reklam
Regionxeberlericom.az » Siyasət » Danışıqları pozan İrəvana AVROPA NİYƏ SƏBRLƏ YANAŞIR? - Brüssel hansı cəhənnəmdədir?..

reklam

Danışıqları pozan İrəvana AVROPA NİYƏ SƏBRLƏ YANAŞIR? - Brüssel hansı cəhənnəmdədir?..


Ötən həftəsonu Ermənistan hökuməti “Laçın dəhlizinin blokadası nəticəsində Qarabağ ərazisində yaranmış vəziyyətlə əlaqədar” BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini istəyib. “Yeni Müsavat” qeyd edir ki, Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan Təhlükəsizlik Şurasının sədrinə bu barədə yazılı müraciət ünvanlayıb. Hökumətin son iclasında baş nazir Paşinyanın Qarabağ ermənilərinin “faciəvi vəziyyəti” ilə bağlı söykədikləri İrəvanın məsələni beynəlxalq müstəvidə müzakirəsinə hazırlıq anonsu sayıla da bilərdi. Paşinyan həmin toplantıda “humanitar yükün” sərhəddən buraxılmamasının nəticələri sırasında sülh danışıqlarının sıfırlana biləcəyini də deyib. O, çıxışında Azərbaycan qarşısında yenidən Qarabağ tələbi, Bakı-Xankəndi danışıqlarının isə beynəlxalq missiya, hansısa üçüncü ölkələrin vasitəçiliyi ilə aparılması şərtini qaldırır.

Aydındır ki, “humanitar yüklərin” sərhəddən buraxılmaması Paşinyanın həm Qarabağ, həm sülh danışıqları mövzusunda spekulyasiya imkanlarını artırır. Üstəlik, bu məsələnin BMT səviyyəsində müzakirəsinə cəhd etməklə, bölgədə sülhməramlıları olan Rusiyaya beynəlxalq inamsızlıq yaradılması planlarına da dəstək olur. Yəni erməni baş nazir əslində bu prosesdən çox qazanclı çıxmağı hədəfləyir. Paşinyan sülh danışıqları prosesinin ən əvvələ - “sıfır nöqtəsinə” qayıtmasını çox arzulayır ki, bu danışıqlar saqqız kimi uzansın, o da manevr imkanlarını itirməsin, hakimiyyətini mümkün təhlükələrdən sığortalasın.

BMT-dəki mümkün müzakirələrə gəlincə, Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən ən azı iki dövlət - Albaniya və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla fəal siyasi və iqtisadi əməkdaşlıq edir.

Daha 4 ölkə - Qabon, Qana, Mozambik və Ekvador Azərbaycanın Qoşulmama Hərəkatında tərəfdaşıdır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən Ermənistan Fransanın “qəyyumluğuna” arxalana bilər. “Turan” şərhində yazır ki, böyük ehtimalla Rusiyanın məsələnin “beynəlxalqlaşmasına” qarşı çıxacağını gözləmək olar. Çünki Moskva Bakı ilə İrəvan arasında əsas moderator rolunu oynamağa iddialıdır və üçüncü dövlətlərin nizamlanma məsələsinə müdaxiləsinə qarşıdır. Yada salaq ki, İrəvan və Paris artıq 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasına Bakını Qarabağ ermənilərinin “hüquqlarını pozmaqda” və Laçın dəhlizini “blokada” etməkdə ittiham edən sənədi irəli sürməyə çalışıblar. Lakin Fransanın hazırladığı bəyanat layihəsi bloklandı və bunda ən fəal rol oynayan Rusiya oldu. Böyük Britaniya, BƏƏ və Albaniya da bəyanatın mətninə düzəlişlər təklif etsə də, Fransa bunu qəbul etmədi və nəticədə sənədi geri götürmək məcburiyyətində qalıb. Paşinyanın yenidən Qarabağ şərtinin quyruğundan yapışmasında məqsədi nədir? BMT-dəki mümkün müzakirələrdən nə gözləmək olar?

“2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, bununla yanaşı, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir. “Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir", - bəyanatda qeyd edilib.

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Ermənistan BMT Təhlükəsizlik Şurasının “Qarabağdakı vəziyyətlə bağlı” təcili iclasını çağırmaqla üç mərhələdə nəticə əldə etməyə ümid edir: “Belə bir iclasla beynəlxalq diqqəti Qarabağda iddia etdikləri "humanitar fəlakətə" çəkmək; Azərbaycana qarşı bəyanatın qəbul edilməsinə nail olmaq; mümkün olarsa, bu bəyanatı qətnaməyə çevirmək və Laçın yolunun açılmasına nail olmaq. İclasın keçirilməsi mümkün görünür, lakin digər iki mərhələdə nəticə İrəvan və bu prosesdə onu dəstəkləyən Fransa üçün ürəkaçan olmayacaq. Birincisi, rəsmi Bakı korrekt gedişini təkrarlayacaq: ötən ilin dekabrında Ermənistan Fransanın dəstəyi ilə BMT TŞ-də Azərbaycana qarşı bəyanatın qəbul edilməsini gündəmə gətirdi. Bakının manevrləri nəticəsində bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi, nəticədə Azərbaycanın əleyhinə olan bəyanat xeyrinə olan formaya salındı. Fransa və Ermənistan məcbur qalaraq, bundan imtina etdilər. Bu prosesdə daimi üzvlərdən Böyük Britaniya və Rusiya, qeyri-daimi üzvlərdən BƏƏ və Albaniyanın dəstəyi də həlledici amillərdən oldu. Analoji vəziyyət yaranacağı təqdirdə, Azərbaycan əleyhinə olacaq bəyanatın korrekt edilməsi - BMT-nin də qəbul etdiyi “ərazi bütövlüyü”, “Dağlıq Qarabağ ifadəsinin çıxarılması” və s. mümkündür". Təhlilçinin sözlərinə görə, ikincisi, əgər bəyanatın qəbul edilməsinə nail olarlarsa, bunun qətnaməyə çevrilməsinə ilk veto qoyacaq ölkə Rusiya olacaq, çünki bu, Moskvanın “öz təsir dairəsi” olaraq gördüyü bölgəyə kənar müdaxilə deməkdir. Ekspert hesab edir ki, onda Bakının təklifini - Ağdam-Xankəndi marşrutunu qəbul etməkdən başqa yolları qalmayacaq.

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, BMT Azərbaycanın xeyrinə 4 qətnamə qəbul etmişdi: “Ancaq erməni silahlıları tam heyətlə Azərbaycandan çıxarılmayıb. İndi "humanitar yük"dən o silahlı ermənilərə də pay çatacaq. Necə ola bilər, BMT desin ki, erməni silahlıları ərazilərdən çıxar, eyni vaxtda həm də qətnamə qəbul etsin ki, bu ərazi sənin deyilmiş kimi davran, kim girir-çıxır, kim nə istəyir etməsinə şərait yaratmağı tələb et. Bu necə ola bilər? BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan dövlətlər öz ölkələrində bu şəraiti yaradarmı? 20 gündür ki, TIR-lar gözləyir, Bakı da təklif irəli sürür, gəlin Ağdam yolundan keçin. Niyə keçmirlər, nəyin inadıdır? O zaman Azərbaycana hansı psixoloji təsir göstərməyə çalışırlar?"

Ə.Verdiyevin sözlərinə görə, o baxımdan əvvəlcə Britaniyanın adını qeyd etməyi zəruri bilir: “Minatəmizləmədə bizə dəstək verirlər, ingilis səfir azad edilən torpaqlara səfər edir, maraqlanır. Rusiyanın da Azərbaycanın yanında olacağını düşünürəm. Əks təqdirdə, ruslar ərazilərimizdə qalmaq imkanını itirəcək. Necə ola bilər ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanısın, biz də onu torpaqlarımıza buraxaq, sən də gedib BMT-də əleyhimizə olan qətnaməyə səs verəsən? Bu, mümkün deyil. Digər tərəfdən, hipotetik olaraq götürsək ki, qətnamə qəbul edildi, tövsiyə xarakterli sənəd qəbul olundu, bəs nə baş verəcək? Əvvəla, bunu icra etmək üçün 300 il vaxtımız var. Əgər Ermənistan BMT-nin 4 qətnaməsini 30 il ərzində icra etməyibsə, o halda Azərbaycanın da bu qurumun tövsiyə xarakterli qətnaməsini 300 il icra etməmək haqqı var”.

“Yeni Müsavat”





Paylaş:


Müəllif : Tarix:
15-08-2023, 08:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər