reklam
Regionxeberlericom.az » Siyasət » Fransa şirkətinin rəhbəri Azərbaycana hansı təkliflə gəlib? - İLGİNC GƏLİŞMƏ

reklam

Fransa şirkətinin rəhbəri Azərbaycana hansı təkliflə gəlib? - İLGİNC GƏLİŞMƏ


Avqustun 31-də dünya erməniliyinin dayaqlarından biri sayılan Fransanın ən böyük enerji şirkəti “TotalEnergies”in baş icraçı direktoru Patrik Puyanne Azərbaycanda oldu. Səfər zamanı şirkətin işlədiyi “Abşeron” yatağından ilk qazın hasil olunmasına həsr olunmuş mərasim keçirildi, Puyanneni ölkə Prezidenti İlham Əliyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, SOCAR rəhbəri Rövşən Nəcəf qəbul etdilər.

Rəsmi məlumata əsasən Prezident İlham Əliyevlə görüşdə “Abşeron” yatağında hasilatın başlanılması vurğulandı və layihənin parametrləri barədə dövlət başçısına ətraflı məlumat verilib. Qeyd edilib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.

Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olunub. Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında görüş zamanı Azərbaycan və Fransanın “TotalEnergies” şirkəti energetika sahəsində həyata keçirilən birgə layihələrin müzakirə olunduğunu qeyd edib: “”TotalEnergies" şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən birgə layihələr və bərpa olunan enerji istehsalı üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq".

Avqustun 31-də Bakıda “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə “Abşeron” qaz-kondensat yatağının İHS (İlkin Hasilat Sxemi) mərhələsi üzrə hasilata başlanılmasından məmnunluğunu ifadə edən “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane SOCAR və layihəyə yeni qoşulmuş ADNOC şirkəti ilə əməkdaşlığın daha da möhkəmləndiriləcəyini diqqətə çatdırıb. O, hazırda tərəfdaş şirkətlərlə birgə “Abşeron” yatağının işlənilməsinin növbəti mərhələsi üzrə görülən işlərdən danışıb. P.Puyane təbii qazın karbohidrogenlər içərisində ən təmiz yanacaq olduğunu diqqətə çatdıraraq “Abşeron” layihəsinin “TotalEnergies”in aşağı karbonlu enerjiyə keçid öhdəliyinə tam uyğun olduğunu da ifadə edib.

Energetika naziri Pərviz Şahbazov da “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimində iştirakı məqsədilə ölkəmizdə səfərdə olan “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Onun özünün “X” hesabında yazdığına görə, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının illik hasilatı 4 dəfəyə qədər artırılacaq: “”Abşeron" yatağından ilk qazın verilməsi mərasimində iştirak etdik. “Abşeron”un tələbatımızı və ixracı nəzərə alan mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir".

Energetika Nazirliyindəki görüşdə söhbət zamanı “TotalEnergies” şirkətinin Azərbaycanda karbohidrogen sektorunda fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, ümumi gücü 500 MVt olan külək-günəş enerjisi, enerji saxlanc sistemləri layihələrinin həyata keçirilməsi də müzakirə edilib. Həmçinin ölkəmizdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, şəbəkəyə inteqrasiyası və ixracı ilə bağlı layihələrin cari vəziyyəti nəzərdən keçirilib, əməkdaşlıq imkanları diqqətə çatdırılıb, növbəti addımlar razılaşdırılıb.

Qeyd edək ki, bu il Fransa enerji nəhənginin top-menecerləri üç dəfə Azərbaycan rəhbərliyi ilə görüşüblər. Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, bu dəfə Bakıya Fransa enerji şirkətinin bu səviyyədə rəhbərinin gəlişi artıq istər “Abşeron” layihəsinin gələcəyi, istərsə də “TotalEnergies”in Azərbaycandakı gələcək fəaliyyəti ilə bağlı razılaşmalardan xəbər verir: “”TotalEnergies" rəhbərinin Bakıya gəlişindən bir sıra nəticələr çıxarmaq olar. Əvvəla, tərəflər “Abşeron” qaz yatağının işlənməsinin növbəti mərhələsinə dair məsələdə qarşılıqlı anlaşma əldə ediblər. Məsələnin hüquqi çərçivədə həlli artıq qısa müddətdə baş verə bilər - məsələn, Neftçilər günü ərəfəsində. İkincisi, Fransa şirkətinin Azərbaycanın “yaşıl_enerji” sektoruna sərmayə qoyması prinsipcə həll edilib. Nəhayət, üçüncüsü, rəsmi Bakı “TotalEnergies” ilə yeni qaz layihələri (məsələn, “Babək” layihəsi) üzrə gələcək əməkdaşlıq üçün “yaşıl işığın” yandırılmasında maraqlı olduğunu ortaya qoyur".

Qeyd edək ki, hazırda Fransa Azərbaycana qarşı hücumlara rəhbərlik edir. Bütün dünya boyu erməni lobbisinin başlatdığı antiAzərbaycan kampaniyasında Fransanın prezidenti də daxil olmaqla, əksər dövlət və ictimai şəxsləri ən aktiv şəkildə iştirak edirlər. Belə bir şəraitdə Fransanın əsas enerji şirkəti ilə əlaqələrin dərinləşdirilməsi diqqəti cəlb edir.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Azərbaycanın Fransanın ən böyük şirkəti ilə əməkdaşlığı davam etdirməsi rəsmi Bakının Parisin siyasətində müəyyən dəyişikliklər gözləntiləri ilə bağlı olar bilər: “Ola bilsin ki, Azərbaycan bir müddət sonra da olsa, Fransanın açıq tərəfkeşlik siyasətinin dəyişəcəyinə ümid edir. Ermənistanla Azərbaycanı müqayisə etsək, Fransanın iqtisadi maraqları məhz Azərbaycanda təmin olunub. ”TotalEnergies" kifayət qədər böyük ethiyatlara malik “Abşeron” yatağının işlənməsi layihəsində 35 faiz paya sahibdir. Azərbaycan hökuməti bu şirkətə heç bir problem yaratmır, halbuki Fransanın qərəzli mövqeyi qarşılığında bunu edə bilərdi. Hesab edirəm ki, “TotalEnergies” bu mövqeyi yetərincə qiymətləndirməli, öz ölkəsinin mövqeyinin dəyişməsi üçün səy göstərməlidir".

Politoloqun fikrincə, Fransada Emmanuel Makrondan sonra hakimiyyətə gələn qüvvə də Azərbaycana qarşı açıq qərəz və böhtan, təhdid siyasətini davam etdirsə, rəsmi Bakı “TotalEnergies”lə əməkdaşlığa yenidən baxmalıdır: “Fransanın bu qədər qərəzinin qarşısında o ölkəyə xeyir verən bir şirkətin Azərbaycandan qazanc əldə etməsinə imkan verilməməlidir”.

Qeyd edək ki, “TotalEnergies”in 35 faizlik paya sahib olduğu Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz ehtiyatlarının həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci böyük qaz yatağıdır."Abşeron" yatağı üzrə 2009-cu ildə “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında hasilatın pay bölgüsü sazişi imzalanıb. 2011-ci ilin sentyabrında “Total” şirkəti “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.

“Abşeron”dan ilkin mərhələdə ildə1,5 milyard kubmetr, ikinci mərhələdə isə 5 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur.

“TotalEnergies” hazırda Azərbaycan neftini dünya bazarına çıxaran “Bakı-Tiflis-Ceyhan” əsas ixrac boru kəmərinin 5 faizinə sahibdir.

“TotalEnergies”lə yanaşı 90-cı illərin ortasından başlayaraq Azərbaycanın neft-qaz layihələrinə Fransanın “Elf Atiken”, “GDF Suez” şirkətləri qoşulub. Onlar həm kəşfiyyat, həm də hasilat layihələrinin iştirakçıları olub. Bundan başqa, Fransanın xidmət şirkətləri həmçinin Azərbaycanın neft-qaz sənayesindən yetərincə qazanc əldə ediblər.

Fransanın onlarla digər şirkəti Azərbaycanda işləyir. Aralarında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Lafarge-Holcim” kimi tanınmış, öz lobbi qrupları olan, Fransa siyasətinə təsir edə biləcək şirkətlər də var. Bu şirkətlər Azərbaycanla əməkdaşlıqdan böyük qazanclar əldə edirlər. Azərbaycan Dəmiryolları QSC 2017-2019-cu illərdə “Alstom”dan 10 lokomotiv alaraq 55 milyon dollara yaxın vəsait ödəyib.

İndi də “TotalEnergies” Azərbaycanda bərpa olunan enerji mənbələrindən enerji istehsalında iştirak etmək istəyir. Şirkət bu sahəyə marağını bir neçə ildir büruzə verir. Artıq onun 500 Mvt-lıq külək və günəş enerjisi güclərinin yaradılmasında iştirakı müzakirə olunur. Bu isə ən azı 500 milyon dollarlıq sifariş deməkdir. Fransa şirkəti yalnız Azərbaycanda deyil, qardaş Türkiyədə də bərpa olunan enerji istehsalında iştirak etməyə çalışır. Artıq yerli Renosans Enerji şirkəti ilə onun səhmlərinin 50 faizini əldə etməsinə dair müqavilə imzalayıb.

Renosans Enerji Türkiyədə ümumi gücü 166 MVt olan 6 Su Elektrik Stansiyasına sahibdir. Şirkətin 700 MVt gücündə akkumulyatorlardan günəş və külək elektrik enerjisi istehsalını nəzərdə tutan layihələri var. Renosans Enerji 2030-cu ilədək bərpaolunan mənbələrdən enerji istehsalı gücünü 2 GVt-a çatdırmağı nəzərdə tutur.

“TotalEnergies” və Renosans Enerji birgə istehsal etdikləri enerjini açıq hərraclarda, yaxud istehlakçılarla birbaşa müqavilə əsasında satacaqlar.

Əlbəttə, “TotalEnergies” kimi müasir texnologiyalar malik şirkətin Azərbaycanda bərpa olunan enerji istehsalına qoşulması ölkəmiz üçün müsbət addımdır.2023-cü ilin martında Fransa şirkətinin bərpa olunan mənbələrdən enerji istehsalı gücü 18 GVt təşkil edib. 2030-cu ilədək bu gücün 100 GVt-a çatdırılması planlaşdırılır. Lakin nəzərə alsaq ki, Fransa siyasi dairələri böyük şirkətlərin iqtisadi maraqlarını nəzərə almadan Azərbaycana qarşı açıq böhtan kampaniyasının önündə gedirlər, o zaman Bakının bu ölkənin şirkətlərinə qarşı davranışlarını dəyişmək hüququnu saxladığını söyləyə bilərik.

“Yeni Müsavat”





Paylaş:


Müəllif : Tarix:
2-09-2023, 09:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər