reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycana lazım olmayan “yol xəritəsi” - GƏLİŞMƏ

reklam

Azərbaycana lazım olmayan “yol xəritəsi” - GƏLİŞMƏ


Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə onun Prezident İlham Əliyevlə keçirilən görüşləri zamanı Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin normallaşması üçün “yol xəritəsi”nin formalaşdırıldığını bildirib.

Onun sözlərinə görə, bu Qranadada qəbul edilmiş dördtərəfli bəyanatda öz əksini tapıb.

“Tərəflərin bu “yol xəritəsi”nə sadiqliyi sülh prosesində irəliləyişi təmin edəcək. Ermənistan yuxarıda qeyd olunan prinsiplərə sadiqliyini təsdiq edib və təsdiq etməkdə davam edir”.

Nikol Paşinyan İrəvanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə keçirdiyi mətbuat konfransında belə deyib.

Açılamadan göründüyü kimi, Ermənistanın Baş naziri oktyabrın 5-də Avropa İttifaqı Şurasının İspaniyanın Qranada şəhərində keçirilmiş sammiti çərçivəsində qəbul olunmuş dördtərəfli bəyanatın mətninin Azərbaycanla sülh müqaviləsinin baza prinsipləri kimi götürülməsini təklif edir.

Qeyd edək ki, həmin müzakirələrdə Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev isə Türkiyənin görüşə qatılmasına razılıq verilmədiyinə görə Qranadaya getməkdən imtina edib.

Yəni sözügedən dördlü masada yalnız Ermənistanın maraqlarını ifadə tərəflər təmsil olunub. Ona görə də Azərbaycan həmin bəyanata qəti etirazını bildirmişdi. Belə bir sənədin əsasında sülh sazişinin imzalanacağına işarə etməsi isə Paşinyanın subyektiv mövqeyi kimi qiymətləndirilə bilər.

Çox güman ki, Nikol Paşinyan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanacağına dair açıqlama verərkən məhz özünün “yol xəritəsi” adlandırdığı dördtərəfli bəyanatı nəzərdə tutur. Yəni Ermənistanın Baş naziri Qranada bəyanatında qeyd olunmuş üç bəndin dolayısı ilə sülh sazişinə salınmasını təklif edir.

Lakin Ermənistanın Baş naziri “yol xəritəsi”nin Azərbaycan Prezidenti ilə apardığı danışıqların nəticəsində formalaşdığını deməklə həmin bəyanatın məzmununun rəsmi Bakı ilə razılaşdırıldığına dair görüntü yaratmağa çalışır.

Halbuki, Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə baş tutan görüşlərdə sonradan Qranada bəyanatında əksini tapmış şərtlərlə bağlı hər hansı razılaşma olmayıb. Bu da Paşinyanın yalan danışdığını təsdiq edir.

Xatırladaq ki, Qranada bəyanatının birinci bəndində “qaçqın” adı altında Qarabağdan köçən ermənilərin öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüququ heç bir şərt olmadan, beynəlxalq monitorinq altında, tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına lazımi hörmətlə yanaşılmaqla azad şəkildə həyata keçirilməli olduğu qeyd edilir.

Sənəddə Qarabağdan kütləvi köçən ermənilərin “qaçqın” adlandırılması onların “deportasiyaya məruz qaldığı və təhlükəsizliyinə problem yarandığı üçün Azərbaycanı tərk etməyə məcbur olduğu” barədə rəy yaratmağa xidmət edir.

Bununla da Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsini yenidən gündəmə gətirməyə çalışır. Paşinyanın “yol xəritəsi”ndən söz açarkən Qranada bəyanatına istinad etməklə Ermənistanın sülh müqaviləsinə ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi, onların hüquqları və təhlükəsizliyi məsələsinin daxil edilməsi iddiasını ortaya qoymağa cəhd edir.

Azərbaycan isə Qarabağda separatizmi yenidən dirçəltməyə və münaqişəni bərpa etməyə hesablanmış bu cür sülh prinsiplərini heç vaxt qəbul etməz. İkincisi, bəyanatda ermənilərin geri qayıtmaq hüququnun heç bir şərt olmadan təmin edilməsi şərti irəli sürülür.

Əvvəla, Azərbaycan da Qarabağdakı erməni azlığın nümayəndələrinin geri qayıtmasını təklif edir və onların təhlükəsizliyinə təminat verir. Ancaq yalnız 1988-ci ildə münaqişə başlayana qədər Azərbaycan vətəndaşı olmuş erməni sakinlər və ya onların varisləri yenidən geri qayıdaraq Qarabağda yaşaya bilər.

Eyni zamanda, həmin şəxslər Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı separatçılıq fəaliyyətində, silahlı dəstələrin tərkibində və etnik təmizləmədə iştirak etmiş ermənilərə yaşayış hüququ verilə bilməz.

Lakin Qranada bəyanatına “heç bir şərt olmadan” ifadəsinin daxil edilməsi Azərbaycanın bu şərtlərdən imtina etməsini nəzərdə tutur. Ona görə də Azərbaycanla belə bir razılaşmanın mümkünlüyü barədə dedikləri inandırıcı görünmür. Bundan başqa, ermənilərin Qarabağa dönüşü prosesinin beynəlxalq monitorinq altında aparılması təklifi irəli sürülür.

Bu isə o deməkdir ki, ermənilərin təhlükəsizliyinin təmin olunmasını təmin etmək üçün Ermənistanın istəyinə uyöun olaraq, Avropa İttifaqı, Fransa və Almaniyanın müşahidə missiyası Qarabağa yerləşdirilməsi təklif edilir. Həmin bölgəyə isə Azərbaycan deyil, Ermənistanın Qərbdəki tərəfdaşlarının monitorinq missiyası nəzarət edir. Bununla da Ermənistan Azərbaycanın Qarabağda tamamilə bərpa olunmuş suverenliyini yenidən aradan qaldırmaq niyyəti güdür.

Qranada bəyanatının ikinci bəndində “Qüvvələrin bir-birindən uzaqılaşdırılması” qeyd edilir. Bu, əslində Azərbaycan qoşunlarının sərhəddən geri çəkməsini nəzərdə tutur. Yəni bəyanatı imzalayan üç tərəf sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin “güzgü prinsipi” əsasında həyata keçirlməsinə dair Nikol Paşinyanın təklifinə dəstək verib.

Ermənistanın Baş naziri isə bu bəndi “yol xəritəsi” adı altında sülh sazişinə daxil etməklə Azərbaycanın üzərinə siyasi və hüquqi öhdəlik götürməsinə nail olmağa çalışır.

“Güzgü prinsipi” sərhədlərin delimitasiyası və demarkasiyası zamanı tərəflərin öz silahlı qüvvələrini simmetrik qaydada müəyyən məsafədə geri çəkməsini nəzərdə tutur. Bu məsafənin 1 kilometr, yoxsa 20-30 kilometr təşkil etməsi tərəflər arasındakı razılaşmadan asılıdır.

Bununla da Ermənistan Azərbaycanın 44 günlük müharibədən sonra bərpa etdiyi sərhədlərdən, strateji yüksəkliklərdən çıxması, Qazax və Sədərək rayonlarının işğal altındakı səkkiz kəndini ilhaq etmək məqsədi güdür. Təbii ki, bu cür “yol xəritəsi”nə əsaslanan sülh Azərbaycan üçün qəbuledilməzdir.

Üçüncü bənddə qeyd edilir ki, “Kommunikasiyaların açılması ölkələrin suverenliyi və yurisdiksiyası əsasında olmalıdır”. Bununla da bəyanat müəllifləri Zəngəzur dəhlizinin Ermənistanın suverenliyinə və yurisdiksiyasına zidd olduğunu bildirir. Yəni tərəflər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında hərəkətin yalnız yoldan istifadə etməklə təmin olunmasını mümkün hesab edir və bölgədə dəhlizin yaranmasına şərait yaradacaq eksterritoriallığa qarşı olduqlarını bəyan edirlər.

Eksterritoriallığın aradan qalxması ərazi üzərində Ermənistanın yurisdiksiyasını və suverenliyini tam həyata keçirməsi deməkdir. Beləliklə, Zəngəzur dəhlizindən təhlükəsizliyin təmin olunmasına Rusiyanın deyil, Ermənistan qoşunlarının nəzarət etməsi ilə bağlı Paşinyanın təklifi dolayı yolla dəstəklənir.

Göründüyü kimi, Qranada bəyanatı Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla kommunikasiyaların açılmasına əngəl törədir ki, bu cür “yol xəritəsi” Azərbaycan üçün qətiyyən məqbul deyil.

Cebheinfo.az




Paylaş:


Müəllif : Tarix:
21-10-2023, 09:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər