reklam
Regionxeberlericom.az » Siyasət » Polad Bülbüloğlu Azərbaycanın narazılığını Andrey Rudenkoya çatdırdı

reklam

Polad Bülbüloğlu Azərbaycanın narazılığını Andrey Rudenkoya çatdırdı
















Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iyulun 17-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

Görüşdə A.Rudenko Rusiya Xarici İşlər Nazirliyinin 15 iyul tarixli bəyanatı ilə bağlı Rusiya tərəfinin mövqeyini çatdırıb. 

Bildirib ki, bəyanatda Azərbaycanın ərazi bütövlüyü qəti şəkildə şübhə altına alınmır, onun əsas istiqaməti Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi və Laçın dəhlizinin açılması məsələləri olub. Bu gün Rusiyanın əsas məqsədi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır və bunun üçün Rusiya tərəfi hərtərəfli dəstək göstərməyə, o cümlədən öz ərazisində görüşlər təşkil etməyə hazırdır.

Bundan əlavə, A.Rudenko Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə də toxunub.

Səfir P.Bülbüloğlu Azərbaycan tərəfinin qəti mövqeyini rusiyalı həmsöhbətinin diqqətinə çatdıraraq bildirib ki, Rusiya ilə Azərbaycan  arasında 1997-ci ildə imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqaviləyə əsasən, Rusiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyıb və heç vaxt ərazi bütövlüyümüzü şübhə altına almayıb. Bu səbəbdən də Rusiya Xarici İşlər Nazirliyinin 15 iyul tarixli bəyanatı Azərbaycanda narazılığa səbəb olub.

Ermənilərin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsindən sərbəst və maneəsiz şəkildə keçid üçün heç bir əngəlin olmadığını deyən səfir dəhlizin bağlanmasına səbəb kimi onun digər məqsədlər üçün istifadə edildiyini, o cümlədən hərbi sursatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yardımı adı altında qaçaq malların ərazilərimizə daşınması olduğunu diqqətə çatdırıb. Buna sübut kimi çoxsaylı sənədlərin və videomaterialların olduğu qeyd edilib.

Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə toxunan səfir vurğulayıb ki, onun müşayiəti ilə ermənilər tərəfindən gizli dağ yolları ilə Xankəndinə müəyyən olmayan mallar daşınır, oradakı məktəblilərə hərbi təlimlər keçirilir. Bütün bunlar da Azərbaycanda haqlı narazılığa səbəb olur, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salır.

P.Bülbüloğlu iyulun 14-də Şuşada olarkən atəşkəsin pozulmasının şahidi olduğunu da həmsöhbətinin diqqətinə çatdırıb. O, Rusiya mətbuatında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səslənən qərəzli fikirlərin də cəmiyyətimizdə, o cümlədən politoloq və ekspertlər arasında mənfi reaksiya doğurduğunu bildirib.

Diplomat Xankəndidə Ruben Vardanyanın təxribat xarakterli fəaliyyətindən bəhs edərək, onun mövcud vəziyyətin normallaşmasına əngəllər törətdiyini vurğulayıb, cəmiyyətimizdə onun məhz Rusiya tərəfindən Xankəndiyə göndərildiyi fikrinin formalaşdığını bildirib.

Sülh müqaviləsinin Prezident İlham Əliyevin təşəbbüsü olduğunu deyən səfir ölkəmiz üçün danışıqların harada aparılmasının əhəmiyyət kəsb etmədiyini, əsas məsələnin danışıqların davam etdirilməsi və konkret nəticənin əldə edilməsi olduğunu vurğulayıb.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş təmir-bərpa işlərindən danışan P.Bülbüloğlu Qarabağ bölgəsində yaşayan ermənilərin buna şahid olduqlarını qeyd edib, bu işlərin onlar üçün Azərbaycanın tərkibində həyatın firavan olacağına əminlik yaradacağına əminliyini bildirib.

Görüşdə, həmçinin regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.




Paylaş:


Müəllif : Tarix:
17-07-2023, 22:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər