reklam
Regionxeberlericom.az » Siyasət » Londonun Azərbaycanla və regionumuzla bağlı PLANLARI NƏDİR? - NƏ BAŞ VERİR?

reklam

Londonun Azərbaycanla və regionumuzla bağlı PLANLARI NƏDİR? - NƏ BAŞ VERİR?


Müharibələr təkcə hərb meydanında qazanılmır. Tarix boyu və xüsusilə müasir çağımızda müharibələrin taleyi ilk öncə diplomatik masalarda həll olunur, hərbçilərə sadəcə olaraq diplomatik uğurların və razılaşmaların həyata keçirilməsi üçün canlarını fəda etmək qalır.

Biz bunun ən bariz örnəyini II Qarabağ savaşında gördük. Savaşdan əvvəl Prezident İlham Əliyev sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovu işdən uzaqlaşdırdı və onun yerinə gətirdiyi Ceyhun Bayramova açıq təlimat verdi: “Bundan sonra hücum diplimatiyasına keçirik”. Sözsüz ki, Prezident bunu deyərkən, təhsil strukturundan XİN rəhbərliyinə gətirdiyi təcrübəsiz yeni nazirin diplomatik bacarıqlarına sonsuz güvən içərisində deyildi. O, böyük ehtimalla, məsələni diplomatik masalarda artıq həll etmiş, xarici dövlətlərdə o qədər də tanınmayan bir şəxsi Xarici İşlər naziri təyin etməklə, faktiki olaraq XİN-ni xaricdən gələn təzyiqlərə qarşı bloklamış, bütün təklif və ismarışları yalnız özünə yönləndirmişdi. 44 Günlük savaş sırasında da gördüyümüz kimi, xarici təzyiqlərə şəxsən özü cavab verir və bir çox məsələləri diplomatik təcrübəsi ilə həll etməyə çalışırdı.

Bu savaş boyunca erməni lobbilərinin və tərəfdaşlarının da Azərbaycana qarşı bütün həmlələrinin boşa çıxdığını görürdük. Çünki Azərbaycanın dünyadakı tərəfdaşları kifayət qədər güclü idi və onlara erməni-rus həmlələrinin təkcə bizə yox, həm də dünya nizamına qarşı yönəldiyi əsaslı şəkildə izah olunmuş, bütün güclü aktorlar buna inandırılmışdı. Təsadüfi deyil ki, Fransanın BMT TŞ-dakı Azərbaycan əleyhinə qaldırdığı təşəbbüs müzakirəyə belə çıxarılmadan Böyük Britaniyanın vetosu ilə əngəllənmişdi. Bu baxımdan, 44 günlük savaşın qazanılmasında Türkiyə, Pakistan, İsrail kimi açıq müttəfiqlərimizlə yanaşı Böyük Britaniya kimi gizli tərəfdaşımızın da böyük rolu vardı və bunu inkar etmək mümkün deyil.

Bir neçə həftədən sonra 44 günlük savaşın başlanmasının 3-cü ildönümünü qeyd edəcəyik. O vaxtdan bu yana keçən müddət ərzində əldə etdiyimiz bir çox uğurlar var. Əvvəl yalnız Qarabağ ətrafındakı işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın suverenliyinin tam bərqərar olunduğundan danışır, Qarabağın isə bizə qayıdıb-qayıtmayacağına şübhə ilə yanaşırdıqsa, bu gün artıq ölkəmizin bütün ərazilərinə sahib çıxaracağımıza ümidlərimiz daha da artıb. Xüsusilə Ermənistan və Qarabağ separatçılarının “humanitar böhran” bəhanələrinin heç bir işə yaramamasından sonra ərazi bütövlüyümüzün tam bərqərar olunacağına inananlarımızın sayında da yüksəlişlər var.

Bununla belə, son zamanlar baş verən bəzi hadisələr diplomatik sahədə əvvəlki mövqeyimizin getdikcə zəiflədiyi də hiss olunur. Xüsusilə BCC-nin Azərbaycan həqiqətlərinə qərəzli yanaşması 44 günlük savaşdakı gizli müttəfiqimizlə aramızda hansısa anlaşmazlıqların ortaya çıxdığından xəbər verir. Hər halda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dünən axşam “X” səhifəsində paylaşdığı bir status bu şübhələrə yol açır. Belə ki, Hikmət Hacıyev sözügedən paylaşımında NATO-nun keçmiş baş katibinin İrəvandan pul almasından danışıb və BBC-ni Azərbaycana qarşı qərəzçilikdə günahlandırıb.

“Pullar danışır” seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma “Dağlıq Qarabağ Res.”in “yubileyi” ərəfəsində Ermənistan hökumətinin və erməni lobbi qruplarının göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilib.

Biabırçılıq da olsa, ən azından NATO-nun keçmiş baş katibi (Anders Foq Rasmussen – Report.az) təbliğat kampaniyasına görə Ermənistan hökuməti tərəfindən pul aldığını inkar etmir...Bəzi siyasətçilər riyakarlıqla dünyanı “yaxşı və pis separatçılar və cinayətkarlar”a bölürlər. Köhnə vərdişlərdən vaz keçmək çətindir!

Amma narahatlıq yaradan odur ki, BBC öz Nizamnaməsində “bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiq olduğunu, bu öhdəliyin reputasiyaları, dəyərləri və tamaşaçıların etimadı üçün əsas” olduğunu bildirsə də, birtərəfli və qərəzli aqressiv manipulyasiya və yalan təbliği ilə məşğuldur, o cümlədən “Kontekst” proqramında. BBC bütün səslər, xüsusən də həssas mövzular üçün platforma rolunu oynamalıdır”, - o qeyd edib.

Məsələ burasındadır ki, Hikmət Hacıyevin açıq şəkildə və haqlı olaraq qərəzçilikdə günahlandırdığı BBC adi bir telekanal deyil, Böyük Britaniya krallığının himayəsi və maliyyə dəstəyi ilə fəaliyyət göstərən beynəlxalq yayım təşkilatıdır. Dolayısıyla onun mövqeyini də böyük ölçüdə rəsmi Londonun siyasəti müəyyənləşdirir və dünyada Böyük Britaniyanın “yumşaq gücü” kimi tanınır. Heç uzağa getməyək, Azərbaycan insanı dəfələrlə BBC-nin ölkəmiz əleyhinə dərc etdiyi məqalədən sonra BP rəsmilərinin Bakıya gəldiyini və Xəzərdəki neft-qaz quyularının istismarında bəzi imtiyazların qazandığının şahidi olub. Əgər Hikmət Hacıyevin dediyi kimi, BBC bütün iradlarımıza rəğmən, öz qərəzli mövqeyindən geri çəkilmirsə, bu, bizimlə Böyük Britaniya arasında hansısa anlaşmazlıqların ortaya çıxması ilə bağlı ola bilər.

Üstəlik, Hikmət bəy BBC-nin qərəzçiliyini açıq şəkildə ictimailəşdirirsə, deməli, Londonla qapalı danışıqlar istənilən effekti vermədiyindən bu yolu seçmək məcburiyyətində qalıb. Əks təqdirdə, o, qapalı müzakirələrlə həlli mümkün olan məsələləri “X” səhifəsinə daşımaz və sərt bir üslubla ingilis “yumşaq gücü”nü tənqid atəşinə tutmazdı.

O da sirr deyil ki, BMT TŞ-da Qarabağla bağlı son müzakirələr zamanı da Böyük Britaniyanın 3 il əvvəlki dost mövqeyi ilə rastlaşmadıq və təsadüfi ola bilməz.

Mümkündür ki, İngiltərənin ciddi rəqabətdə olduğu Fransanın şantajlarından sonra Azərbaycan hakimiyyəti “Total” şirkətinin rəhbərliyini qəbul edib ona bəzi imtiyazlar verməsi London-Bakı xəttində müəyyən soyuqluqların yaranmasına yol açıb. Əgər belədirsə, bu, kiçik anlaşılmazlıqları ortadan qaldırmaq, münasibətləri yenidən əvvəlki səviyyəyə gətirmək lazımdır.

Onu da istisna etmək olmaz ki, London Azərbaycandan Rusiyaya qarşı ikinci cəbhənin açılmasını istəyir. Yeri gəlmişkən, Cənubi Qafqazın digər dövlətləri də ABŞ və İngiltərənin bu səpkili təzyiqlərinə məruz qalırlar, xüsusilə Gürcüstan rəsmiləri bunu açıq şəkildə etiraf edirlər. Ermənistan baş naziri Paşinyan da İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində belə təzyiqlərə məruz qaldığına eyham vuraraq deyirdi: “Digər tərəfdən, Ermənistan qərbpərəstliyin mümkün üstünlüklərindən və ya imtiyazlarından istifadə edə bilmir, çünki Qərbdə də hesab edirlər ki, Ermənistan qərbyönümlü deyil, məsələn, onların nöqteyi-nəzərincə, Ukrayna ilə bağlı Rusiyaya qarşı çıxmadığı və ya kifayət qədər müqavimət göstərmədiyi üçün”. Təbii ki, Azərbaycan da Qarabağdan rus “sülhməramlıları”nın çıxarılması üçün eyni təzyiqlərə məruz qala bilər.

Bütün hallarda London-Bakı xəttində bu cür soyuqluqların yaranmasında ölkəmizin Böyük Britaniyadakı səfirliyinin də bacarıqsızlığının önəmli payı var. Çünki səfirliyin əsas missiyalarından biri iki dövlət arasındakı münasibətləri tənzimləmək, ortaya çıxan problemləri vaxtında təsbit edib nümayəndəsi olduğu dövləti məlumatlandırmalı, öz riçaqlarını işə salıb problem böyüməmiş onun qarşısını almaqdır. Yeri gələndə, bulunduğu dövlətə mesajları da özü verməli, işi Prezidentə və onun köməkçisinə buraxmamalıdır. Bunun ən gözəl nümunələrini Ukrayna və Rusiya səfirləri diplomatik missiyalarını həyata keçirdikləri ölkələrdə ortaya qoyurlar. Xüsusilə də cənab səfirimiz Elin Süleymanovun diplomatik missiyasını həyata keçirdiyi ABŞ və İngiltərə kimi ciddi dövlətlərdə. Bizim səfirimiz də öz həmkarlarından dərs almalı və onların təcrübələrini öz fəaliyyətinə köçürməyi bacarmalıdır. Boş-boşuna kabinetdə yatıb baş girləməklə və ya bizneslə məşğul olmaqla effektli diplomatik fəaliyyət göstərmək olmaz.

Böyük Britaniya bəzilərimizin düşündüyü kimi, təkcə BMT TŞ-da təmsil olunan böyük dövlətlərdən deyil. O, həm də dünya siyasətinin formalaşmasına ciddi təsirləri olan anqlo-sakson ittifaqın aparıcı üzvüdür. Hətta ABŞ-dan fərqli olaraq təkbaşına Rusiyaya qarşı meydan oxumaqdan belə çəkinmir, Ukraynaya açıq dəstək verir və bu sahədə ciddi uğurlar qazanır, əksər hallarda ABŞ-ı öz arxasınca salıb istədiyi istiqamətə sürükləyə bilir. Bir növ, anqlosakson ittifaqın lokomotivi kimi hərəkət edir. İnsafən, bizimlə də münasibətləri pis olmayıb. 44 Günlük müharibədən sonra ölkəmizə səfər edən Böyük Britaniya Müdafiə naziri Azərbaycana güclü dəstək verəcəklərini, hətta lazım gələrsə, ölkəmizcə müasir silahlar istehsal edən hərbi zavodlar aça biləcəklərini açıqlamışdı. Belə bir dövlətin dəstəyini hansısa səbəbdən itirmək, sözsüz ki, heç kimə, o cümlədən Azərbaycana da xeyir gətirməz.

Fikrimizcə, Azərbaycan hakimiyyəti diplomatik kanallar vasitəsilə Londonun ağzını aramalı, aradakı problemlərin nədən ibarət olduğunu təsbit etməli, dövlət maraqlarımıza zidd olmayan istəkləri varsa, çözməyə çalışmalıdır. Bizim dost itirəcək vaxtımız deyil.

Heydər Oğuz,

Ovqat.com




Paylaş:


Müəllif : Tarix:
4-09-2023, 09:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər