reklam
Regionxeberlericom.az » Siyasət » Rusiyanın Qarabağda Bakıya qarşı son oyunu - ABŞ-dan ŞOK xəbərdarlıq

reklam

Rusiyanın Qarabağda Bakıya qarşı son oyunu - ABŞ-dan ŞOK xəbərdarlıq


İyunun 15-i səhər Ermənistan Azərbaycana qarşı görünməmiş bir təxribata əl atdı. Laçın postu və oradakı hərbçilərimiz atəşə tutuldu. Bir sərhədçimiz yaralandı. Təbii ki, layiqli cavablarını aldılar. Amma bu fakt düşmən tərəf üçün başqa ciddi nəticələr də doğuracaq.

Rəsmi İrəvan iddia edib ki, guya insident Azərbaycan hərbçisinin Ermənistan ərazisində bayraq sancmaq istəməsinə görə baş verib. Sözsüz ki, bəhanədir. Əvvəla, həmin ərazinin Ermənistan olduğunu necə müəyyən ediblər, əgər sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçməyibsə? İkincisi, yayılan kadrlardan görünür ki, bayraq postun yerləşdiyi körpünün girişində qaldırılır.

Əsl səbəb isə əlbəttə, başqadır. Məsələ ondadır ki, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayan Laçın nəzarət-yoxlama postundan getdikcə daha çox erməni istifadə etməkdə idi. Bu isə onun legitimliyinin Qarabağdakı erməni əhali tərəfindən qəbul edildiyinin sübutudur. Eyni zamanda bu, erməni əsilli Azərbaycan sakinlərinin reinteqrasiyasının sürətlənəcəyindən xəbər verirdi.

Vəziyyətin bu yöndə inkişafından, heç şübhəsiz, Ermənistanda və onun sınıq-salxaq ordusunda Rusiyaya bağlı radikal-revanşist qüvvələri, üstəgəl, Qarabağda separatçıların əsas himayədarına çevrilmiş Rusiya “sülhməramlı” kontingenti məmnun ola bilməzdi. Silahlı gülləbaranda başlıca məqsəd də elə Laçın postundan istifadə edən Qarabağdakı erməni əhalini qorxu altında saxlamaqdır. O əhali ki, onsuz da yerli xunta rejiminin güclü basqısı altındadır. Yəni sülhə ən böyük əngəl məhz silahlı separatçılar və onların himayədarı Rusiyadır.

Yaxşı ki, bunu Qərbdə, xüsusilə də sülh danışıqlarının əsas moderatoruna çevrilmiş ABŞ-da anlamağa başlayıblar.

*****

Bu arada "RİA-Novosti" iddia edib ki, ABŞ Qarabağdakı separatçıları Azərbaycanla görüşməyə çağırır və əgər qondarma qurum bu çağırışdan imtina edərsə, Bakı anti-terror əməliyyatı keçirəcək. “Vaşinqton ultimatum formasında Qarabağ nümayəndələrini (separatçıları - red.) Azərbaycan tərəfi ilə yaxın gələcəkdə amerikalı kuratorun iştirakı ilə üçüncü ölkədə görüşə razılaşmağa çağırır. Məqsəd ABŞ-ın bölgəyə daxil olmasıdır”, - məlumatda bildirilir.

Mənbə həmçinin iddia edib ki, Amerikanın sülhməramlı təşəbbüsünü Qarabağdakı separatçılara qondarma rejimin “xarici işlər naziri” Sergey Kazaryan çatdırır: “Onun maraqları Azərbaycanın maraqlarına tam uyğundur”.

Hətta belədirsə də, görəsən Moskva niyə əl-ayağa düşüb?

“Vasitəçi nizamlanmaya harmoniya gətirməyə, tərəfləri barışdırmağa, dil tapmağa çalışandır. Yaxın tarixdə ilk dəfə olaraq, eşidirəm ki, vasitəçi tərəfi öz vasitəçilik rolunu yerinə yetirmək üçün nizamlanma iştirakçısını (?! - red.) güc tətbiq etməklə hədələyir. Yəni zorla, hədə-qorxu ilə, şantajla danışıqlar stoluna oturmağa, vasitəçinin öz ağlında cızdığı bəzi forumlarda iştiraka məcbur edir”.

Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova "RİA-Novosti"nin xəbəri ilə bağlı deyib.

Diqqət edin, Zaxarova Qarabağdakı separatçı-cinayətkarları “nizamlama iştirakçısı”, yəni müstəqil subyekt adlandırır. Çünki Rusiya üçün “yaxın xaric” ölkələrində (daxildə yox!) separatizmə dəstək imperiya siyasətinin mumum tərkib hissəsidir. Halbuki söhbət, sadəcə, Bakı ilə erməni icması arasında dialoqdan gedə bilər.

Göründüyü kimi, separatçılardan daha çox Rusiya təlaş içindədir. Ona görə yox ki, ermənilərə canı yanır. O səbəbə ki, Azərbaycana qarşı erməni “kartı”nın, separatçı rıçaqının əlindən çıxacağından qorxur. Axı Rusiya Qarabağı da müxtəlif oyunlardan çıxdığı “arxa bağçası” sayır. Burada başqa heç kimin “meydan sulaması”nı istəmir.

Ancaq Moskva daha ərazimizdə meydan sulaya bilməyəcək. Çünki zaman və şərtlər bambaşqadır. Üstəgəl, Şuşa Bəyannaməsi, Türkiyə, İsrail, Pakistan faktorları var. Odur ki, yaxşı olar separatçı ünsürlər qulaqlarını açıb Moskvaya deyil, Bakıya qulaq assınlar. Şərtlər məlum.

Onları Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında olarkən apaydın bəyan edib: qanunsuz silahlı dəstələrin Qarabağdan tam çıxarılması və ya tərk-silah edilməsi, bütün saxta qurumların, o sırada “parlament”in buraxılması, qondarma və mifik “dövlət” vəzifələrinin hamısının ləğvi, separatçı-başı Araik Arutyunyanın təslim olması. Yalnız bundan sonra onlar hansısa əfvə və amnistiyaya ümid bəsləyə bilərlər. Əks halda, komandolarımızı və “Bayraktar”ları gözləsinlər...

*****

Məsələyə ABŞ-ın İrəvandakı səfirliyinin reaksiyası da maraqlıdır. “Yeni Müsavat”ın məlumatına görə, Armenpress-in Dövlət Departamentinə "RİA-Novosti"nin məlumatı ilə bağlı ünvanladığı sorğuya cavab olaraq, diplomatik nümayəndəlik belə bir cavab göndərib: “Biz ardıcıl şəkildə onda israr edirik ki, regionda sülhə Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyinin qorunması da daxil olsun. Biz buna töhfə verən istənilən dialoqu alqışlayırıq”.

Qısa cavabdan aydın olur ki, səfirliyin leksikonunda artıq nə “öz müqəddəratını təyinetmə” təklifi var, nə də status çağırışı. Hüquq və təhlükəsizliyə isə Bakı zəmanət verir - Azərbaycan Konstitusiyası çərçivəsində.

Siyasi şərhçi Asif Nərimanlıya görə isə Qarabağda mümkün antiterror əməliyyatı öncəsi Rusiya bir növ öz oyununu oynamağa başlayıb. Onun fikrincə, Rusiya ABŞ-ı ittiham edir, o cümlədən “günah keçisi” qismində separatçıların qondarma “xarici işlər naziri” Kazaryanı göstərir: “Reinteqrasiya və bunun ABŞ vasitəçiliyi ilə həyata keçirilməsi Moskvanın Qarabağdakı maraqlarına ciddi zərbədir, bu baxımdan, infotəxribatlarla prosesi baltalayır. Daha bir məqam diqqətdən yayınmamalıdır: ABŞ xəbərdarlıq etsə belə, separatçıların reinteqrasiya prosesinə razılaşacaqları çətin görünür və mövcud vəziyyətdə, xüsusilə son təxribatlar fonunda antiterror əməliyyatı daha aktual görünür. Bakı antiterror əməliyyatı keçirmək qərarı veribsə, rusların bu cür infotəxribatları bunun qarşısını ala bilməyəcək”.

Bu baxımdan, onun ehtimalına görə, rusların infotəxribatı daha çox özünü “sığortalamağa” bənzəyir: “Yəni mümkün antiterror əməliyyatında "Bakını buna sövq edən Vaşinqtondur" deyə bilməsi üçün istinad nöqtələri yaradırlar".

*****

Qarabağda denasifikasiya və demilitarizasiya prosesini ağrısız sürətləndirməyin, bütövlükdə bölgədə ədalətli və daimi sülhü tezliklə bərqərar etməyin ən zəmanətli yolu isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıması və sülh müqaviləsi imzalamasıdır.

“Ermənistan, sadəcə, siyasi iradə lazımdır ki, artıq rəsmən elan etdiklərini - Qarabağın Azərbaycan olduğunu kağıza köçürsünlər”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqların yekunu üzrə mətbuata açıqlamasında bildirib.

Azərbaycan dövlətinin rəhbəri sülh sazişinin imzalanması üçün perspektivlərin olduğunu da söyləyib. Təbii ki, Ermənistan və separatçılar onlara verilən sonuncu tarixi fürsəti düzgün dəyərləndirsələr və bir daha ağılsızlıq eləməsələr...

“Yeni Müsavat”





Paylaş:


Müəllif : Tarix:
17-06-2023, 09:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər