reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycan ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçilib

reklam

Azərbaycan ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçilib


Azərbaycan yekdil səslə 2025-26-cı illər üçün tarixdə ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bununla bağlı qərar bu gün Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirləri, yüksək səviyyəli nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat” adlı Sammiti çərçivəsində təşkil olunmuş Nəqliyyat Nazirlərinin Şura iclasında qəbul edilib.

Tədbirdə iştirak edən nazir müavini Rəhman Hümmətov çıxışında ölkəmizə yüksək etimad göstərildiyinə görə Foruma üzv dövlətlərin nümayəndələrinə dərin təşəkkürünü bildirib, Azərbaycanın prezidentliyi dövründə görüləcək işlər və prioritetlər barədə məlumat verib. O, həmçinin Orta Dəhliz üzrə tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcək Zəngəzur dəhlizi haqqında danışıb.

Ölkəmizin yüksək nüfuza malik olan beynəlxalq təşkilata prezident seçilməsi bir daha Azərbaycanın regionda və dünyada, xüsusən də nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunun təzahürüdür. Beləliklə, ölkəmiz təşkilatın idarəetməsində birbaşa iştirak etmək imkanı əldə edib. Bu isə beynəlxalq müstəvidə ölkə maraqlarının, eləcə də sahəvi fəaliyyətlərə dəstəyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 2022-ci ildə təşkilata müraciət olunaraq ölkəmizin 2025-26-cı illər üçün Beynəlxalq Nəqliyyat Forumunun prezidentliyinə namizədliyi qeydə alınıb.

Azərbaycan 2025-26-cı illər üçün Forumun prezidenti seçilməsi ilə 2023-24-cü illər üçün vitse-prezident, 2024-25-ci illər üçün isə təşkilatın birinci vitse-prezidenti vəzifələrini icra edəcək. Eyni zamanda ölkəmizin Forumun “Beynəlxalq Daşıma Keyfiyyəti Xartiyası”nın tələblərinin daxili qanunvericiliyə inteqrasiyası prosesini başa vurmasını təşkilata üzv dövlətlər yüksək qiymətləndiriblər.

Sammit çərçivəsində R.Hümmətov Forumun Baş katibi Yunq Ta Kim ilə ikitərəfli görüş keçirib. Görüşdə Azərbaycanın Prezidentiyi dövründə görüləcək işlər, eləcə də əsas əməkdaşlıq istiqamətləri müzakirə olunub. Həmçinin bir sıra şirkətlərin rəhbərləri ilə keçirilən görüşlərdə tərəfdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Beynəlxalq Nəqliyyat Forumunun 66 üzvü var. Azərbaycan 1998-ci ildən Forumun həqiqi üzvüdür.





Paylaş:


Müəllif : Tarix:
25-05-2023, 15:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər