək, törədildi. Bütün bunlar da göstərir ki, Rusiyanın bir məqsədi Azərbaycanla Ermənistan arasında danışıqların, ümumiyyətlə, sülhün mümkün olmadığını göstərmək, digər məqsəd isə Qarabağın dağlıq hissəsinə, daha dəqiq desək, Azərbaycan ərazisinə əlavə hərbi qüvvələr yerləşdirməkdir. Məhz bu səbəbdən bir-birinin ardınca müxtəlif təxribatlar baş verir. Bunun ardınca daha hansı təxribatların baş verəcəyini söyləmək bir qədər çətindir. Uzaq Şərqdən hərbi orkestr gətirib Qarabağ ermənilərinə konsert verirlər və s. Bunların hamısı Azərbaycanı qıcıqlandırmağa yönəlib və yeni təxribatlara zəmin yaratmaq məqsədi güdür. Rusiya Qarabağda -Azərbaycan torpağında çox həssas bir nöqtədən yapışıb. Bu da erməni əhalinin guya müdafiəsi məsələsidir. İstisna etmirəm ki, Rusiyanın növbəti təxribatlarından biri Qarabağdakı dinc erməni əhalini hədəf alacaq. Bununla da Moskva bütün dünyaya göstərməyə çalışacaq ki, erməni əhalinin həyatı təhlükə altındadır və zənnimcə, bunu göstərə biləcək də. Çünki bunu qəbul etmək istəyənlər yetərincədir, hətta Rusiyaya düşmən düşərgədə də... Bununla Kreml Qarabağa – Azərbaycan ərazisinə əlavə hərbi qüvvə yeritməyə “əsas” qazanacaq. Nəticədə Gümrüdəki 102-ci bazadan Qarabağın dağlıq hissəsinə əlavə qüvvə yeridəcək… Mən təxminən belə bir ssenari görürəm. Bütün baş verənlər də həmin bu ssenarinin həyata keçməsinə xidmət edən addımlardır...

- Rusiyanın hayklarla danışıqlar üçün məhz Azərbaycan xalqının ən yaralı yeri olan, 31 il öncə elə bu ölkənin 366-cı alayının iştirakıyla soyqırımı təşkil etdikləri və hazırda da faktiki işğal altında qalan Xocalı şəhərini seçməsi təsadüf idimi? Həmin görüş, məsələn, Rusiya hərbçilərinin digər dislokasiya məkanlarından birində də təşkil edilə bilməzdimi?

- Əlbəttə, ermənilərlə görüş üçün Xocalının seçilməsi heç də təsadüf deyildi. Formal baxımdan Rusiya hərbi kontingentinin komandanlığı bunu belə əsaslandıra bilər ki, onların qərargahı orada yerləşir. Ümumiyyətlə, Rusiyanın “sülhməramlı” adlanan hərbçilərinin qərargahının məhz Xocalıda yerləşdirilməsi bizim heysiyyatımızı aşağılamaqdır. Eyni zamanda bəhs edilən görüş zamanı ermənilərin “Artsax respublikası”nın nümayəndələri kimi təqdim edilməsi, görüş keçirilən otağın Rusiya imperatorlarının portretləri ilə bəzədilməsi – bunların heç biri təsadüf deyil. Hamısı məqsədli şəkildə seçilib. Və dediyim kimi, bütün bunlar Azərbaycanı daha çox qıcıqlandırmağa, onu aşağılamağa və rəsmi Bakının Rusiyanın şərtlərini qəbul etməyə vadar olunmasına hesablanıb. Moskvanın istədiyi əsas şərtlərdən biri isə Azərbaycan torpağına əlavə qoşun yeritməkdir. Digər tərəfdən isə Rusiyanın daha böyük məqsədi Azərbaycan vasitəsilə Yaxın Şərqə çıxmaqdır. Yəni əlavə qoşunların yeridilməsi də məhz bu məqsədə xidmət edir. Getdikcə geosiyasi vəziyyət Rusiyanın ziyanına dəyişir. O cümlədən Yaxın Şərqin özündə... İran-Səudiyyə Ərəbistanı danışıqları, diplomatik münasibətlərin bərpası haqqında anlaşmanın əldə olunması, bunun Çin vasitəsilə baş tutması Moskvada ciddi narahatlıq doğurur. Rusiya artıq Yaxın Şərqdə yalnız Qərbi deyil, Çini də qarşısında görür. Belə bir şəraitdə onun uduzması ehtimalı maksimuma çatır. Odur ki, Kreml tələsir və çalışır ki, bütün lazımi prosesləri həyata keçirib Azərbaycan vasitəsilə Yaxın Şərqə dəhlizin açılmasına nail olsun. Rusiya regiona hərbi qüvvələrini ya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikilmiş hava limanları vasitəsilə atmağı planlaşdırır - bunun üçün Moskva Bakını həmin hava limanlarını icarəyə verməyə məcbur etməlidir- və yaxud eyni işi İranla anlaşaraq birbaşa İran ərazisindən keçməklə görmək istəyir. Hərçənd sonuncu variant o dərəcədə inandırıcı görünmür. Əvvəl söylədiyim kimi, İran-Səudiyyə anlaşması və həmin anlaşmanın təminatçısı kimi Çinin çıxış etməsi fonunda İranın mövqeyi daha da güclənir və manevr imkanları da genişlənir...

- Həmin hadisədən sonra Xankəndidəki erməni “müxalifət”inin Xocalıya - “sülhməramlı”ların dislokasiya yerinə yürüş etməsi və onların qərargahı qarşısında “öz vəzifələrinizi düzgün yerinə yetirin” kimi şüarlarla çıxış etməsi də, yəqin ki, Rusiya hərbi kontingentinin Azərbaycan torpağındakı yerinin “bərkidilməsi”nə xidmət edirdi. Yəni Moskvanın “Biz olmasaq, yenə kütləvi qırğınlar olar” məntiqi ilə...

- Şübhəsiz, hadisənin ardınca erməni “müxalifətçi”lərinin yürüşü planın bir tərkib hissəsi idi. Guya artıq Qarabağdakı erməni əhali Rusiya “sülhməramlı”larının daha qətiyyətli hərəkət etməsi və təhlükəsizliyi təmin etməsini tələb edir. Bu da həmin planın həyata keçirilməsi üçün atılmış çox uyğun bir addımdır. Yəni guya Qarabağdakı “erməni xalqı” tələb edir ki, Rusiya onun təhlükəsizliyini təmin etsin, amma bunun üçün bizim gücümüz yetərli deyil, Azərbaycan aqressiv siyasət yeridir və s. Moskva bu kimi tezisləri irəli sürərək Qarabağa əlavə qoşun yeritməyi və bununla regionda öz mövqelərini möhkəmləndirməyə çalışır. Mənim buna zərrə qədər şübhəm yoxdur...

- Necə düşünürsünüz, Azərbaycan dövlətinin Qarabağ üzərində yurisdiksiyasının əldə olunması və Ermənistanla sülh bağlanması məsələsi heç olmasa, 1-2 ilə həll oluna bilər, yoxsa 30 il Minsk Qrupunun havasına oynadığımız kimi, bu dəfə də illərlə Moskva, Soçi, Brüssel görüşləri və Qarabağ erməniləri ilə danışıqlar cəhdləri ilə vaxtımızı öldürəcəyik?

- Xeyr, istər Azərbaycan-Ermənistan danışıqları, istərsə də Qarabağdakı ermənilərlə görüşlərin yaxın 5 ildə və ya ən azı yaxın 2-3 ildə real nəticə verəcəyini gözləmirəm. Nə qədər ki, Rusiya fiziki olaraq bizim ərazimizdədir, o, heç bir anlaşmaya, heç bir sülh prosesinə imkan verməyəcək, bunun qarşısını alacaq. O cümlədən də Qərbi, Avropanı, beynəlxalq qurumları maksimal dərəcədə bu danışıqlarda vasitəçilikdən, moderatorluqdan çəkindirəcək. Rusiyanın etməyə çalışdığı məhz budur. Hələlik Moskva bir məsələdə uduzub. Avropa Birliyinin Ermənistan-Azərbaycan sərhədinə gəlməsi məsələsində... Biz gördük ki, Rusiya bir tərəfdən də burada həmin prosesin yarımçıq implementasiyasına nail olub.




Paylaş:


Müəllif : Tarix:
17-03-2023, 09:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər